evlilik

Bu yazı evli olanlar və evlənmək istəyənlər üçündür!

Baxış sayı: 1. 701

Nikah ailə quran tərəflər arasında bir növ razılaşmadır. Həqiqətən də, bu razılaşma insanın həyatında imzaladığı ən böyük müqavilədir. Son dövrlərdə ölkəmizdə artan boşanmalar narahatlıq doğurur. Bu, həqiqətən də, çox üzücü gerçəkdir. Səbəbini düşünəndə ağlıma belə bir fikir gəlir ki, ailə quran fərdlər öz vəzifələrini və hüquqlarını doğru-düzgün bilmədikləri üçün sonradan problemlər yaşayırlar. Yəni ailə qurmaq üçün boy-buxun, qaş-göz gözəlliyi yetərli deyil. İnsan nikah şəhadətnaməsinə qol çəkərkən hansı vəzifələri boynuna götürdüyünü dəqiq bilməlidir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) evlənən gənclərə dönə-dönə tövsiyə edib ki, görüşüb söhbət etsinlər, bir-birini yaxından tanısınlar. Təəssüf ki, bugünkü gənclik məsələyə tamam başqa prizmadan baxır, ona görə də boşanmaların sayı artıb. Həyat yoldaşı Allahın əmanətidir. Əgər bir ər öz xanımına Allahın əmanəti kimi baxarsa, heç vaxt ona qarşı haqsızlıq etməz, çünki bilər ki, bu əmanətin Sahibi var və bir gün ondan hesab soruşacaq.

Qurani-Kərimdə də, hədisi-şəriflərdə də bu mövzuda çox açıq bəyanlar mövcuddur. Hətta Peyğəmbərimiz buyurur ki, sizin ən xeyirliniz öz ailəsi üçün xeyirli olanınızdır. Özünüz təsəvvür edin: əgər siz evdəki xanımınızı Allah-Təalanın verdiyi bir əmanət kimi görərsinizsə, həqiqətən də, ona qarşı haqsızlıq etməyi ağlınıza belə gətirməzsiniz, çünki Allahın əmanətinə haqsızlıq etmək insanın, ilk növbədə, özünə xəyanətidir.

Ola bilsin ki, nikah mərasimləri rəsmiləşdirilməli və oraya bir çox yeniliklər əlavə edilməlidir. Yəni tərəflər o şərtləri yazılı olmasa da, şifahi şəkildə ya öz aralarında, ya da ağsaqqallar qarşısında qəbul etməlidirlər. Ola bilsin ki, evlənməyə hazırlaşan qız yaxın gələcəkdə ailənin bütün hakimiyyətini ələ keçirmək niyyətindədir. Əgər qarşı tərəf də bir qədər mülayimdirsə, yəni tabe olmağa meyillidirsə, əlbəttə, bir neçə ildən sonra münasibətlərin pozulması sürpriz sayılmamalıdır.

Ailədə ərin də, arvadın da əxlaqımız, dinimiz tərəfindən təsbit edilmiş və min il boyunca o yuvanı isidə biləcək qanunlarımız, dəyərlərimiz var. Dediyimiz odur ki, evlənənlər hər şeyi razılaşdırsalar, öncədən vəzifələrini, haqlarını bir-birinə etiraf etsələr, daha yaxşıdır. Yəni şərti şumda kəssinlər ki, xırmanda yabalaşmasınlar. Unutmayaq ki, ayrılmaq dinimizə görə halal sayılsa da, bu, Allah-Təalanın sevmədiyi bir halaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir