Uşağımızla dost olmağın əhəmiyyəti nədir?

Baxış sayı: 1. 546

Ailədə uşaqlar böyüyür, hər birinin də öz sevinci, öz qayğısı, öz problemi var. 13-14 yaşına çatanda uşaqların istər davranışlarında, istər xarakterlərində, istərsə də, fizionomiyalarında ciddi dəyişikliklər baş verir. Bəzən də bu dəyişikliklər ailədə ciddi problemlərin baş verməsinə səbəb olur. Həddi-büluğ yaşına çatan oğlan və ya qız özündə ciddi dəyişikliklər müşahidə edir. Bu yaşda o hər sirrini-sözünü deyə biləcəyi yaxın dosta və ya yaxın məsləhətçiyə ehtiyac hiss edir. Ümumiyyətlə, uşaqla münasibətdə səmimi olmaq, daha doğrusu, onunla dostluq qurmaq çox əhəmiyyətlidir. Münasibətlər elə tənzimlənməlidir ki, uşaq dərdlərini, problemlərini ailədə kiminləsə bölüşə bilsin. Çünki əks halda belə uşaqların psixikasında problemlər meydana gəlir. Bu mərhələ, yəni uşaqların uşaqlıq mərhələsindən yeniyetməlik dövrünə keçid mərhələsi onun üçün ən çətin dövrdür. Bu mərhələdə onlar əvvəlkindən də daha əsəbi və iddialı olurlar. Bəzən tez özlərindən çıxır, boş yerə gərginliyə səbəb olurlar. Bütün bunları anlayışla qarşılamaq, onların keçid mərhələsində olduqlarını yadda saxlamaq lazımdır. Tibb elmi uşağın gələcək xarakterinin, psixologiyasının və eləcə də fizionomiyasının daha çox bu mərhələdə formalaşdığını deyir. Bu keçid daha çox emosionallığın ön plana keçməsi ilə izah edilir. Bu yaş mərhələsində uşaqlarda özünü başqalarına göstərmək və ya hər kəsdən fərqlənmək meyilləri də demək olar ki, aparıcı xətt təşkil edir. Ola bilsin ki, bu yaşda uşağınız hər sözünü sizə deyə bilmir, ancaq siz də rahat deyilsiniz. Çünki onun davranışlarında əvvəllər müşahidə etmədiyiniz detallar görürsünüz. Əgər ciddi problem varsa, psixoloqa müraciət etmək lazımdır. Çünki bu mərhələdə uşağın hər şeydən çox məhz psixoloji dəstəyə, özünəinam hissinə ehtiyacı var. Başqa bir variant da seçmək olar. Məsələn, təxminən onun yaşına yaxın (təbii ki, bir qədər böyük) bir həmcinsi uşağınızın yaxın dostu və ya yaxın məsləhətçisi ola bilər. Milli mentalitetimizdə ailədə fərdlər arasında pərdənin olması ən mühüm amillərdən biridir. Ancaq unutmaq olmaz ki, yeniyetməni öz problemləri ilə baş-başa buraxmaq da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Evinizdə uşaq böyüyür. O sizin sabahınızdır. Çalışın uşağınızla dost olun. Siz ona necə münasibət bəsləsəniz, elə də münasibət görəcəksiniz. Yaxşı olar ki, erkən yaşlardan onda məsuliyyət hissi, özünəinam hissi formalaşdırmağa çalışasınız. Məsələn, ailənin hər hansı bir probleminin həllində onu da məsləhətə çağırasınız, fikrini soruşasınız. Heç şübhəsiz, o da bütün fikrini toplayacaq və xeyirli bildiyi variantı təklif edəcək. Beləliklə, həm sizin aranızda səmimi münasibət qurulacaq, həm də uşağınız özünü ailənizin bir parçası hesab edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir