Ərlə arvadın düşüncələri fərqlidirsə, nə etməli? – Psixoloq məsləhəti

Baxış sayı: 1. 392

Evlilik iki fərqli şəxsin bir arada yaşamaq bacarığıdır”, – deyən türkiyəli psixoloq Serap Duyğulu cütlüklərin baxış fərqinin münasibətlərə təsirini dəyərləndirib. “Gencaile.az” Aile.lent.az-a istinadən türkiyəli psixoloqun fikirlərini təqdim edir.

Evlilik iki fərqli insanın bir ömür boyu yaxşı və pis anlarda birlikdə olmaq, bir-birinə dəstək durmaq məqsədilə paylaşdıqları həyat yoludur. Bir yuva qurularkən əsas məqsəd uzun illər boyunca çiyin-çiyinə, kürək-kürəyə verərək çətinlikləri aşmaq, sıxıntıların birlikdə öhdəsindən gəlməkdir. İki ayrı ailədə fərqli mühitdə, fərqli insanlar kimi böyüyən iki şəxsin həmişə eyni şəkildə düşünməsi, eyni şeylərdən xoşlanması, ya da eyni dünyagörüşünə sahib olması əlbəttə ki gözlənilməzdir. Üstəlik, həyatı rəngləndirən tərəf də budur. Tərəflərdən birinin heç düşünmədiyi, sevmədiyi, görmədiyi bir şeyi digər tərəfin göstərməsi, fərqli pəncərə açması və dünyagörüşünü zənginləşdirməsi əhəmiyyətlidir.

Fərqli dünyagörüşlərinə sahib ola bilərsiniz

Həyat yoldaşınızdan fərqli düşünə, hətta onunla zidd düşüncələrə sahib ola bilərsiniz. Ancaq bu, onunla mübahisə edəcəksiniz anlamına gəlmir, çünki iki ayrı ailədə iki fərqli insan kimi böyüyən insanların fərqli düşünməsi normaldır. Bu fərqlilik uşaq böyütməkdən tutmuş, yemək zövqünə qədər hər sahədə qarşınıza çıxa bilər.

Siyasi görüşlərdə də fərqli düşünmək, hətta seçkilərdə fərqli partiya üzvlərinə səs vermək normaldır. Əsas məsələ odur ki, siz öz düşüncənizin doğru olduğuna nə qədər inanırsınızsa, qarşınızdakının da öz düşüncəsini doğru hesab etdiyini unutmayın.

Onu sizin kimi düşünməyə məcbur etməyin

Texnologiyanın inkişaf etdiyi bir vaxtda qadınlar da, kişilər də virtual olaraq hər şeydən xəbər alır və nə baş verməsini izləyirlər. Bir sözlə, artıq hər kəsin bir baxışı var və bir çoxumuz düşüncələrimizi başqa insanlarla paylaşır, mübahisə edirik. Mübahisə etmək dava salmaq demək deyil. Ailə məsələsində də tərəflərin diqqət etməli olduğu bir şey də budur ki, fərqli düşüncələriniz ola bilər, ancaq sizinlə əks düşüncədən olan həyat yoldaşınızın xarakteri, kimliyi, şəxsiyyəti, özünəxas baxışları olduğunu və onu sizin kimi düşünməyə məcbur edə bilməyəcəyinizi unutmayın. Bu, bir-birinə hörmət etməli olduğunuz deməkdir. Bir insanı sevməyə bilərsiniz, onunla münasibət qurmaya bilərsiniz, ancaq ona hörmət göstərməniz sizin də ictimaiyyət arasında yerinizi təyin edir.

Başqa insanlarla necə davranırsınızsa, o cür də davranışlarla qarşılaşarsınız.

Baxışlarınız fərqlidir deyə bir-birinizi incitməyin

Siyasi görüşlərdə fikir ayrılığı yaşamaq və fikirlərinizi müdafiə etmək üçün mübahisə etmək başqa, ancaq öz fikrinizi müdafiə etmək üçün başqasının düşüncələrini alçaltmaq, insanlarla dalaşmaq başqadır. Təəssüf ki, bəzən aradakı incə cizgi yox olur və həyat yoldaşları məhz bu məsələlərə görə bir-birinə düşmən kəsilirlər. Ancaq artıq ayrılmağa deyil, bütünləşməyə ehtiyac var.

Sizə çox bənzəyən, sizinlə eyni düşüncələri olan, sizin düşündüklərinizi təsdiqləyən, sizin hər istədiyinizə “hə” deyən biriylə yaşamaqla həyatı rəngləndirmək asan olmur.

Evlilikdə vacib olan ər-arvadın bir-birini olduğu kimi qəbul edib bir arada yaşamağı bacarmasıdır. Evlilik çətinliklərin öhdəsindən birlikdə gəlmək, xoşbəxt olmaq, həyatdan zövq almaq məqsədilə qurulan bərabərlikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir