Amerikalı alimlər sınaq zamanı aydınlaşdırıblar ki, insanlar fövqəladə vəziyyətdə sağlam düşüncə və yazılı təlimatlarla müqayisədə robotlara daha çox inanırlar.
“Lenta.ru” saytı yazır ki, Corciya Texnologiya İnstitutunda çalışan tədqiqatçılar 30 könüllünü kiçik otağa salaraq onlardan tapşırığı yerinə yetirməyi xahiş ediblər. Qəfildən yanğın siqnalizasiyası səsi eşidilib və tüstü yayılmağa başlayıb. Könüllülər seçim qarşısında qalıblar: daxil olduqları qapıdan çıxmaq, yoxsa, robotun göstərdiyi qaranlıq və kiçik arxa qapıya tərəf getmək? Onların əksəriyyəti (26 nəfər) robotun komandasına tabe olaraq arxa qapıya tərəf gediblər. İki nəfər sınaqda iştirak etməkdən imtina edib, digər ikisi isə tərpənməyib. Təkər üzərində hərəkət edən və zibil çənini xatırladan “Pioneer P3-AT” robotuna insanları haqlı olduğuna inandırmağa heç cəhd də etmək lazım gəlməyib. Robotun üzərində “fövqəladə vəziyyətlər üçün” yazısı olan xüsusi plakat bəs edib.
Alimlərin fikrincə, könüllülərin belə davranışı naviqator üzrə hərəkət edən sürücülərdə olduğu kimidir.