610x380xsasa.jpg.pagespeed.ic.chCVuqsZaf

Twitter azərbaycanlı gəncə niyə 50 milyon dollar ödədi? – MÜSAHİBƏ

Baxış sayı: 1. 584

Bu günlərdə Twitter sosial şəbəkəsinin rəhbərliyi 50 milyon dollar ödəyərək “Namo Media” layihəsini satın alıb.

Layihənin 3 həmtəsisçisindən biri hazırda ABŞ-da yaşayan Tural Bədirxanlıdır.

Gencaile.az onun Azadlıq Radiosuna müsahibəsini təqdim edir.

– Tural bəy, sizi yaxından tanıyaq. Haqqınızda yalnız onu bilirik ki, «Çağ Öyrətim»in Quba liseyini bitirmisiniz və Twitter həmtəsisçisi olduğunuz «Namo Media»nı 50 milyon dollara alıb.

– Qubada doğulmuşam. 6-cı sinifdən sonra Quba Özəl Türk Liseyinə qəbul olunmuşam. Bakalavr və magistr təhsilimi ABŞ-da almışam.

– Azərbaycandan niyə getdiniz?

– Qubada məktəbi bitirəndən sonra xaricdə təhsil almaq istəyirdim. Buna görə getdim ölkədən.

– Bir az «Namo Media»nın yaranma tarixçəsi və nəyi hədəflədiyi barədə bizi bilgiləndirin lütfən. Necə oldu ki, Twitterin diqqətini çəkdiniz?

– İndi banner reklamları mobil reklam bazarında böyük yer tutur. Amma bu reklam növü ilə bağlı xeyli problem də var. İstifadəçilər belə reklamı sevmir, reklamverənlər buna investisiya yatırmaq istəmir və beləcə, öz səhifələrində belə reklamlara yer ayıran «application» sahiblərinin qazancı az olur. İlkin nəticələr «Native Advertising» konsepsiyasının bu problemləri çözəcəyinə böyük ümidlər oyadır. Hamıdan öncə facebook və twitter həmin modeldən öz platformasında yararlanmağa başlayıb. Biz də «Namo Media»nı yaradaraq sözügedən reklam növünü təkcə facebook və twitterə deyil, bütün «application»lərə açdıq. «Silikon Vadisi»nin (San-Fransiskoda bir çox məşhur texnoloji şirkətin yerləşdiyi ərazi) ən öndə gedən investorları – «Google Ventures», «Andreessen Horowitz», «Trinity Ventures» və başqaları «Namo Media»ya 2 milyon dollara yaxın investisiya yatırıblar.

– Niyə məhz informasiya texnologiyaları diqqətinizi çəkdi?

– Kiçik bir qrupun dar zaman içində milyonlarla insanın yararlanacağı bir məhsul ortaya qoyması diqqətçəkən düşüncədir. «Software» (kompüter proqramları) sahəsində bu mümkündür. Məsələn, cəmi 4 ildir fəaliyyət göstərsə də 19 milyard dollara satılan və yarım milyard istifadəçisi olan «WhatsApp»ın yalnız 55 işçisi vardı. Başqa sahələrdə belə tez, hətta dərhal yüksək nəticə qazanmaq imkansızdır. Bir yenilik ortaya qoya bilməkdən ötrü külli miqdarda resursa ehtiyac var. Üstəlik, indi texnologiya artıq həyatımızın danılmaz parçasına çevrilib. Yəqin ki, gələcəkdə bu bağlılıq daha da artacaq. Belə bir vaxtda cəmiyyətə və insanların həyatına təsir edə bilmək baxımından texnologiya çox böyük gücə sahibdir.

– Təhsilinizi bitirəndən sonra nədən Azərbaycana qayıtmadınız?

– İki seçimim vardı – ya Azərbaycana qayıtmalı, ya da «Silikon Vadisi»nə gəlməli və burada dünyanı dəyişdirəcək ideyaların parçası olmalı idim. İkincini seçdim.

– «Namo Media»dan da başqa layihələriniz olub?

– Hə, olub. Amma onlardan heç biri «Namo Media» qədər uğur qazanmayıb.

– «Namo Media»nın satılması xəbərindən sonra facebookda sizin haqqınızda yazdılar ki, Tural Bədirxanlı Azərbaycana qayıtsaydı, uzaqbaşı iri şirkətlərin birində 2 min manatlıq bir işdə çalışacaq və inkişafını dayandıracaqdı. Belə düşünənlər nə dərəcədə haqlıdır? Yəni Azərbaycanda parlaq ideya və peşəkarlara ehtiyac yoxdur?

– Azərbaycan bazarı çox kiçikdir. Bu səbəbdən yalnız yerli bazarı əhatə edən ideyaların çoxu o qədər də maraqlı görünmür (təbii, istisnalar hər zaman var). Azərbaycanda da dünya bazarını hədəfləyən ideyalar üzərində işləmək mümkündür, amma bu zaman bir neçə problemlə üzləşirsən. Birincisi, dünya bazarına uyğun, rəqabətədavamlı məhsulu Azərbaycanda ortaya qoymaq çətindir. Axı bunu edə biləcək təcrübəli adamların sayı azdır. Digər məsələ isə odur ki, investisiya mühitinin darlığı ucbatından Azərbaycanda innovasiya imkanları məhduddur. Məncə, bəzi problemləri çözməkdən ötrü Azərbaycan şirkətlərinə «Silikon Vadisi» ilə inteqrasiya imkanı yaratmaq lazımdır. Yəni «know-how» transferinə ehtiyac var.

– İndi twitterlə əməkdaşlıq edəcəksiniz. Hansı planlarınız var?

– «Namo Media» alqı-satqı nəticəsində twitterin bir parçasına çevrilib. Bizim məhsul və komanda da twitterlə bütünləşəcək və twitterin bir parçası kimi fəaliyyətimizə davam edəcəyik.

– Əksər azərbaycanlılar üçün 50 milyon dollar çox böyük puldur. Bunu eşidəndə necə qarşıladınız?

– Bu, mənim üçün cibxərcliyidir. Zarafat edirəm, əlbəttə, bu, çox böyük puldur.

– Payınıza düşən vəsaitlə necə davranacaqsınız?

– Düşünürəm ki, bir maşın alım, şəhərdə «yuxarı bazar-aşağı bazar» (Quba bazarlarına işarə edir) deyib sürüm. Zarafat bir yana, hələ ki, bu barədə fikirləşməmişəm.

– İndi sizə milyonçu demək olar?

– Bank hesabıma baxsanız, mənə bəlkə «minçi» deyə bilərsiniz…

– Azərbaycana qayıdacaqsınız?

– Ola bilər. Sonrakı addımlarımı planlaşdırarkən adətən 2-3 il sonrasını düşünmürəm, axı hər şey çox sürətlə dəyişir. Gələcəkdə nə olacağını bilmək çətindir.

– Tural bəy, ideyası aşıb-daşan Azərbaycan gənclərinə nə sözünüz, məsləhətiniz var?

– Məsləhətim budur ki, ideyaları varsa, saxlamasınlar, həyata keçirməyə çalışsınlar. Gerçək inkişaf məhz bu mərhələdə olur. İdeyanı həyata keçirdiyin zaman yeni ideya da doğa və bu ideya əvvəlkindən daha dəyərli ola bilər.

– Twitter Azərbaycanda facebook qədər populyar deyil. Twitterin Azərbaycanda daha geniş yayılmasını nə əngəlləyir?

– Təkcə Azərbaycanda yox, dünyanın bir çox yerində twitter populyar deyil. Twitterin indiki məhsulundan faydalanan özünəxas istifadəçi növü var. Yalnız yeni məhsul dəyişiklikləri ilə bu istifadəçi bazası daha da genişlənəcək. Azərbaycandakı istifadəçi bazası da.

– Sizcə, Azərbaycan təhsil mühiti informasiya texnologiyaları sahəsinə yeniliklər verə bilər, yoxsa bundan ötrü mütləq ABŞ, Avropa təhsil sisteminə və təhsil ortamına ehtiyac var?

– ABŞ və ya Avropa təhsili önəmli deyil. Daha vacibi açıqfikirli olub yaradıcı düşünə bilməkdir. Bunları dünyanın dörd bir yanında olan və fərqli perspektivə sahib insanlarla tanışlıqdan sonra öyrənmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir