Qoyun ilini yola salıb, meymun ilini qarşılamağımıza bir neçə saat qalır. Yeni il bayramının ən əsas rəmzi şaxta baba olduğundan şaxta baba obrazında olan insanları son günlərin ən populyar siması saymaq olar. “Gencaile.az” saytı olaraq, bəzi yerli futbol adamları ilə əlaqə saxlayıb Azərbaycan futbolunun şaxta babasını seçməyi xahiş etdik. Görək, kim hansı həmkarını şaxta baba obrazına uyğun görür. Beləliklə, keçirdiyimiz bu qeyri-adi sorğunu sizə təqdim edirik:
Arif Əsədov (“Neftçi”nin sabiq baş məşqçisi): “Futbolçulardan “Qəbələ”nin və milli komandanın üzvü Ruslan Abışov, məşqçilərdən isə Böyükağa Ağayev şaxta baba obrazına uyğun gəlir. Xüsusən Böyükağa Ağayev maraqlı əhvalatları ilə insanlarda pozitiv əhval-ruhiyyə yaratmaq bacarığına malikdir ki, bu səbəbdən də onun adını qeyd etdim”.
Fərrux İsmayılov (“Bakı”nın məşqçisi): “Əvvəla, bütün xalqımızın yeni ilini və həmrəylik günü münasibəti ilə təbrik edirəm. Siz jurnalistlərin də qələmi iti olsun. Sualınıza gəlincə, boyu hündür olduğuna görə şaxta baba obrazına milli komandamızın keçmiş qapıçısı Cahangir Həsənzadə uyğundur”.
Samir Əliyev (Milli komandamızın sabiq üzvü): “ Mən məşqçilərdən heç kəsi şaxta baba kimi görmürəm. Futbolçulardan isə “Neftçi”nin qapıçısı Aqil Məmmədov şaxta baba ola bilər”.
Kamal Quliyev (“Neftçala” klubunun baş məşqçisi): “Düzü, bu elə bir sorğudur ki, kimin adını çəksəm, məndən inciyə bilər. Ancaq yəqin ki, “Sumqayıt”ın çalışdırıcısı Samir Abbasov məndən küsməz. Odur ki, onun adını çəkə bilərəm”.
Samir Musayev (“Qarabağ”ın məşqçisi): “Demək olar ki, elə hamısı şaxta babadır. Bircə qar qızları çatmır. (gülür- red) Sualınıza cavab olaraq Əsgər Abdullayev və Kamal Bayramovun adını çəkə bilərəm. “Neftçi”nin çalışdırıcısı baş məşqçilər arasında ən yaşlı mütəxəssis olduğuna, “Zirə”nin qapıçısı Kamal Bayramov isə xoş xasiyyətinə və hamı ilə dil taptığına görə şaxta baba ola bilər”.
Rail Məlikov (AZAL-ın müdafiəçisi): “Mənim fikirimcə, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov, həmçinin komanda yoldaşım Tagim Novruzov ola bilər”.
Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “”Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev və “Kəpəz”dən Tural Axundovun adını qeyd edə bilərəm. Ağlıma ilk olaraq gələn və şaxta babaya bənzərliyi olan futbol adamları onlardır”.
Xəqani Məmmədov (“Qəbələ”nin U-15-in baş məşqçisi): “Bu qeyri-adi sorğu olduğundan mən də bir az qeyri-adi şəkildə cavab vermək istəyirəm. Məncə, futolumuzun şaxta babası Qurban Qurbanovdur. Şaxta baba hədiyyə verməsi ilə diqqət çəkdiyi kimi, “Qarabağ”ın baş məşqçisi də Azərbaycan futboluna yeni istedadlar bəxş edir. Bu, bir növ onun ölkə futboluna hədiyyəsidir”.
Cahangir Həsənzadə (Milli komandamızın keçmiş qapıçısı):”Məncə, şaxta baba üçün ən uyğun futbolçu Ramal Hüseynovdur. Onun saqqalı şaxta baba olmasını şərtləndirə bilər. Bəstəboy olsa da, özündən hündür Qar qızın yanında super görünər”
Aqil Məmmədov (“Sumqayıt”ın keçmiş baş məşqçisi): “Belə düşünürəm ki, “Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov şaxta baba ola bilər. Vurğun həm komandanın “ağsaqqal”ı olduğundan, həm də zahirən şaxta babaya bənzədiyindən bu rola uyğun görürəm”.
Tural Məmmədov