melek

Kişilər üçün etiraf

Baxış sayı: 1. 841

Mələk HEYDƏROVA

İntihar, ağır səslənir, deyilmi?

Ümumiyyətlə kişiyə ailə niyə lazımdı? Evində isti yeməyi, paltarının təmiz olması, evə gəldiyi zaman qapını üzünə kiminsə açması… Ailə dedikdə ilk ağla gələnlər bunlardı. Əslində isə…

Məsələ göründüyündən daha dərindi. Aydınlaşdırmaq üçün bəlkə “kişiyə ailə niyə lazımdır” sualını hər aspektdən təhlil edək?

Hə, düşünə bilərsiz, bir qadın bu suala necə cavab verəcək, hərçənd ki, cavabı kişilərin çoxu bilmir. Daha düzünü desək, bu sualın ətrafında o qədər də düşünməyiblər.

Müəyyən yaş həddinə çatdıqda cəmiyyətin “qanunlarına” əsasən evlənmək dövrü yetişən hər bir gəncin evlənmək məsələsi ailələrdə ciddi müzakirəyə səbəb olur. Müzakirənin gedişatını və nəticəsini “olmalıdı” kimi qəbul edən “gənc” kişilər məsələ ilə bağlı heç bir fikir bildirmədən razılaşırlar. Təbii, bu gedişat da kişinin “ailə mənə niyə lazımdı” sualı ətrafında düşünməsinə imkan vermir. Artıq illər-əsrlər öncə baba-nənələrimiz onun yerinə düşünüb, qərar veriblər. Bu da ayrı bir ay mövzüdü. Keçək əsas məsələyə.

Hə, əziz kişilər…

“Ailə-uşaq” var düşüncəsi sizi bir çox xəta-bəladan qoruyur. Seçimin istər sevdiyin, istərsə də sevmədiyin bir qadın olsun. O qədər də fərq eləmir.

“Ailə” statusu həyatının ən önəmli anlarında dadına çatır. Ailə sahibisənsə, demək güvənilir və yetişkin insansan. Demək ki, həyatın çətinliklərini görmüş kəssən. Ailə-uşaq sahibi olman dostlarının və qohumlarının  yanında səni bir pillə öndə göstərir. İşdən çıxarılma qorxusu belə olsa:  “Ailəsi var, 2 uşaq atasıdı” – deyib səndən yan keçirlər. Hərəkətlərinə cavanlığında nə qədər məhəl qoymasan da, evlilik səni bir çox hallarda dəyişir. Özündən başqa kiminsə gələcəyini düşünürsən, məsuliyyət nədi anlayırsan. Qayğını görürür, qayğı göstərməyi öyrənirsən. Nail olmaq istədikərinin bir çoxu məhz “arvad-uşaq” ilə bağlı olur. Övladına gözəl gələcək vermək istəyi səni daha çox işləməyə, dayanmadan çalışmağa vadar edir. Özün üçün çox şey istəmirsən, amma uşağın və qadınına ən yaxşı həyatı bəxş etməyə çalışırsan. Və bu da sənin uğurlarına səbəb olur.

Hər pis fikrinin arxasından “ailəm var” deyib qaçırsan.

Ən pis anlarında ailəni düşünüb özünü toparlayırsan.

Pis vərdiş “içkinin” qədərini belə ailənə görə tənzimləyirsən.

Bunlar ailənin sənə verdiyi xeyirlərdi. Bilirəm, deyəcəksən ki, yaxşı intiharın buna na dəxli var?

Statiskaya baxaq:

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, hər il dünyada 1 milyondan artıq insan intihar edir. İntihar edən kişilərin sayı qadınlardan 4 dəfə çoxdu. İntihar edənlər arasında isə subayların, daha dəqiqi, “tək “ yaşayan insanların sayı ailəli insanların sayından 3 dəfə çoxdu.

Əlbəttə, tək yaşamaq, heç kimin səni gözləməməsi insanı vahiməyə salır. Xüsusilə də sənin birinə ehtiyacın olduğu zaman…

Əlqərəz, intiharla bağlı dünya statıskasında Qafqaz ölkələri ən sonuncu yerdədi. Azərbaycan da… Bunun səbəbinə isə Respublikanın baş psixiatrı Gəray Gəraybəyli müsahibələrinin birində belə aydınlıq gətirmişdi:

“Qafqaz və Asiya ölkələrinin intiharla bağlı dünya statıskasında ən axırıncı yerlərdə olmasının səbəbi ailə adət-ənənələrinin hələ də qorunması, qohumluq əlaqələrinə bağlılıq, dini baxışların olması ilə əlaqəlidi. Bu isə insanların daha mərhəmətli, ünsiyyətcil, ailələrinə və ətraf mühitə qarşı diqqətli olmasına gətirib çıxarır. Problemi olana insanlar daha qayğı ilə yanaşır, diqqət göstərərək, kömək olmağa çalışırlar. Bu isə intihara cəhd etmək istəyən insanlar üçün vacib amillərdin biridi”.

Azərbaycan da intihara ən çox cəhd edənlər 19-20 yaşlarındakı gənclərdi. Digər ölkələrdə isə intihar edən kişilərin yaşı 30-50 arasındadır.

Gənc yaşlarda intiharın əsas səbəbi kimi sevgi göstərilirsə, orta yaşlarda intihara səbəb sosial statusun itirilməsi, işindən olması və yaxud yaxın adamın itirilməsi göstərilə bilər. Məhz belə anlarda insan yaxın bildiyi, onu anlayan birilərinə ehtiyac duyur.

Sözümün canı…

Azərbaycanın intiharla bağlı statistikasına baxanda dünya ölkələrindən fərqləndiyini anlayırıq.

Azərbaycanlıların intihara daha az cəhd etmələrinin əsas səbəbi kimi onların ailəyə və qohumlara bağlılığını göstərmək olar. Çünki kişi nə qədər pis vəziyyətdə olsa da, ailə-uşaq daima onu dəstəkləyəcək, anlayacaq. Bir kişi həyatda və cəmiyyətdə çətin duruma düşsə belə, qadını ərinin yanında olacaq. Hətta anasına-atasına sinə gərəcək, hər kəsin üstündən xətt cəkib, ərinin tərəfini saxlayacaq. Kişi tərəfindən bu yanlışlıq xəyanət olsa belə…

Bəli, məhz bu məqamlar kişiyə güc verir, onun uğur qazanmasına səbəb olur. Kişi çox yıxıla bilər, əlindən tutan kiminsə olması onu bir daha ayağa durmağa çağırar, problemlərin öhdəsindən gəlməyə həvəsləndirər. Kişi çöldə-bayırda nə qədər təklənsə də, evdə onu gözləyən və daima tərəfini saxlayan birilərinin olduğunu bilməsi həyatına son vermək kimi fikirlərin ağlına gəlməsinə imkan vermir. O, məhz ailəsinə görə yaşayır, övladına görə dik durmağa çalışır.

Burda deyiblər: “Qadın böyük qüvvədi…”

Yazılanlar və yazılmayan bütün fikirlər, sətiraltı anladığınız hər düşüncə sırf Azərbaycan kişilərinə aiddir. Bəli, Azərbaycan kişisi çox fərqlidi…

Əziz kişilər, bir çox hallarda qadının dəyərini anlamasanız da, ailəyə sahib çıxmaq duyğusu, onu qorumaq çabası sizdə həmişə olub. Məhz buna görə də, sizi sevməyə dəyər.

Sizin üçün yazdım…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir