qrip

Boğaz ağrısından qurtulmaq üçün 12 ÜSUL: həkimə ehtiyac qalmayacaq

Baxış sayı: 1. 652

Sirr deyil ki, çoxlarımız evdə hazırladığımız qarışımlar və türkəçarə üsullarla boğaz ağrısından xilas ola bilirik. “Gencaile.az” Aile.lent.az-a istinadən boğaz ağrısından xilas olmaq üçün 12 məsləhət təqdim edir.

Soyuq havalı günlərdə yuxarı tənəffüs yolu infeksiyaları tez-tez qapını döyür. Bu, özü ilə bərabər boğaz ağrısını da gətirir. Boğaz ağrısının səbəb olduğu udqunma, yemək yemə və danışmaq çətinliyi gündəlik həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir edir.

Boğaz ağrısından qurtulmağın yolları

1. Duz və karbonatla qarqara edin

Duz və karbonat (çay sodası) boğazı təmizləyir və mikroblardan xilas edir. Bir stəkan ilıq suyun içərisinə bir çay qaşığı duz və bir çay qaşığı karbonat əlavə edib qarışdırın. Bu qarışımı dişlərinizi fırçaladıqdan sonra qarqara etsəniz, həm ağzınızın içərisindəki mikrobları azalda, həm də boğazınızı yumşalda bilərsiniz. Suyu təkcə sadəcə ağzınızın içərisində çalxalamaqla kifayətlənməyin, həm də başınızı arxaya əyərək boğazınızı da qarqara edin. Bu halda qarışımı bütün boğaz hissəsi üçün tətbiq etmiş olarsınız. Qarqara edən zaman suyu udmamağa çalışın və mütləq tüpürməyə cəhd edin.

2. Bal, limon və zəncəfilin gücündən faydalanın

Evinizdəki ədviyyatlarla hazırlaya biləcəyiniz sadə bir qarışımla boğaz ağrısından xilas ola bilərsiniz. Balın boğazı yumşaltmaq, limonun antibakterial xüsusiyyəti ilə yanaşı C vitaminindən və toz zəncəfilin bəlğəm gətirici xüsusiyyətindən faydalana bilərsiniz. Bir neçə qaşıq balla yarım limonun suyu, bir çay qaşığı tox zəncəfili qarışdırın və üzərində az miqdarda ilıq su əlavə edin. Əldə etdiyiniz qarışım boğaz ağrısı üçün təsirli bir vasitə olacaq.

3. Nanə cövhərli buxar vannası edin

Burun tutulması və gecələr ağzı açıq yatmaq ağzın qurumasına səbəb olur. Bu isə ağıza çoxlu sayda mikrobun daxil olub yerləşməsinə imkan yaradır. Yatmazdan əvvəl qəbul edəcəyiniz isti bir duş həm sizi rahatlandıracaq, həm də burun tutulmasının qarşısını alaraq, hava yollarınızın açılmasına səbəb olacaq. Nanə cövhərli bir buxar vannası da burun tıxanıqlığının aradan qaldırılmasına səbəb olur. Bundan başqa, qarqara etmək üçün istifadə etdiyiniz duzlu-karbonatlı qarışımı burnunuzu təmizləmək üçün də istifadə edə bilərsiniz.

4. Cökə və adaçayı için

Boğazdakı qıcığı aradan qaldırma xüsusiyyəti ilə tanınan cökə və adaçayı boğaz ağrısı yaşadığınız müddətdə çox təsirli ola bilər. Bundan başqa, bu bitkilər immunitet sistemini gücləndirərək, bədəninizin infeksiyalara qarşı müqavimətini artırır. Buna görə də hazırlayacağınız bitki çayı boğaz ağrınızın qarşısını almaq üçün təsirli vasitədir.

5. Bol su için

Bol su içmək boğaz, dolayısı ilə hava yollarının nəmli qalmasını təmin edir. Bu da ağzın qurumasının qarşısını alır, boğazdakı qıcıqlandırmanı azaldır. Gündə ən azı 1,5-2 litr su içməyə cəhd edin. Suyu ilıq olaraq, yəni otaq temperaturunda için. Çünki soyuducudan götürüb içdiyiniz su boğaz qıcıqlandırmasını artıra bilər.

6. Qidaları ilıq yeyin

Həddən artıq isti və ya soyuq içkilər boğazınızdakı qıcıqlanmanı artıra bilər. Buna görə də mütləq qida və içkilərinizi ilıq formada qəbul edin. Boğazınızın həddən artıq ağrılı, şiş və iltihablı olduğu vaxtlarda yumşaq xüsusiyyətli plov və ya püre formasında yeməklər yeyin. Bu cür yeməklər çeynəməniz və udmağınız üçün daha asan olacaq.

7. Siqaret və siqaret tüstüsündən uzaq olun

Siqaret çəkmək nəfəs yollarını həm qıcıqlandırır, həm də xarici təsirlərə qarşı müdafiəni azaldır. Sadəcə siqaret çəkmək də hər hansı infeksiya olmasa belə, boğazda ağrı, qıcıqlanma və öskürəyə səbəb ola bilər. Siqaretdən başqa, başda qəlyan olmaqla tüstülü vasitələrdən istifadə və hətta bu vasitələrin tüstüsü olduğu yerdə durmaq boğazınızı qıcıqlandıra, boğaz ağrısının sağalmasını gecikdirə bilər. Buna görə də siqaret çəkməyin və siqaret tüstüsündən uzaq durmağa çalışın.

8. Qızdırıcı üzərinə içi su dolu qablar qoyun

Soyuq qış aylarında evlərin isinməsi səbəbindən mühitdəki nəmlik azalır və udulan quru hava boğazdakı qıcıqlanmaya səbəb olur. Bunun qarşısını almaq üçün evinizdə mağazadan aldığınız buxar avadanlıqlarından istifadə edə bilərsiniz. Bundan başqa daha bir çıxış yolu var: evinizdəki qızdırıcının üzərində içi su ilə dolu qab və ya qablar qoyun. Bu yollardan istifadə etməklə siz mühitin nəmli havasını təmin edə bilərsiniz.

9. Ucadan danışmayın

Ucadan danışmaq və qışqırmaq boğazda qıcıqlanmaya, səs tellərinin zədələnməsinə səbəb olaraq səsin batmasına gətirib çıxara bilər. Buna görə də xüsusən də soyuq havalı günlərdə səsinizdən istifadə edən zaman daha diqqətli olmağınız məsləhətdir.

10. Yeməklərinizə diqqət edin

Boğaz ağrısının arxasında yatan və xüsusən də gözdən qaçan səbəblərdən bir də reflüks xəstəliyidir. Reflüksün qarşısını almaq üçün yatmadan 3 saat əvvəl yemək-içmək olmaz, xüsusən də tərkibində turşu olan qidalar və içkilər qadağandır. Bundan başqa, yatan zaman çalışın ki, yastığınız hündür olsun.

11. Kor-koranə dərmandan istifadə etməyin

Demək olar ki, hər kəsin evində dərman qutusu var və həmin qutuda çox zaman istifadə etmədiyiniz dərmanlar qalır. Boğazınız ağrıdığı zaman, özünüzü narahat hiss etdikdə həmin qutuya üz tutaraq əlinizə keçən dərmanı ata bilərsiniz. Lakin sadə görünən bitki dərmanının tərkibində belə, şəkər ola bilər və bunun diabeti olan insana zərər verə biləcəyini unutmayın. Xüsusən də antibiotik kimi dərmanları həkimlə məsləhətləşmədən qəbul etməyin. Ən əsası isə dərmanları əlinizə alanda mütləq son istifadə tarixinə diqqət edin.

12. Həkimə müraciət edin

Yüksək hərarət, halsızlıq və bütün bədənə yayılan ağrı, şiddətli öskürək, sarı-yaşıl rəngli bəlğəm tüpürürsünüzsə və boğaz ağrınız 1 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir