Kişilər ev işi görməlidirlərmi?

Baxış sayı: 1. 331

Hər şeydən əvvəl deyək ki, bu sualın konkret bir cavabı yoxdur və ola bilməz də. Yəni, “Bəli, kişilər ev işi görməlidirlər”, – deyə hökm vermək mümkün olmadığı kimi, “Xeyr, kişilər ev işi görməməlidirlər”, – deyə hökm vermək də doğru deyil. Digər tərəfdən, bu işdə ən böyük səhv məsələni tərəflər üçün kompleksə çevirmək və klişeləşmiş düşüncələrin təsiri altında qalmaqdır. Bu cür münasibət evliliyə zərbə vuran ən böyük amillərdən biridir. Elə isə, “Kişi ev işi görməlidirmi?” sualına belə cavab vermək olar: “Əgər hər hansı bir fiziki problemi yoxdursa, əlbəttə ki, görməlidir”. Ancaq burada mütləq bir məcburiyyətdəm söhbət gedə bilməz. Burada əsas məsələ tərəflər arasında sağlam ünsiyyətin olmasıdır. Yalnız bu vaxt kişi həyat yoldaşına kömək etməkdən zövq ala bilər. Başqa sözlə, kişi bunu bir məcburiyyətdən çox, bəzən bir məsuliyyət, bəzən də bir qarşılıqlı yardım vasitəsi kimi qəbul etməlidir. Bu məsələdə yol verilən böyük səhvlərdən biri də bu məsələnin təzyiq vasitəsinə çevrilməsidir. Ona görə də, əgər bir qadına evdə kömək lazımdırsa, bunu təzyiq vasitəsinə çevirməməli, tələblərini (təbii ki, bu tələblərə aid olan səbəbləri də) konkret bir şəkildə ifadə etməlidir. Beləliklə, kişinin “inadkarlıq etmək” ehtimalı da aradan qalxmış olar. Təbii ki, burada hər iki tərəfin gərgin iş həyatını da nəzərə almaq lazımdır. Belə ki, işləyən bir qadının ev işlərində həyat yoldaşının köməyinə ehtiyac hiss etməsi normaldır. Bunun üçün yenə də yuxarıda ifadə etdiyimiz əks münasibətləri bir tərəfə qoymaq və hər iki tərəfin də qəbul edə biləcəyi bir plan qurmaq olar. Əslində ev işi ilə bağlı məsələlər və ya tərəflərin bu məsələyə münasibəti evlilik ərəfəsində müzakirə edilməli, hətta bu məsələ “evlilik müqaviləsinə” də daxil edilməlidir. Yeri gəlmişkən deyək ki, heç bir kişi ev işlərində həyat yoldaşına kömək etməklə “öz səviyyəsindən aşağı enmiş” olmur. Əksinə bu məsələ “öz səviyyəsindən yuxarı qalxmağın” bir ifadəsidir. Məsələnin başqa bir tərəfi isə valideynlərin oğlan uşaqlarına bəzi vərdişləri qazandırmamalarıdır. Yəni, oğluna evdə heç bir məsuliyyət yükləməyən və, “Sən kişisən”, – deyə bəhanə gətirən valideynlər bu mövqelərindən əl çəkməlidirlər. Əgər tarazlığı qorumağı bacarsanız, oğlan uşaqlarına bu şəkildə məsuliyyət yükləməniz heç bir problem təşkil edə bilməz. Üstəlik, oğlan uşaqlarına aşıladığınız bu vərdişlər gələcəkdə onların ailə həyatına da müsbət təsir göstərə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir