Gündəlik istifadə etdiyimiz ictimai nəqliyyatda “bir az mehriban olun”, “bir-birinizə yaxın durun” kimi sözləri hər gün eşidirik. Amma bu “mehribançılıq” çox vaxt kişilərin əks cinsə qarşı xoşagəlməz davranışları ilə nəticələnir.
Bunu bütün kişilərə şamil etmək olmasa da, əksər hallarda metroda, avtobusda kişilərin xanımlara qarşı təcavüz xəbərlərinə tez-tez rast gəlirik.
Səbəb nədir? Kişilər niyə bu iyrənc əmələ əl atırlar?
Psixoloq Elmir Əkbər hesab edir ki, dünyanın bir çox ölkələrində bu kimi hallara rast gəlinir. Onun sözlərinə görə, insanlar intim fantaziyalarını istədikləri qədər realizə edə bilmədikləri üçün təcavüzə əl atırlar.
“Bizdə mentalitetə uyğun olaraq qapalılıq var. Hətta ər-arvad hansısa intim istəklərini bir-birinə deməyə utanırlar. Bu da ona səbəb olur ki, həmin şəxslər qeyri-adekvat formada bunu həyata keçirməyə çalışırlar. Bəzi insanlar cinsi meyil pozuntuluğu var. Hətta onlar arasında elələri var ki, ictmai yerdə qəfildən özünün intim nahiyələrini açıb göstərir. Onlar bundan zövq alırlar. Bu da intim meylin pozulmasından xəbər verir. Halbuki, həmin insana qadınlar tərəfindən normal intim həyat yaşamaq təklif olunsa, bu, onun üçün o qədər zövqlü olmaz”.
Psixoloqun fikrincə, üçüncü kateqoriyada tərbiyə deffekti olan insanlar yer alır. : “Məsələn, elə şəxslər var ki, heç təbii ehtiyaclarını ödəmək üçün evə gedib çatmağını gözləmədən küçəni murdarlayırlar. İctimai nəqliyyatda qadınlara qarşı əxlaqsız hərəkət edənlər də belə insanlardır”.
Təəssüflər olsun ki, gənclərlə bərabər yaşlı nəslin də ictimai nəqliyyatda bu cür əxlaqsız hərəkətlər etdiyini deyən psixoloq bunu yaşlı insnalarda psixiki pozğunluq kimi qiymətləndirib: “Yaşlı müğənnilər var ki, ağıldan uzaq, axmaq fikirlər səsləndirirlər. Düzdür, yaşlılardan soruşanda deyirlər “bu heç cavanlığında da bir zibil olmuyub”. Amma o vaxt özünü bir az gizlədirdi. Elə ki, yaşlandı, cavanlıqda şüuraltındakı olan bütün qüsürlar ortaya çıxır”.
E.Əkbər əlavə edib ki, psixologiyada hələ ki, bu kimi cinsi pozuntuların müalicəsi tapılmayıb.
“Uzun illərdir dünya podofilləri müalicə üsullarını atxarır. Əvvəl onları sterilizasiya (axtalamaq) təklif olunsa da, etirazlara səbəb oldu. Psixoloqlar bildirdi ki, cinsi arientasiyası pozulmuş insanlara bu kimi cəza tətbiq olunsa, onlar daha da aqressivləşər və insanları öldürə bilərlər. Odur ki, bu metodu da saxladılar”. (Azvision.az)