2015-ci ilin birinci yarısında əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən 9 azərbaycanlı uşaq övladlığa götürülüb. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, övladlığa götürülən 9 uşaqdan 2-si qız, 7-si isə oğlandır.
“Əcnəbilər və vətandaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülən uşaqlardan biri 1 yaşa qədər olan körpə, biri isə 5 yaşında uşaqdır. Onların hər ikisi oğlandır. 6-10 yaş arası 3 uşaq övladlığa götürülüb ki, bunlardan 1-i qız, 2-si oğlandır. 11-18 yaş aralığında isə 1-i qız, 3-ü oğlan olmaqla 4 uşaq övladlığa götürülüb”.
Lakin Statistika Komitəsindən həmin uşaqlardan neçəsinin fiziki qüsurlu olması haqqında məlumat verilməyib. Belə ki, hər zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qeyd edilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilən uşaqlar əvvəlcə Azərbaycan ailələrinə göstərilən və bəyənilməyən uşaqlar olur. Onların əksəriyyəti isə fiziki qüsurlu uşaqlar olur.
Azərbaycanda övladlığa götürmə iki qaydada – yerli və beynəlxalq övladlığa götürmə prosesi ilə həyata keçirilir. Xarici vətəndaşlarla bağlı övladlığa götürmə prosesi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 3 yaşına qədər uşaqların övladlığa verilmə prosesi Səhiyyə Nazirliyi, 3 yaşdan böyük uşaqların övladlığa götürmə məsələləri isə Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Beynəlxalq övladlığa götürmə prosesində uşaqlar üçün heç bir yaş həddi nəzərdə tutulmayıb.