Yeni texnologiyalar iş prosesini asanlaşdırır. Kompüter inqilabı nəticəsində, demək olar ki, bütün istehsal prosesləri avtomatlaşdırılıb. İndi mühasibin işini müasir mühasibat sistemləri olmadan, zavodun istehsal xəttini avtomatlaşdırma olmadan, sıravi vətəndaşı isə mobil telefonsuz təsəvvür etmək qeyri-mümkündür…
“Entrepreneur” nəşri isə işə mövcud yanaşmanı dəyişdirə bilən yeni texnologiyaların siyahısını təqdim edib.
1. Virtual reallıq
Tezliklə virtual reallıq sistemləri yalnız oyunlar üçün deyil, həm də başqa məqsədlər üçün istifadə olunacaq. Bu yaxınlarda “HoloLens” -artırılmış reallıq qurğusunu istehsal etmiş “Microsoft” şirkətinin nümayəndəsi bildirib ki, sözügedən cihazdan tibbi təcrübədə istifadə insan bədəni haqda daha çox öyrənməyə imkan verəcək və ya insanlara Marsda hərəkət etmək hissini yaşadacaq.
2. Robotlar
2014-cü ildə Massaçusets Texnologiya İnstitutunda keçirilmiş tədqiqat nəticəsində məlum olub ki, robotlar insanlara əmr etdikdə, onlarda iş səmərəliliyi yüksəlir. “Cibo”, “Musio” və “Cubic” kimi robotlar insanlara elektron məktublar göndərməkdə kömək, mühüm günlər haqda xəbərdarlıq edir, foto və video çəkirlər.
3. İnfraqırmızı şüa
İsrailin “Wi-Charge” adlı startapının həlli infraqırmızı şüanın köməyi ilə yığcam qurğuları yükləməyə imkan verir. Simsiz enerjidoldurma qurğusu tavanda qurulmuş kiçik ötürücü aparatdan ibarətdir və infraqırmızı şüa saçır. Bu şüalar elektrik generasiya edən qəbuledici qurğu tərəfindən “udulur”. Sözügedən həll smartfon, telefon, planşet, noutbuk və başqa mobil qurğuları enerji ilə doldurmağa imkan verir.
4. Daşınan texnologiyalar
Yeni daşınan cihazlar bir çox işlərdə kömək edəcək. Belə ki, “Caterpillar” şirkətinin şaxtaçılar üçün təqdim etdiyi xüsusi sensorlar bədbəxt hadisələrin qarşısını almaqdan ötrü yorğunluq səviyyəsini ölçür. Milli Futbol Liqasında istifadə edilən sensorlar zərbənin şlemə təsirini izləyir və idmançıları zədələrdən xilas edir.
5. “Bulud” texnologiyası
İntellekt sahəsi üzrə ixtisaslaşmış “Expect Labs” şirkəti nitqin tanınması elementlərini istənilən proqrama, sayta və ya cihaza inteqrasiya etməkdə kömək edən “MindMeld” “bulud” xidmətini hazırlayıb. Belə ki, şirkətin texnologiyasının köməyi ilə klaviatura və ya sensor ekrandan istifadə etmədən səsli komandalarla istənilən kompüteri idarə etmək olar.