Elnur Rüstəmov: “Sosial şəbəkələrin ailədaxili konfliktlərin sayının artmasında rolu çoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 1. 619

Evlilik yaşı getdikcə artır, gənclərin bir çoxu evlənmək istəmir, yaxud gec yaşlarda evlənməyi daha düzgün hesab edirlər. Evlənənlərin isə yola getməmə, boşanma problemi daha qabarıq olur. Bu üzdən də “qaynana-gəlin” problemi bu gün əvvəlki illərdəki qədər aktual deyil. Amma yenə də “Ailə institutu”nun ümumilikdə təhlükədə olduğunu demək mükündür.

Müasirlik, avropalaşma məsələlərini başa düşdük. Amma bütün müasirliyin içərisində bizim qorumalı olduğumuz məqamlardan biri də ailə dəyərlərimizdir. Çünki bu gün bizim nümunə götürdüyümüz Amerika və Avropada ailə dəyərləri ilə bağlı vəziyyət heç onların özləri üçün də qaneedici deyil. Ölkəmizə qonaq gələn xarici alimlərdən biri elə qəzetimizə müsahibəsində demişdi ki, ABŞ-da da ailə üzvlərinin bir-birinə münasibətinin Azərbaycandakı kimi olmasını arzu edərdi.

Müsahibim olan psixoloq Elnur Rüstəmovla da məhz evlənməmişdən öncə və sonra tərəflərin yaşadıqları probemlərlə bağlı söhbət apardıq. “Kişilərin əksəriyyəti qadına çox tez tabe olur, kişi çox zaman qadının böyük “uşağıdır”. Sadəcə onu həyat yoldaşı dünyaya gətirmir, 25, yaxud 30 yaşında onu veriblər ki, saxlasın” – deyən psixoloqun müsahibəsini sizlərə təqdim edirik.

– Get-gedə evlilik yaşı artır. Bunun bir səbəbi kimi karyera qurmağı götürək. Başqa hansı səbəblər var?

– Evlilik və buna yanaşma məsələsi keçən əsrin ortalarından aktullaşmağa başlayıb. Bu aktuallıq ailə münasibətlərinə yeni bir baxış tərzi formalaşdırdı. Bu proses birinci növbədə Amerika, Avropada başladı. Hazırda bu məsələ Azərbaycanda da aktuallaq kəsb edir. Əvvəllər gənclərin ailə qurduğu yaşda indikilər bəzən heç evlənmək haqda fikirləşmir, karyera haqda düşünürlər. Bəzən 15-20 ilin ailəsinin də boşanma üçün müraciət etdiyini görürük. Artıq ailədaxili konfliktlərin istiqaməti dəyişməyə başlayıb. Əvvəl daha çox “gəlin-qaynana”, “gəlin-baldız” münasibəti problem idisə, bu gün paralel ailələrin mövcudluğu, yaxud münasibətlərə ailədən kənar başqa bir şəxs tərəfindən müdaxilələrin edilməsi, dolayısı ilə xəyanət faktoru səbəblərindən ailədaxili konfliktlər yaranır, hətta boşanmaların şahidi oluruq. Yəni miqyas dəyişib. Buna təsir göstərən məqamlardan biri də texnologiyanın inkişafıdır. Ailə psixologiyası kibernetikanın yaranması ilə ortaya çıxdı.

– Kibernetikanın ailə psixologiyasına nə aidiyyatı var?

– Əslində, həmin yanaşma ailələrdə var. Bir mexanizm digər münasibətlərə təsir göstərir. Tutaq ki, ailədə hər hansı zərərli vərdişdən əziyyət çəkən bir şəxs varsa, bu, ailənin digər üzvlərinin psixoloji durumuna mənfi təsir göstərəcək. Ailə bu prosesdə necə adekvat davranmaq lazım olduğunu çox zaman bilmir. Bu gün evlənmə yaşına çatan xanımların ailə qurmaq istəməməsini müşahidə edirik. Daha çox karyera qurmağa çalışırlar. Kimlər evlənməyə meyillidir? Əksəriyyəti ali təhsil ala bilməyənlər, yaxud ali təhsil alsalar da, uğur qazana bilməyənlər. Hamıya şamil etmirəm, amma çoxluq belədir. Bir də ailədaxili münaqişələr o qədər pisdir ki, bəzən gənc qızlar sadəcə evdən qaçmaq istəyir və çıxış yolunu da evlənməkdə görür. Digərləri isə karyera qurmaq istəyirlər, 25-26 yaşdan sonra ailə qurmaq haqqında fikirləşirlər. Əvvəllər isə bu yaşda daha çox kişilər evlənirdilər. İndi kişilər üçün evlənmə yaşı 30-a qalxıb. Bu proses yavaş-yavaş artmağa başladı və bizi narahat etməyə bilməz. Boşanmaların adiləşməsi və “sərbəst yaşamağa” meyillilik gələcək ailə institutuna mənfi təsir göstərir.

– Əvvəllər qurulan ailələrə valideyn müdaxiləsi olurdu. İndi isə bu müdaxilə azalıb. Bəlkə valideyn müdaxiləsinə ehtiyac var?

– Valideyn müdaxiləsinə həmişə ehtiyac var. Sadəcə olaraq, valideynin başı özünə, ailənin qayğılarına qarışıb. Valideynlər texnologiyanın, serialların girovuna çevriliblər. Bu gün valideynlər övladları ilə düz-əməlli vaxt keçirib, ünsiyyətdə ola bilmir. Valideyn bu yenilikləri izləməkdə bəzən çətinlik çəkir. Ona görə bizim valideynləri biganə adlandırırıq. Amma əslində dönəmin gətirdiyi reallıqdır. Hamımız bir prosesin içində fırlanırıq. Burada məsələyə bir tərəfdən baxmaq çox çətindir. Ailə institutuna ən böyük zərbə boşanmalar artdığı zaman dəydi. Valideynlərin sözünün kəsəri, özgüvənləri itdi. Əvvəllər bu proses az olsa da, bu gün hər 10 ailədən biri boşanır.

– Boşanmaları artıran səbəblər nələrdir?

– Ən böyük təsir ictimai qınağın zəifləməsi, ikincisi isə, boşanmaların adiləşməsi oldu. 20 nəfərlik qrup götürün. Əgər orada 18 nəfər oxuyur, 2-si oxumursa, 18 nəfər iki nəfərə təsir göstərə bilər. Məsələ burasındadır ki, biz 2 nəfərin 18-ə qalib gəldiyini görürük. Eləcə də boşanma. Əvvəllər 2-nin 18-ə olan bir rəqəm indi yarı-yarıya gəlib. Bu da insanlarda məsələyə yanaşmanı dəyişib. “Əhməd haradadır” filmində qızın etiraz etməyi ilə valideynlər nə qədər şeylər fikirləşir, çəpərlər təzədən qalxır, qonşular bir-birindən gizlənir, adam üzünə çıxa bilmir, qızın arxasınca şəhərə qədər gedirlər. Nəhayət gənclər bir-birini sevirlər. O insanlar əvvəlcə üz-üzə gəlməkdən qorxurdular…
Bəs indi biz nə görürük? Bu gün övladlarını evləndirirlər, sabah onlar ayrılırlar, sonra da keçmiş qudalar gedib haradasa birlikdə çörək yeyir, “alınmadı” deyirlər. Maraqlar dəyərdən önə keçib. Bu, faciədi.

– Amma bizdə boşanma mədəniyyəti də yoxdur. Boşandığı xanımı döyən, hansısa zorakılıq edən keçmiş həyat yoldaşları ilə bağlı xəbərlər tez-tez yayılır…

– Əgər biz buna mədəniyyət deyəcəyiksə, formalaşacaq. Hər iki tərəf başqa biri ilə evlənəcək, ailə qurduqları şəxs bir tərəfdə qalacaq, bunlar hardasa görüşüb yemək də yeyəcəklər. Bu hal indi də var, amma geniş yayılmayıb. Məncə, yaxın zamanlarda bunu da görəcəyik. Digər tərəfdən, bu qədər boşanmaların müqabilində qeyd etdiyiniz hadisələr baş verir. Mən bunların normal olduğunu demirəm, anormaldır. Amma təbii prosesdir. Çünki hər bir insanın fərdi psixoloji xüsusiyyəti var. Birində qısqanclıq zəminində baş verə bilər, digərində psixoloji problem ola bilər, kimisi paylaşmaq istəmir və s. bu kimi hallar nəzərə alınmalıdır. Zorakılıq tərəflərdən birinin digərini idarə etmək istəyi nəticəsində ortaya çıxır.

– Boşanmalarda qısqanclıq nə dərəcədə rol oynayır?

– Böyük rol oynayır. Tərəflər bir-birini paylaşa bilmir. Bəzən ayrılmalarından 2 ildən çox müddət keçsə də, yenə də paylaşa bilmirlər.

– Qısqanclıq ailədə sevgi əlamətidir?

– Qısqanclıq ilk növbədə instinktdir. O nəinki insanlarda, hətta heyvanlarda da var.

– Uğurlu ailə üçün sevib evlənmək məsləhətlidir, yoxsa ağılla qurulan evlilik?

– Tərəflərin bir-birinə qarşı hansısa hissi olmalıdır. Amma tamamilə gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil. Gözəlliyin də bir müddəti var. Tutaq ki, ən gözəl xanımla ailə qurdun, iki gündən sonra onun gözəlliyi yox, davranışı sənə daha çox təsir göstərəcək. Müəyyən məntiqi yanaşma da olmalıdır. İnsan nə üçün evləndiyini bilməlidir. Bu gün həm də psixoloji problemlərin miqyası artıb. Bunu da nəzərə almaq lazımdır. Tutaq ki, evlənməkdən qorxan insanlar, xanımlar var. Bunun içində evlənmək qorxusu, intimfobiya, “azadlığım əlimdən alınacaq” düşüncəsi var. Eləcə də oğlanlarda. Bu gün bizim ailələrdə uşaqların az olması da qabarıq problemlərdəndir. Bu yaxınlarda isə qız övladlarının sayının az olması gündəmə gəlmişdi. Qız uşaqlarının sayının çoxalmasını stimullaşdırmaq üçün addımlar atmaq istəyirlər. Əslində bu çox yaxşı bir şeydir. Çünki ailələrimizdə uşaq sayı azdır. 90-cı ilə qədər, 90-dan 2000-ci ilə, 2000-dən bəri olan dövrləri müqayisə etsək, uşaq sayı kəskin azalır.

– Bəzən bunu maddiyatla əlqələndirsələr də, əslində 10 uşağa baxmağa imkanı olanlar da iki uşaqla kifayətlənirlər…

– Günümüzün ən böyük problemi komforta düşkünlükdür. Valideyn nəinki özünün, həm də uşağının komfortunu düşünür. Fikirləşirlər ki, mövcud sərvətimi 10 uşağa deyil, 2-nə verərəm, ömür boyu rahat yaşayarlar. Uşaq sayının azalması valideyn-övlad münasibətinə kəskin təsir göstərir. Valideyn-övlad münasibətində o qədər bağlılıq yaranır ki, artıq ailə qurma prsesində də hər hansı konflikt olarsa, tərəflər düzəltməyə yox, boşanmaya gedirlər. Belə deyək ki, bir oğlu, bir qızı var. Qızı ailə qurub, problem yaşayıb. Ana-ata fikirləşir ki, niyə əziyyət çəkir ki? Gəlsin biz baxaq. Dünən necə baxmışıqsa, elə də baxarıq. Amma əvvəllər 7-8 uşaq olurdu, valideyn hansınınsa problemi olan kimi evə gətirmirdi. 8-ni hara gətirsin? Əvvəllər ailədə şiddət, problem yox idi? Var idi. Tərəflər özləri həll edirdilər. Bu gün isə biz addımbaşı müdaxilələr görürük. Eynilə də problemi oğlan yaşayanda ana deyir ki, bir oğlum var, bu qız olmasın, başqası olsun. Ana-atanın övlada ifrat bağlılığı uşaqların müstəqil ailə qurma prosesinə mənfi təsir göstərir. Bu da nəzərə alınmalıdır.

– Sosial şəbəkələrin ailələrə böyük zərbə vurduğu deyilir. Siz bu haqda nə deyə bilərsiz?

– Sosial şəbəkələrin ailədaxili konfliktlərin sayının artmasında rolu çoxdur. Bu gün qısqanclığın, psixi xəstələrin, sevgini izhar, nifrəti ifadə etməyin nə qədər forması ortaya çıxıb. Kimsə kiməsə nə isə söz atırsa, yaxud ər-arvad küsürsə, sosial şəbəkədə birbaşa olmasa da, dolayı yolla bunu yazır. İfadə forması dəyişib. Sosial şəbəkələr ailədaxili konfliktlərə çox böyük təsir göstərir. Bununla bağlı düşünürəm ki, ən böyük tədbir tərəflərin bir-birinə qarşı münasibətidir. Əgər tərəflər arasında münasibət sağlam olarsa, sosial şəbəkə təsir göstərə bilməz. Münasibət pis olarsa, sosial şəbəkə bunun daha da pisləşməsi üçün stimul ola bilər.

– Son günlər erkən nikahlar məsələsi gündəmə gəldi. Belə fikirlər də var ki, heç kim övladını məcburi evləndirmir, onlar özləri bu nikaha meyilli olurlar. Sizcə, yeniyetmələr evliliyə meyilli olurlar?

– Hər bir yeniyetmə yox. Bu cür hallar dövlət tərəfindən tənzimlənir. Belə hallar daha çox rayonlarda, kəndlərdə baş verir. Bunu hər rayona, kəndə də şamil etmək düzgün deyil. Eləcə də Bakı kəndlərində ola bilər. Əvvəlki illərlə müqayisədə kəskin azalma var. “Qızımız oxumasın, başını qaldırdı, ərə ver getsin” prinsipi ilə yaşayanlar 17-18 yaşı olmamış qızı ərə verir. Bu təfəkkür var. Hər insanın öz doğruları var. Bəzən evdə münasibət pis olur, yaxud zərərli vərdişdən asılı olan var. Bu cür hallarda yeniyetmələr evdən qaçmaq üçün ailə qururlar. Üçüncü isə, təhsildən yayınma ən böyük faktordur. Fikirləşir ki, məktəbi də qurtardım, bundan sonra görəcəyim heç bir iş yoxdur, ondansa ailə qurub bir evə baxım. Oxuyub təhsil alan da ailə qurur. Dünən kişi xanımın evdə oturmasını tələb edirdisə, bu gün deyir ikimiz də işləyib, bir-birimizə dəstək olaq. Bunlar artıq böyük bir prosesin tərkib hissəsidir. Biz istəsək də bundan geri qala bilməyəcəyik. O axın bizi də aparacaq. Biz necə edə bilərik ki, bu prosesdən sağlam çıxaq?

– Təhsil…

– Təhsil çox böyük rol oynayır. Onsuz da amerikalının, avropalının etnopsixologiyası fərqlidir, bizimki fərqli. Onsuz da bu proses gedəcək. Boşanma onsuz da olacaq. Heç olmasa, müəyyən qədər azalsın. Yəni üz-üzdən utanacaq. Müəyyən dəyər kateqoriyalarını qabartmaqla boşanmanın qismən qarşısını ala bilərik. Boşanan 1000 ailənin 40 faizi sonra peşman olur. Biz o dəyərlərə istinad etməklə, heç olmasa 40 faizin qarşısını ala bilərdik.

– Bəzən qızlar seriallarda, filmlərdə görüb arzuladıqları sevgini real həyatda tapmırlar. Evlənəndən sonra isə xəyal qırıqlığı yaşayırlar…

– Məşhur yazıçı Jorj Sandın əsərində belə bir söz var: “Evlənərkən kim səhvə yol vermədi ki?” Xəyal qırıqlığı nisbi anlayışdır. Bu təkcə xanımlarda deyil, kişilərdə də olur. Bu bir durumdur. İnsan nə üçün evləndiyini biləndə, sonra xəyal qırıqlığı da az olur. Seriallarda hamısı villalarda yaşayırlar, işləmirlər, səhərdən-axşama evin içindəki söz-söhbəti həll edirlər. Kişi arada komfort maşında işə gedib, bir-iki tapşırıq verib, gəlir. Bunu izləyən xanım reallıqda görür ki, əri gedib daş daşıyır. Əslində serialların bir nömrəli məqsədi ailə institutunu parçalamaqdır. Bizdə daha çox türk seriallarına baxırlar. Onların da süjet xətti Avropdan götürülüb. Bu elə bir prosesdir ki, birbaşa görünmür, dolayısı ilə təsir göstərir. Topluma görünən və görünməyən müdaxilə var. Seriala baxıb ağlayırsan, gülürsən, amma fərqində deyilsən ki, o, ailə instititunu dağıdır.

– Türk filmlərini izləyən qızların bəziləri türk oğlanları ilə evlənməyə maraq göstərirlər. Hətta şəxsən tanıdıqları türkiyəli oğlan olmasa belə, “türk oğlanla evlənərəm” deyənlər olur… Xarici vətəndaşla evlənməyi arzu etməyin psixoloji tərəfləri varmı?

– Mən buna kompleksdən dolayı bir sevgi, ailə qurmaq deyərdim. Həmin şəxs düşünür ki, fikirlərini, hisslərini öz toplumunda olan insanlarla paylaşa bilməz. Əcnəbi olaraq isə bizə qardaş ölkə olan türkiyəliləri görürlər. Siz baxın, Türkiyə vətəndaşı ilə ailə quranların böyük bir qismi komplekslidir. Ya uzun müddət ailə qura bilməyib, ya sevgidə uğursuzluq yaşayıb. Adını da qoyub ki, mən bizimkilərə inanmıram. Özünü ifadə edib, karyerasını qurub xarici vətəndaşlarla evlənənlər az bir qisimdir. Amma əksəriyyəti kompleks yaşayanlardır. Orada daha sərbəst olurlar. “Aşkım, tatlım, yavrum” onları xoşbəxt edir. Ancaq azərbaycanlı gənc bunları deyə bilmir.

– Xarici ölkələrdə ailə dağılmaq təhlükəsi ilə üzləşdikdə, tərəflərdən ən azı biri ailəni qorumaq üçün psixoloqa üz tutur. Bizdə bu ənənə varmı?

– Var. Nəinki ailələr, hətta nişanlı cütlüklər də gəlirlər. Sevgili olan gənclər bir-birini daha yaxından tanımaq, psixoloji dəstək almaq üçün müraciət edirlər. Amma bu müraciətlər kütləvi halda deyil. Kütləvi olması üçün müəyyən stimullaşdırıcı tədbirlər görülməlidir. Bu iş aparılır. Bu gün xəstəxanalarda psixoloq ştatı var. Psixoloji rahatsızlığı olan insanların müraciət etməsi üçün 2012-ci ildə Psixi Sağlamlıq Mərkəzi yaradılıb. İstəyərdim ki, məhkəmələr boşanma üçün müraciət edənləri əvvəlcə psixoloqa yönəltsinlər, yaxud öz fəaliyyətlərində bir psixoloq cəlb etsinlər, o da ailələrlə psixoloji iş aparsın. Çünki dağılan bir ailə potensial başqa ailəni də oynadır. Yəni tutaq ki, üç bina yanbayandır, biri dağılırsa, ikisinə də təsir göstərir. Bununla bağlı birgə iş görmək lazımdır. Boşanma ilə bağlı problemlərin sferası da böyükdür. Məsələn, bizə təmizlik obsesiyası ilə bağlı müraciət edilib. Xanım bütün günü evi təmizləyir. İş təkcə evi təmizləməklə qurtarmır. Yoldaşı evə gələn kimi, üstünə düşür ki, get əlini yu, əynini dəyiş, bu paltarla evə girmə, əlini yumamış süfrəyə oturma və s. Bunlar normal qaydalar olsa da, aşırı dərəcədə olanda insanı bezdirir. Uzun müddət depressiyadan əziyyət çəkmək, yaxud hər zaman təşvişli olmaq, hər bir şeydən qorxmaq və s. kimi hallar ailə münasibətlərinə ciddi təsir göstərir. Bəzən dava-dalaş olmayınca psixoloqa müraciət etmirlər. Amma hər hansı psixoloji rahatsızlıq olanda da müraciət etmək lazımdır. Bu müraciət prosesində ailə lazımi dəstəyi alır və bir yerə gəlir.

– Cütlüklərin bir-birini yaxından tanımaq üçün psixoloqa müraciət etdiklərini dediniz. Bəs araşdırmada ortaya nələr çıxır? Bir-birilərini nə dərəcədə tanıyırlar?

– Ümumiyyətlə, qızla oğlan tanış olanda hər ikisi pislərindən deyil, yaxşılarından danışır. Ancaq ailə psixoloqu tərəflərlə iş aparanda genoqram hazırlayır. Onun əsasında da hərəkət edirlər. Ailə neçə nəfərdən ibarətdir? Kim neçənci uşaqdır? Hansı mühitdə böyüyüb və s. suallara ailə psixoloqu aydınlıq gətirəndən sonra lazımi tövsiyələrini verir.

– Qeyd etdiniz ki, 15-20 ilin ailələri də bəzən dağılır. Bu cür təməli olan ailəni hansı səbəblər dağıda bilər?

– Hər bir insanın həyatda bir ideyası olur. Belələri yanımıza gələndə deyir ki, həyat yoldaşımı 15 ildir səhv tanımışam. Onda kişi, qadın obrazı dağılır. O heç vaxt yoldaşını xəyanət edən, aldadan biri kimi təsəvvür etməyibmiş. Psixoloq yanına gələndə deyirlər ki, təsəvvürlərim dağıldı. 15 ildir inanıb yaşayırdım, indi nəyə, kimə inanım?

– Boşandığı üçün sonradan peşman olanlarla bağlı danışdıq. Bəs boşanmaq həddində psixoloqa müraciət edənlərin neçə faizi bu fikirdən daşınır?

– 80 faizi. Real prosesin içərisində olanda vəziyyətin başqa cür olduğunu görürsən. Ailələrlə işlədiyim üçün mən bunu deyirəm.

– Boşanma səbəbləri içərisində ən bəsit səbəblər nələr olur?

– Psixoloji problemləri olanlar var. Tutaq ki adam evə daxil olub, bütün evi gəzir ki, evdə başqa kişi olub. Adamın 65 yaşı var, həyat yoldaşını qısqanır. Deyir, arvad mənə xəyanət edir. Arvad yaşlı biridir, güclə hərəkət edir. Bu, psixiatrik problemdir.

– Qadınlarda kişi, kişilərdə qadın obrazı evlilikdən öncə və sonra fərqli olurmu?

– Onlar bir-birini tamamlayan məqamlardır. Kişinin qadın obrazında öz anasının, xanımın kişi obrazında isə atasının ştrixləri var. Tam olmasa da, müəyyən qismi var. Münasibət pis ola, yaxud hansısa mübahisələr yaşana bilər. Biz hər zaman tövsiyə edirik ki, o obrazı dağıtmayın. Kişi obrazı dağılmamalıdır, yoxsa qadının güvəni sarsılır. Qadın kiməsə güvənmək istəyir. Eyni zamanda da qadın kişidə qadın obrazını dağıtmamalıdı. Nəyə görə obraz deyirəm? Var sevgi obrazı, var sevginin özü. Mövlana deyir: mən səni yox, sənə olan yolu sevirəm. Sənə qədər olan yolu sevirəm, səni sevmirəm ki. Biz kimisə seviriksə, onun haqqında təsəvvürləri sevirik. Biz özümüzü inandırırıq ki, ən yaxşısı, ən gözəli odur. Sizə tərəf müqabilinizlə bağlı nə isə xoş olmayan bir nünas deyiləndə, “ola bilməz” deyirsiz. Niyə? Çünki beyindəki obraz bunu qəbul etməyəcək. Sevərkən biz reallıqdan uzaqlaşırıq. Məsələn, gənc bir qız düşünür ki, saat 8-də evə gəlsəm, başımı kəsəcəklər. Amma iş elə alınır ki, 10-da gəlir. Qapı açılanda valideyn deyir ki, qızım gec gələcəyinlə bağlı bir xəbər verərdin, narahat olduq. Görür ki, ona heç nə etmədilər. Deməli, evə gələnə qədər o, real ailəsi ilə yox, onun obrazı ilə söhbət edirmiş.

“Kaspi.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir