Silvestr Stallone

Silvestr Stallone: “Udduqlarımdan çox, məğlub olmuşam” – MÜSAHİBƏ

Baxış sayı: 1. 520

Hollivud ulduzu Silvestr Stallone karyerası ərzində ilk dəfə «Qızıl Qlobus» mükafatını qazanıb. Yanvarın 11-də keçirilən mərasimdə “İkinci planda ən yaxşı rola görə” mükafatı aktyora təqdim olunub. Pol Dano, İdris Elba, Mark Reylens və Maykl Şennon kimi aktyorların da nominant olduqları mükafata Silvestr Stallone sahib çıxıb. Ulduz aktyor ilk dəfə 1977-ci ildə «Rokki» filmində oynadığı baş rola və ekran əsərinin ssenarisinə görə mükafata layiq görülüb.

“Qızıl qlobus”u alarkən aktyor öz emosiyalarını gizlətməyin çətinliyini bildirib. Ailəsinə və həmkarlarına təşəkkür edərək «Mən Rokki Balboaya (onun personajı) ona görə təşəkkür edirəm ki, bütün bu illər ərzində mənim ən yaxın dostum olub” – deyib.

Bu günlərdə Rusiya prokatında aktyorun iştirakı ilə “Krid. Rokkinin irsi» filmi ekranlara çıxıb. Filmdə Hollivudun ulduzu eyni zamanda iki vəzifəni – baş rol ifaçılarından birini və filmin prodüseri vəzifələrini yerinə yetirir. Bu, aktyorun sayca onuncu filmidir. Ekran əsəri gənc rejissor Rayan Kuqler tərəfindən çəkilib. Yeni film Stallonenin son illərdəki filmləri içərisində ən yaxşılardan sayılır. «Rossiyskaya qazeta»nın müxbiri filmin premyerası zamanı Silvestr Stallonedən bəzi suallara cavab ala bilib.

– Sizin «Qızıl Qlobus»da ciddi rəqibləriniz var idi. İdris Elba, Pol Dano və xüsusilə Rusiya haqqında danışan «Agent körpüsü» filmində oynayan Maykl Reylens.

– Açığını desəm, mən çox heyrətdə idim. Çünki onlar hamısı gözəl aktyorlardır. Ona görə də bəxtimin necə gətirdiyini yaxşı başa düşürəm.

– Siz mükafatı alanda səhnədə dediniz ki, bütün bu illər ərzində Rokki Balboa sizin üçün ən yaxşı dost olub.

– Hə… O mənim ən yaxşı dostumdur və həmişə də belə qalacaq. Bu, 40 il davam edən qeyri-adi münasibətdir. Mənim üçün Rokki personajdan daha böyük əhəmiyyət kəsb edir. O mənim üçün doğma insandır. İnsanlar həmişə özlərinə belə sadiq dostlar tapa bilmirlər. Ümumiyyətlə, indi dost tapmaq o qədər də asan deyil.

– Bəs siz bu illər ərzində dəyişmisinizmi: insan və aktyor kimi?

– Mən əvvəllər çox aqressiv idim. Hər şeyin üzərində qalib gəlmək mənim üçün çox əhəmiyyətli idi. Ona görə də ailəmdən başqa hər şeyə çox vaxt sərf edirdim. Nəticədə mən çox şeyləri əldən verdim. Çünki ambisiyalı idim. Qısa vaxtda çox şey əldə etmək istəyirdim. Başa düşmürdüm ki, ən vacib olan nədir. Ancaq zamanla anladım ki, ailə ilə – həyat yoldaşım və qızımla keçirilən vaxt ən qiymətli və tez ötüb keçəndir. Üstəlik, mən həqiqətən anladım ki, həyatda ən qiymətli şey elə həyatın özüdür.

– Kişi döyüşməyi bacarmalıdırmı? Ola bilsin ki, təkcə boksçu kimi yox, hər mənada?

– Mübarizənin müxtəlif növləri var. Mən axı dedim: həyat mübarizədir və ən vacib olan əksər döyüşlərdə udmağı bacarmaqdır. Bu, təkcə fiziki mənada deyil. Bununla belə, müxtəlif uğursuzluqlar və peşmançılıqlar var. İstədiyin işdə çalışa bilmirsən, istədiyin bir qadınla evlənə bilmirsən – onda da uğursuz sayılırsan. Ancaq sənə lazım olanlar çox da böyük olmayan qələbələrdir. Yaşadıqca çoxlu itkilər verdiyini görürsən və çox az hallarda qalibiyyət əldə edirsən. Nə zaman ki bezirsən, onda səni uğursuzluqlar izləyir. Mən həyatda udduqlarımdan çox, məğlub olmuşam. 40 yaşımdan sonra isə uğurlar üzümə gülüb. Mənimçün çox əhəmiyyətli olan həyatda nəyin yaxşı olduğunu və yaxşı şeylərin gec-tez baş verəcəyini qızımın anlaması idi. Əgər bunun üçün sənə çox gözləmək, hətta 40 il vaxt lazımdırsa, bununla barışmalısan.

– Siz filmdə özünüz haqqında «Mən axı, qədiməm» deyirsiniz. Amma boksçu “qruşa”sını gənc boksular kimi döyəcləyirsiniz. Siz formanı saxlamağa necə nail olmusunuz?

– Mən həqiqətən yaxşı yeyirəm və gün ərzində düzgün qidalanıram. Ancaq özümü əvvəlkitək dəmir kimi möhkəm hiss etmirəm. İndi mən başqa cür məşq edirəm, atletikaya üstünlük verirəm. Çünki əzələlərim bu gün əvvəlki kimi intensiv yüklənmələrə dözmür. Çox gənclər öz bədənlərini erkən yaşda məşqlərdə yükləyirlər. Ancaq başa düşmürlər ki, onlar özlərini şikəst edirlər və bunun acısını yaşlaşanda çəkəcəklər.

– Maykl Cordanla necə işlədiniz? Krid roluna niyə məhz onu seçdiniz? Sizə ümumiyyətlə, Maykl Tayson, Maykl Cordan kimi peşəkar idmançılarla, yoxsa aktyorlarla işləmək daha rahat olur?

– Maykl Cordanla işləmək çox asan və xoşdur. Çünki o, bünövrədən idman adamıdır. Basketbolçudur, cəld qaçır. Ona təkcə boksu öyrənmək lazım idi. Bu, onun bir il vaxtını aldı, ancaq o, bacardı. Boks çox ağır idman növüdür. Əgər sən bunu bacarmayacaqsansa, ekranda hər şey saxta görünəcək. Və bu, heç kimin gözündən yayınmayacaq. Cordan məşq prosesində əsl boksçularla məşğul olurdu. Axı, bu filmdə bütün boksçular peşəkar idmançılardır. Cordan boksçu olmayan yeganə aktyordur. Fəal məşq edən vaxtlarda məni Taysonla və Co Freyzerlə müqayisə edirdilər. Çünki mənim çox aqressiv stilim vardı. Maykl Cordan isə öz zahiri görkəmindən çıxış edərək sanki qaçış meydanında idi. Ən əsası budur ki, biz film üzərində işləyərkən həqiqətən məşq edir və buna çoxlu vaxt sərf edirdik. Bilirsinizmi, “ulduz” hər yerdə “ulduz”dur – onun üçün hansı səhnədə olmasının fərqi olmur.

– Cordanın qəhrəmanı – Doni filmdə sizin haqqınızda «köhnə məşqçi» sözlərini işlədir. Bu rol sizə Rokkinin vidalaşması kimi görünmürmü? Yoxsa sizin yeni layihələriniz var? Mən «Məğlubedilməz-4» haqqında oxumuşam ki, siz Remboya qayıtmaq istəmirsiniz. Ola bilərmi ki, qayıdasınız?

– Bu barədə düşünmürəm. Rembo haqqında axırıncı film mənə etdiklərimin içində “ən yaxşı hərəkət filmi” kimi gəldi. Çox emosional iş idi. İnanmıram ki, bundan güclüsünü edə bilim. Bu filmə bərabər tutulan başqa film yəqin ki, yoxdur. Mənim bəxtim gətirib ki, 3 dəfə bu filmdə iştirak etmişəm. Qoy indi Ceyson Stethem hər şeyi öz çiyinlərinə götürsün.

– Sizin Rokkinin rusiyalı fanatları haqqında məlumatınız varmı?

– Rusiyalı fanatlar çox cazibədardırlar. Onlar entuziastlardır və mən onları sevirəm. Aktyor və yazıçı Aleksandr Nevskini tanıyıram və onunla ünsiyyətdən məmnunam. Ümumiyyətlə, mənim Kaliforniyada çoxlu rus dostlarım var və bütün dostlarıma minnətdaram. Ümid edirəm ki, tezliklə yeni film çəkəcəyəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir