Bu, ağciyər adamların peşəsi deyil. Bununla belə, dünyanın bəzi yerlərində insanların təhlükədən qorunması üçün ilanların başqa yerlərə köçürülərək xilas edilməsi həyati əhəmiyyətli vəzifədir.
“Gencaile.az” xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatının məlumatına görə hər il dünyada 5 milyon insan ilan sancmasına məruz qalır. Bunlardan 100 mini dünyasını dəyişir, daha 400 min nəfər ömürlük əlilliyə düçar olur. Hindistanın Bombey şəhərindən doktor Madhurita Gupta, və Avstraliyanın Brisbeyn şəhərindən Culia Baker sürünənlərlə gördükləri iş barədə BBC-yə məlumat veriblər.
İlanları sevmək lazımdır
Doktor Madhurita Gupta üçün ilanlar sülalə işidir. Onun atası da ilanları öyrənən alim olub. O ilan saxlamağa 15 yaşından başlayıb və deyir ki, onlarda “adamı üşüdən bir sehir” var.
O baytarlıq kollecində təhsil aldıqdan sonra, əri ilə birlikdə İlanların Mühafizəsi Trestini yaradıb. Bu təşkilat sürünənlərin xilasına köməklik göstərir. Dünyanın o biri başındakı Culia Baker isə ilanlara 30 yaşlarında zooparka getdikdən sonra aşiq olub.
“Onlar ilanı mənim boynumdan sallayanda sözün əsl mənasında hönkürürdüm. Bu kiməsə vurulmaq kimi idi. İlanla təmas mənim bədənimdə kimyəvi reaksiya yaradırdı” – deyir Baker.
O indi vətəni Avstraliyanın televiziyasında “Snake Boss” proqramının aparıcısıdır.
Bu iş üçün xüsusi avadanlıq tələb olunur
Hindistanda yaşayan doktor Gupta çağırışlara gedərkən bütün lazım olan alətləri özü ilə götürə bilmək üçün xüsusi ilan xilas edən motosiklet düzəldib.
“Mənim xilasetmə işi üçün lazım olan bütün alətlərim – ilan tutan çubuqlarım, qayçılarım, torkəsənlərim və sancmaya qarşı zərdab qutum var” – deyir Gupta.
Amma Avstraliyada xanım Baker özü ilə ilan zəhəri gəzdirmir. Burada adamları ilan sancanda xəstəxanaya gedirlər. O bunu da izah edir ki, onun işlədiyi ilanların yarısı sancarkən zəhər buraxmır.
Hər bir ilanı xilas etməyə ehtiyac yoxdur
Xanım Baker deyir ki, əgər çardağınızda ilan yaşayırsa, ona heç toxunmamaq yaxşıdır. “Mən adamları dilə tuturam ki, ilanların köçürülməsini istəməsinlər. Onlar da bizim kimi Avstraliyada yaşayırlar – deyir ekspert.
“Bizim hesablamalarımıza görə Brisbeyndə evlərin 50 faizinin çardaxlarında pitonlar yaşayır. Onlar heç bir problem yaratmırlar, adamların çoxu heç çardağa çıxmır. Pitonlar orada yaşayır, siçovul və mişovulların oralara doluşmasına imkan vermirlər”.
Təlim görməmisənsə ilana toxunma
Xanım Bakerə görə Avstraliyada ilan çalanların 95 faizi onlara toxunmağa çalışdıqları üçün problemlə üzləşirlər. Amma bu ölkədə ilan sancmasından ildə yalnız 5 nəfər ölür.
O izah edir ki, Avstraliyanın böyük ölçülərinə və kiçik əhalisinə görə bəzi ilan növləri nadir hallarda gözə dəyir. Məsələn, dünyanın ən zəhərli ilanı olan qəddar ilan (Oxyuranus microlepidotus ) belələrindəndir.
Doktor Gupta deyir ki, Hindistanda ilan çalmasından ölüm halları çox yüksəkdir. Hər il təxminən 60 min insan ilan sancmasından ölür.
“Düşünürəm ki, burada gənclər ilanları xilas edərkən selfie çəkməyə can atırlar. Gənc nəsil ilanları Facebook-da macəralı foto yerləşdirmək üçün xilas edir. Lakin bu insanlar xüsusi təlim görməyiblər və ölümlə üzləşirlər”.
İlan hətta onu xilas edəni də sanca bilər
Xanım Baker etiraf edir ki, bir dəfə köçürmək istədiyi piton onu sancıb.
“Bəzən adam özünə çox arxayın olur. Məndə də belə oldu. Pitonun başını buraxdım. O arxayınca qoluma sarıldı və biz onu 20 dəqiqəyədək aça bilmədik”, deyir Baker.
Xanım Baker məsləhət üçün dostuna zəng edib, o isə deyib ki, ilanın üstünə bir az su töksün, ilan özü çıxıb gedəcək. O da belə edib. Onda pitonun özü açılaraq çıxıb gedib.
“Mənim az qala sarsıntıdan ürəyim gedəcəkdi. Çox incidirdi” – deyir Baker.
Bununla belə, xanım Baker peşəsini atmayıb. “Bu çox gözəl bir canlıdır və çox faydalı işlər görür. Amma adamlar bundan xəbərsizdirlər” – deyir ilan xilas edən.