yeni il

Dünya yeni ilə neçə nəfərlə keçəcək?

Baxış sayı: 1. 611

Dünya əhalisi sürətlə artır. 2016-ci ilin əvvəlində planetin sakinləri təxminən 7 milyard 391 milyon 68 min nəfər olacaq.

Almaniya Dünya Əhali Fondunun (DSW) məlumatlarına görə, 2015-ci ildə əvvəlki illə müqayisədə 83 milyon artım qeydə alınıb. Yəni, dünya əhalisi bu il ərzində təxminən Almaniya əhalisi qədər artıb.

Məlumatlara görə, dünya əhalisi hər saniyədə təxminən 2,6 nəfər artır.

Əhali artımı xüsusilə inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. Həmin ölkələrdə hər il 75 milyon qadın istəmədən hamilə qalır. Qadınların kifayət qədər maarifləndirilməməsi, hamiləlikdən qorunma tədbirlərinin kifayət qədər görülməməsi və gender bərabərliyindəki nöqsanların bu vəziyyətdə rol oynadığı ifadə edilir.

Fondun rəhbəri Renat Bahr deyib: “İnkişaf etməkdə olan ölkələrdə qorunmaq istəyən hər 4 qadından birinin bu imkanı olmur. Bu da 220 milyondan çox qadın mənasına gəlir. Xüsusilə gənc qadınların nə vaxt və nə qədər uşaq istədiklərinə qərar vermələri təmin olunmalıdır. O zaman yoxsul ölkələrdəki insanların vəziyyəti daha yaxşılaşacaq”.

Dünya Əhali Fondunun açıqlamasına görə, əgər dünya 100 nəfərin yaşadığı bir kənd olsaydı, bu kənddə hər 100 nəfərdən 16-sı afrikalı, 60-ı asiyalı, 10-u avropalı, 5-i şimali amerikalı olardı.

Fond “kənd” əhalisinin 2050-ci ilə qədər 133-ə çıxacağını proqnozlaşdırır. O zaman kənddəki hər 133 nəfərdən 33-ü afrikalı, 73-ü asiyalı, 10-u avropalı, 6 nəfər də şimali amerikalı olacaq.

Bütün əhali içərisində isə avropalı və asiyalıların nisbətinin azalacağı qeyd edilir. Bu halda avropalıların 10 faizdən 7,5 faizə, asiyalıların nisbəti isə 60 faizdən 54,8 faizə düşəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir