Körpə ölümləri niyə artır?

Baxış sayı: 1. 614

Azərbaycanda son illərdə yeni doğulmuşlar arasında ölüm əmsalı təxminən 10 promilledir, yəni hər 1000 yenidoğulan uşaqdan 10-u dünyasını dəyişir. Bunu “Trend”ə Səhiyyə Nazirliyinin baş neonatoloqu, SN-nin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov deyib.

Uşaq ölümlərinin sayının əvvəlki illərə nisbətən azaldığını deyən Rüstəm Hüseynov bildirib ki, hər bir uşaq ölümü faktı araşdırılır. Onun sözlərinə görə, dünyasını dəyişən yeni doğulmuşların çoxu vaxtından əvvəl doğulan uşaqlar olur: “Doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya) yeni doğulmuşların ölümünə səbəb olan xəstəliklər arasında çox az faiz təşkil edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır”.

Hüseynov qeyd edib ki, yeni doğulmuşların ölümlərinin ikinci əsas səbəbi uşağın ana bətnində infeksiyalara yoluxması və sonradan yaranan septiki proseslər, uşaqlarda həyatla uyğunlaşmayan daxili orqan və sistemlərin qüsurlarıdır.

Baş neonatoloqun sözlərinə görə, Azərbaycanda doğuş zədəsi ilə doğulan uşaqların sayı 20-30 il əvvəllə müqayisədə çox azalaraq hazırda cüzi faiz təşkil edir: “Ancaq asfiksiya, vaxtından əvvəl doğulma və sepsiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər hələ də qalıb”.

R.Hüseynov qeyd edib ki, 2015-ci ilin 1 yanvarından ÜST-ün tövsiyəsi ilə dünya standartlarına uyğun yeni diridoğulma meyarlarının tətbiqi nəticəsində çəkisi 500-1000 qramdan çox olan, ekstremal çəkili 260 uşaq dünyaya gələn uşaqların 97-nin həyatını xilas etmək mümkün olub: “Yeni diridoğulma meyarlarına keçidlə əlaqədar ötən il Azərbaycanda uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Amma MDB ölkələrində bu meyarların yeni tətbiq olunduğu ilk illərdə uşaq ölümü göstəricisi 20-40 faiz artmışdı. Azərbaycan dünyada bu meyarlara keçən ilk ölkələrdən olmasa da, keçid dövrünə daha yaxşı hazırlıq işləri aparıldı. Buna görə də Azərbaycanda uşaq ölümlərinin sayının 0,8 faiz artması çox yaxşı göstəricidir. Yeni meyarlara keçid o demək deyil ki, əvvəlki illərdə az çəkili uşaqları müalicə etmirdik. Sadəcə, onlar ümumi statistikaya yeni doğulmuş uşaq kimi daxil edilmirdi, buna görə də onların uşaq ölümlərinin statistikasına təsiri yox idi”.

Baş neonatoloqun sözlərinə görə, bəzi hallarda yeni doğulmuşların ölümünə həkim səhlənkarlığının səbəb olduğu iddia edilir, “körpəyə həkim yaxşı baxmadı, ona görə öldü” kimi şikayətlər edilir. Lakin R.Hüseynovun fikrincə, bu ölümlərə həkim səhlənlənkarlığı deyil, həkimlərin istənilən səviyyədə peşəkar olmaması səbəb ola bilər: “Yaxud da ola bilər ki, həkim müasir texnologiyalarla dərindən tanış olmur, problemlər də bunlardan yaranır. Buna görə də SN tərəfindən həkimlərin təkmilləşdirilməsi üçün daim iş aparılır”.

Hüseynov qeyd edib ki, əhali bəzi xəstəliklərinin müalicəsinin, xüsusilə ekstremal, az çəki ilə doğulan uşaqlarda rastlaşılan bəzi problemlərin həllinin mümkünsüz olduğunu da başa düşməlidir. Digər tərəfdən, xəstənin valideynlərinin də həkimə inamı olmalıdır.

Azərbaycanda həkimlərə inamın xeyli azalmasına təəssüflənən baş neonatoloqun sözlərinə görə, regionlardakı həkimlərə inam olmadığından uşağında ciddi problem olmayan valideyn də onu Bakıya gətirmək istəyir: “Bu isə uşağın yaşamaq şansını daha da azaldır. Başa düşmürlər ki, yeni doğulan körpənin 200-300 km məsafədə hətta xüsusi nəqliyyatla belə Bakıya gətirilməsi uşağın sağlamlığına çox pis təsir edə bilər. Bu, uşağın yaşamaq şansını azaldır. Belə uşaqlar rayonda qalsaydılar, onların yaşamaq şansı bəlkə də daha çox olardı. Çox təəssüf ki, neonatalogiya sahəsində əsas problemlərimizdən biri budur. Amma bunlar həll olunan problemlərdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir