cbcab75beda8d8ef7d9ca478953fe50c

“Adının qabağında minus qoyulmuşdu… dünya başıma uçdu…” – İTKİN NEFTÇİNİN AİLƏSİNDƏN

Baxış sayı: 2. 108

Atalar üçdən deyib. Canbaxış Əhmədov yaxasını düz iki dəfə ölümün əlindən qurtara bilib. Üçüncü də isə…

Söhbət “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə yanğın zamanı itkin düşmüş neftçilərdən biri – 53 yaşlı Canbaxış Əhmədovdan gedir. Yaxınları, dost-tanış arasında Coni kimi tanınırmış.

Balaxanının narahat yollarından keçib Əhmədovların evinə çatdıq. Demək olar, bütün kənd onun bu balaca kasıb evinə toplaşmışdı. Otaqda insan əlindən tərpənməyə imkan yoxuydu. Ömür-gün yoldaşı Mətanət Əhmədova telefonları qarşısına düzüb, masanın başında əyləşmişdi. Hər zəng gələndə ərindən bir xəbər var deyə ümidlə dəstəyi qaldırır, hər dəfə qohum-əqrəbanın təsəlli dolu sözlərini dinləyir, kövrəlir, yanımızda əyləşmiş oğluyla göz-gözə gələndə qamətini düzəldir, “Allah böyükdür!” deyirdi.

Canbaxış Əhmədov 1996-cı ildən neftçi işləyir.

– Oğlumuz dünyaya gələcəkdi. İş axtarırdı. Fevralın 14-də işə başladı, 21-də Fikrət dünyaya gəldi. Görün nə qədər buruq var? Hamısında işləyib. Elektrik-qaz qaynaqçısı idi.

Mətanət xanım qəza baş verən günü belə xatırlayır:

– Ayın 5-i səhər evə gəlməliydi. 4-ü axşam bu faciə baş verdi. İndi baxıram ki, qəza baş verməzdən əvvəl mənə zəng edib, işdə olmuşam, görməmişəm. Gəldim evə. Uşaqlardan soruşdum, atanız zəng edib? Hər axşam mütləq zəng edir. Dedilər, yox. Zəng etdik, telefonuna zəng çatmadı. Dedim, yəqin telefonun “zaryadka”sı bitib. Bir azdan zəng edər. Sonra qardaşımın yoldaşı zəng elə ki, bəs Neft daşlarında hadisə baş verib, Canbaxış ordadı? Dedim, yox. “Yox” desəm də, ürəyimə qorxu düşdü. Uşaqlara dedim, açın kompüteri, görək nə baş verib. Gördüm, Neft daşlarında budka uçub, üç neftçi itib. Ağladım, dua elədim onlar üçün. Axtarırdım başqa şey oxuyum, gördüm yazıblar ki, “Günəşli”də yanğın olub. Dəqiq bilmirdim, Canbaxış o yataqdadı, ya yox. Nömrəni bilmirdim hansındadı. Gecə saat 2-də SOCAR-ın saytından əlaqə nömrələri tapdıq, zəng elədik. Adını-soyadını deyən kimi dedilər, yanğın olan buruqda olub. Amma narahat olmayın, təxliyə olunublar, gəmidədirlər.

Qərargahdan “narahat olmayın” desələr də, o gecəni heç biri göz qıpmır, dörd gözlə səhərin açılmasını gözləyirlər. Səhər Mətanət xanımın qardaşı onlardan xəlvət təkrar qərargaha zəng edir və 30 neftçinin itkin düşdüyünü, Canbaxışın da onlar arasında olduğunu öyrənir.

– Qardaşım desə də inanmadım, getdim Zığdakı idarəyə. Bir kişinin əlində siyahı vardı. Yarısının qabağına “plyus”, yarısına “minus” qoymuşdu. Canbaxışın adının qabağında minus qoyulmuşdu. Dünyam başıma uçdu…

Canbaxış Əhmədov həmin o qırılıb dənizə düşən qayıqda olub.

– Canbaxış elə-belə oğul deyildi. Canlara dəyərdi. İyirmi ildi ailəliyik, bir dəfə onun bir sözündən incimədim. İncitmədi. Varsa-yoxsa, ailəsiydi. Uşaqları ilə nəfəs alırdı. Çox yaxşı ata idi.

– Neçə gün idi dənizdəydi?

– Ayın 5-i səhər gəlməliydi. Sonuncu dəfə ayın 3-də danışmışdıq. Axşam 11-in yarısı olardı. Həmişə oturardıq evdə, nə zaman Canbaxışın adını çəksək, elə bil hiss edirdi, dərhal zəng edirdi. Neçə gündə adı dilimizdən düşmür. Hardasan, ay Canbaxış, niyə zəng eləmirsən?

Əgər o gün bu hadisə baş verməsəydi, indi o da evində, ailəsinin başında olacaqdı. Bayaqdan bəri sakitcə oturub anası dinləyən Fikrət:

 

– On beş gün dənizdə olurdu, on beş gün evdə. 19 ilin yarısını atamın üzünü görmədim mən.

Yenə zəng gəlir. Telefonunu əlinə alıb baxır.

– Görəsən, o gün zəng edəndə nə demək istəyirdi? Mənə nə deyəcəkdi ki, sözü ürəyində qaldı? Bəlkə də…

O gün cavab vermədiyi zəngin peşmanlığını yaşayır. Hönkürür və harasa zəng edir.

– Hələ də zəng çatmır. O gündən bəri elə hey yığıram… Mən möcüzəyə inanıram! Allah möcüzə yaradacaq. Canbaxış gələcək, bilirəm. Hiss edirəm, o yaşayır. Balalarını yetim qoymaz, gələcək. Allah iki dəfə möcüzə yaradıb. 1996-ci il olardı. Vertolyotla dənizə gedəsiydilər. Nəyisə çantasına qoymamışdım. Uşaqlar balacaydı, həyətdə paltar yuyurdum. Geri qayıdıb qışqırdı üstümə. Tez gətirib verdim. Avtobusun birinə çatmadı, ikinciylə getdi. Yarım saat keçərdi, ya keçməzdi, gördüm həyət qapısı döyülür. Çıxdım ki, yenə qayıdıb. Gördüm, ağlayır. Dedi, uşaqlar öldü, mən qaldım. Sən demə, Canbaxışın da getməli olduğu vertolyot qəza eləyib, içindəkilər də ölüb. İkinci dəfə Canbaxışın adını yaddan çıxıb siyahıya salınmadığından buruğa getməmişdi. Həmin buruqda da yanğın çıxmışdı. Ölənlər olmuşdu. Allah iki dəfə onu ölümdən qorumuşdu. Atalar üçdən deyib. Bu dəfə də qoruyacaq. Mən buna inanıram!

 

Bir il əvvəl ürək əməliyyatı keçiribmiş. Ürəyinə stend qoyublar. Xəstəxanada yatandan sonra vəziyyəti qısa müddət ərzində yaxşılaşıb və ara sıra şikayətləri olsa da, o yenidən işinə – dənizə qayıdıb.

 

Sən demə, Əhmədovlar ailəsi apreldə toya hazırlaşırmış.

– O gün zəng elədi ki, iki seçimim var. Ya yanvarda, ya da aprelə məzuniyyət götürə bilərəm. Dedim, yanvarı neynirsən? Aprelə götür, əlimizdəki işimizi görək. Böyük oğlumla qızım nişanlıdı. Əvvəl Fikrətin toyunu edəcəkdik. Fikrimiz beləydi.

“On beş yaşında çörək pulu qazanıb”, deyə Canbaxışın böyük bacısı Dilarə xala söhbətə qarışır:

 

– Kasıbçılıqdan otuz iki yaşında evləndi. On iki ildi bir evi tikdirib başa çıxara bilmədi ki, oğlunu evləndirə, qızını köçürə. Görəsən, nə hiss edib? Son anda nə deyib? Kimi çağırıb qardaşım?

 

Mətanət xanım sözünə davam edir:

 

– Neçə aydı elə hey mənə deyirdi ki, səni hazırlayıram. Soruşurdum, nəyə? Deyirdi, mənim yoxluğuma və başlayırdı gülməyə. Sonra deyirdi, biz qışda ölürük ha, hazır ol.

 

Canbaxışın bacısı da, qardaşı da qışda dünyasını dəyişib. O da öz ölümünü qışda gözləyirdi…

lent.az

 





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir