evlilik

Erkən nikah: Valideyn məsuliyyətsizliyi, yoxsa?

Baxış sayı: 2. 370

Bu ilin 9 ayında polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb. Erkən nikahlar bəzən valideynlərin, bəzən isə uşaqların öz istəyi ilə olur. Amma bütün hallarda erkən nikah valideyn məsuliyyətsizliyinin nəticsidir.

Azərbaycanda 1999-2013-cü illər ərzində nikaha daxil olan qadınların ümumi sayında yaşı 18-dək olan qızların sayı ən çox 1999-cu ildə (7,1 faiz) qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə yaşı 18-dək olan qızlarla nikaha girənlərin sayı 295, 2013-cü ildə isə 229 nəfər olub.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, erkən nikah uşaqlara cinsi təcavüzdür. “Erkən nikah hələ tam formalaşmamış bir gənc qızın sağlamlığına, psixologiyasına və gələcək həyatına vurulan travmadır. Gənc qızlar erkən nikaha daxil olarkən ailəsinin, özünün, eləcə də dünyaya gətirəcəyi körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücdə olmur. Bəzən isə o, sadəcə uşaq böyüdür və bu da qeyri-ixtiyari olur. Yəni azyaşlı ana vətəndaş böyüdə bilmir”.

Həmsöhbətimiz bildirir ki, əksər valideyinlər qız övladına artıq yük kimi baxır və ona kapital qoymaq istəmədiyindən, elə az yaşı olarkən ərə verirlər. “Erkən yaşda ərə verilmək məsuliyyətdən boyun qaçırmaqdır. Eyni zamanda, erkən nikah qadını daim əsarət altında saxlayır. Qız ərə getməyə tam hazır olanda ərə getməlidir”.

Çox zaman erkən qurulan ailələr dağılır və ya rəsmi nikah olmadığı üçün dünyaya gələn körpələr sənədsiz qalır. Psixoloq Rafiq Allahverdiyevin sözlərinə görə isə gənclərin özü erkən nikaha meyllidir. Erkən nikah həmişə cəmiyyətin aktual problemi olub. Lakin onun qarşısının alınması psixoloji cəhətdən mümkün deyil. Çünki məhz həmin yaş dövründə sevgi hissi yaranmağa başlayır: “Təsadüfi deyil ki, 12-14 yaş dövründə olan gənclər daha yetkin yaş dövrünə nisbətən sevgi naminə özlərinə xəsarətə daha şox meyllidirlər. Lakin valideynlər tərəfindən erkən nikaha qadağalar bir qayda olaraq onların təhsillərinin, stabil qazanc mənbələrinin, yaşayış yerlərinin olmaması kimi səbəblərlə əlaqələndirilir. Həmin yaş dövrünün spesifik cəhətlərindən biri də onlara qarşı qadağalara etirazla yanaşmaqdır”.

Psixoloq bildirir ki, erkən nikahın müxtəlif səbəbləri var: “Birinci və ən əsas səbəb yetkinlik yaş dövründə əks cinsə həvəsin formalaşmasıdır ki, həmin yaş dövründə uşaqlarda situasiyanı adekvat qiymətləndirmə imkanları çox zəif olur. Onlar maddi vəziyyəti, ev problemini, dolanışıq vasitələrinin təmin olunma vacibliyini dərk etmə imkanına malik olmurlar. Həmin yaş dövründə yeniyetmələrdə təhtəlşüurda valideyn himayəsinə arxayınlıq, etibar hissi üstünlük təşkil edir. Onlar hesab edirlər ki, valideynləri onları saxlamağa borcludurlar və mütləq saxlayacaqlar”.

Müsahibimizə görə, erkən yeniyetməlik yaş dövründə uşaqlarda azadlığa, sərbəstliyə hədsiz meyl yaranır ki, onlar ata evinə sanki bir türmə kimi baxmağa başlayırlar. Bu da onlara erkən nikah qurmağa təkan verir. Xüsusilə də qızlarda. Bəzi hallarda isə erkən yeniyetməlik yaş dövrünün psixoloji keyfiyyətlərindən biri öz əvvəlki sevdiyinin acığına ağılagəlməz hərəkətlərin həyata keçirilməsi dominantlıq xarakter daşıyır. Ona görə də onlar hətta erkən nikaha əl ata bilirlər. “Bütün bunlarla yanaşı, yenə də fərdi xüsusiyyət və münasibətlər erkən nikahda öz təsirini göstərir. Lakin təəssüflər olsun ki, əksər valideynlər yeniyetmələrin bu kimi psixoloji xarakter xüsusiyyətlərinə məhəl qoymadan onlara kortəbii qadağalar qoyurlar”.

Mütəxəssislər hesab edir ki, belə məqamlarda valideynlər gənclərə olduqları vəziyyətin digər tərəflərini izah etməli və qərar verməsində yardım göstərməlidirlər. Çünki yeniyetmədə ailə haqqında məlumat tamamilə başqa olur.

Allahverdiyev onu da qeyd edib ki, indiki dövrdə valideyn təkidi ilə çox az qadın ailə qurur. Yəni erkən nikahı artıq gənclər özü seçir.

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir