xəstəlik

Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə…

Baxış sayı: 1. 753

Soyuqdəymə xəstəlikləri və qripp zamanı sağalmanı tezləşdirmək üçün bu kimi qaydalara əməl etmək lazımdır:

– İşə çıxmayın. İşlə bağlı olan yorğunluq, stress və s. immun sistemini daha da zəiflədir ki, nəticədə sağalma ləngiyir və xəstənin vəziyyəti daha da ağırlaşır.

– Evdə daha çox uzanmağa və dincəlməyə çalışın. Nənələrimizdən biz tez-tez eşidirdik ki, xəstə nə qədər çox yatarsa, o qədər tez sağalar. Bu həqiqətən belədir.

– Üstünüzü isti örtməyin. Bu yalnız hərarətin yüksəlməsinə səbəb olacaq. Yüngül geyinin.

– Daha çox maye qəbul etməyə çalışın. Bu orqanizmdə xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri xaric edəcək və xəstənin vəziyyəti yüngülləşəcək. Bal və limon əlavə olunmuş ilıq su, moruq, zoğal mürəbbəsi ilə çay, quru meyvələrdən bişirilmiş kompot, çobanyastığı dəmləməsi və s. sizə çox yaxşı kömək edəcək. Maye isti yox, ilıq olmalıdır. Mayeni daha tez-tez və az-az için.

– Qida yüngül olmalıdır. Xəstə yemək istəmirsə, onu zorla yedizdirmək olmaz. Toyuq bulyonu xəstəlik zamanı çox yaxşı seçimdir. Toyuq bulyonu orqanizmə hətta müalicəvi təsir edir.

– Evin havasını tez-tez dəyişmək və nəmləndirmək lazımdır. Hal hazırda xüsusi nəmləndirici cihazlar var. Belə cihaz yoxdursa, sadəcə evin döşəməsini gün ərzində bir neçə dəfə nəm əski ilə silmək lazımdır. Bu selikli qişaların normal fəaliyyəti üçün çox vacibdir. Öskürək, zökəm zamanı orqanizmdən seliklə birlikdə mikroblar, toksinlər ifraz olunur. Lakin selikli qişaların normal fəaliyyəti üçün onların nəm olması çox vacibdir. Evin havası həddən artıq quru olanda, selikli qişalar quruyur və öz vəzifəsini yerinə yetirə bilmir.

– Bədən hərarəti 38,5 C çatmayıbsa, hərarətsalan dərmanlardan istifadə etməyin. Bədən hərarətinin yüksəlməsi orqanizmin qoruyucu reaksiyasıdır ki, bu zaman bizim immun sistemimiz daha fəal işləyir, infeksiya ilə daha aktiv şəkildə mübarizə aparır. Hərarəti salıb, siz immun sisteminin işinə “qarışırsız” və sağalmanı ləngidirsiz. Təbii ki, hərarət 38,5 C və bundan artıq olduqda hərarətsalan dərmanlardan istifadə etmək lazımdır.

– Soyuqdəymə və qripp antibiotiklərlə müalicə olunmur! Ümumillikdə həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməyin.

– Əgər 4-5 gündən sonra vəziyyətiniz yaxşılaşmasa və ya əksinə daha da ağırlaşsa, bu yaxşı əlamət deyil. Mütləq həkimə müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir