Uşaqlarda təmizlik tərbiyəsi necə formalaşdırılmalıdır?

Baxış sayı: 1. 429

Tərbiyə hər yaşda var, 7-də də, 70-də də. Başqasını tərbiyə etmək özünü tərbiyə etməkdən başlayır. Özünü tərbiyə edə bilməyənin başqasına verdiyi tərbiyə əksər hallarda uğursuz olur.

Tərbiyə səhvdən qaçmaqdır, doğruya yönəlməkdir. Tərbiyə özü ilə mübarizədir, özünənəzarətdir. Tərbiyə təmizlənməkdir, arınmaqdır. Tərbiyə saflaşmaqdır, gözəlləşməkdir…

Kim tərbiyənin gücünə inanmırsa, Allahın bildirdiklərinə etiraz etmiş olur. Xoşbəxtlik istəyən insan özünü hər an tərbiyə modeli içində tutmağı öyrənməlidir.

Bəzi xəstəliklərin və xarakterlərin irsi olduğunu inkar etmirik. İrsiyyətin rolu var, ancaq əksər hallarda tərbiyə onu yenidən şəkilləndirə, dizayn edə bilir. Əgər tərbiyə irsiyyətdən güclü olmasaydı, onda daha bu qədər təlimlərə, kitablara nə ehtiyac var idi ki?..

***

Uşaqların tərbiyəsi bəzi fikirlərə görə, ana bətnindən, bəzi fikirlərə görə də valideynin nikahından başlanır. Əslində hər ikisi eyni mənaya gəlir və hər ikisi doğrudur. Əsas olan odur ki, verilən tərbiyə doğru olsun.

Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən. Əgər irsiyyəti nəzərə almasaq, bu sözlə tam razılaşmaq olar. Ancaq bir məsələ də var ki, hər uşağın imkanları, potensialları eyni olmur.

***

Təmizlik iki müstəvidə olur: maddi və mənəvi. Hər biri də ciddi tərbiyə tələb edir. Əl-üzümüzü, üst-başımızı (elə ətrafımızı da) su ilə, sabunla, müxtəlif texniki vasitələrlə təmiz tutduğumuz kimi, mənəvi dünyamızı da səmimi etirafla, üzrxahlıqla, peşmançılıq hissi ilə, tövbə ilə təmizləməliyik. Özümüzdən başlamalıyıq ki, başqalarını da inandıra bilək, özümüzü tərbiyə etməliyik ki, başqalarını da tərbiyə edə bilək…

***

Başlayaq mənəvi təmizlikdən. Əgər bir ailədə valideynlər uşaqları eşidə-eşidə qonşunun arxasınca danışırlarsa, sonra da həyətdə həmin qonşu qarsilasanda üzlərinə səmimiyyət maskası taxaraq, şirin-şirin hal-əhval tuturlarsa, onların verdiyi tərbiyənin, dedikləri sözlərin müsbət mənada heç bir təsiri olmayacaq. Hələ bəlkə həmin uşaq valideyninin o qədər də səmimi olmadığını düşünəcək. Ola bilsin ki, bu gün üzə vurmayacaq, “Evdə filankəsin haqqında bir cür danışırdınız, ancaq özünü görəndə başqa cür danışırsınız” deməyəcək, ancaq hər halda yenə öz düşündüyünü düşünəcək.

***

Əsl tərbiyə sözlə olmur, gözlə olur. Yəni, uşaq eşitdiyinə yox, gördüyünə inanır. Eşitdiyindən daha çox, gördüyündən dərs alır. Bir mənzərəni təsəvvür etməyə çalışın:

Axşam ailə toplaşanda ana atanı sorğu-suala tutur:

– Bəs sən niyə demirsən ki, filankəsə kömək eləmisən, onu xəstəxanaya aparmısan, dava-dərmanını almısan?

Hiss olunur ki, ata bu mövzuda danışmaq istəmir, söhbəti dəyişir. Qadınsa, elə bil, ərini yenicə tanıyırmış kimi əl çəkmək istəmir:

– Bu səhər həyətdən çıxanda rastlaşdıq. Səndən bir razılıq eləyir ki, yerdən göyə qədər. Deyir, atanın-qardaşın elədiyi yaxşılığı səndən görüb.

Atanın kefi pozulan kimi olur və açıq-aydın görünür ki, söhbətin uzanması onu narahat edir:

– Səndən çox xahiş edirəm, bu söhbəti danışmayaq. Allah bizə bir işə yaramağı, bir yaraya məlhəm olmağı nəsib edibsə, bunun üçün şükür etməliyik…

Söhbətin mövzusu dəyişir və hər kəs süfrə başında öz yerini tutur. Gecə yatağına girəndə üçüncü sinifə gedən oğul atasının gizli qəhrəman olduğunu düşünür və elə bunu düşünə-düşünə də yuxuya gedir…

***

Etiraf, üzrxahlıq mədəniyyəti tərbiyədə çox mühümdür. Səmimi insan öz səhvi üçün uşağından üzr istəməkdən çəkinməz. Bu, təkcə özünü deyil, həm də qarşı tərəfi tərbiyənin ən gözəl yoludur. Üzr istəmək əskiklik deyil, təmizlənməkdir, etirafdır, üzrxahlıqdır, dürüstlükdür, böyüklükdür. İnsan səhvində təkid edirsə, “Mən böyüyəm, mən haqlıyam”, – deyirsə, qarşı tərəf ya ədəb göstərib söhbətdən çəkiləcək, ya da “hücuma keçib”, hər şeyi bir-bir sayıb tökəcək.

***

Mənəvi təmizlik və bu istiqamətdə tərbiyə söhbətini istədiyiniz qədər uzatmaq mümkündür, ancaq bircə onu vurğulamaq kifayətdir ki, başqasını tərbiyə özünütərbiyədən başlayır.

İndi də maddi təmizlik və bu istiqamətdə tərbiyədən danışaq. Maddi təmizlik tərbiyəsi, yuxarıda dediyimiz kimi, valideynlərin nikahından başlayır və sonra da mərhələlərlə davam edir. Körpənin yaxasından asılmış təmiz dəsmaldan tutmuş, onun yatağına döşənən mələfəyə qədər hər şeyin tərbiyəyə birbaşa dəxli var.

Təmizlik tərbiyəsi əslində kompleks bir işdir və gün boyu davam etdirilməlidir. Uşaq yuxudan durdumu, düşündüyü ilk iş təmizlik olmalıdır. Bu cür məsələlərdə güzəştə getmək də doğru deyil. Yatağın yığışdırılması, otağın səliqəyə salınması, əl-üzün yuyulması, dişlərin fırçalanması, saçları daramaq, dırnaqları tutmaq, paltarları ütüləmək, ayaqqabıları təmizləmək… bir sözlə, hər birisi təmizlik tərbiyəsinin müəyyən çalarlarını ifadə edir.

***

Bəzən ana canıyananlıq edərək uşağının görməli olduğu işləri öz boynuna götürür: onun yatağını yığışdırır, paltarını yerindən asır, masasının üstünü səliqəyə salır, ayaqqabısını boyayir və s…

Etiraf edək ki, fədakarlığı ilə xarakterizə olunan Azərbaycan anasının bu davranışları əksər hallarda uşağın təmizlik tərbiyəsinə pis təsir bağışlayır. Bəlkə də bütün bunlar ana üçün çətin deyil, ancaq o çalışmalıdır ki, uşağı da bu vərdişə yiyələnsin. Çünki ana həmişə onun yanında olmayacaq. Ana ona nail olmalıdır ki, uşaq heç kimdən kömək gözləmədən süpürgəni, ya da tozsoranı əlinə götürüb yatağının yanını təmizləməyə adət etsin, ya da heç kimdən yardım istəmədən paltarlarını ütüləməyi öyrənsin, bir sözlə, təmizliyi özünün həyat standartına çevirsin.

***

Təkcə əl-üzün, üst-başın deyil, ətraf mühitin də təmizliyinə çalışmaq hər birimizin insanlıq borcudur. Əgər biri evinin zibilini süpürüb, insanların gəlib-getdiyi yola tökürsə, bu təmizlik yarımçıqdır, el arasında deyildiyi kimi, bığdan alıb saqqala qoymaqdır. Əsl təmizlik bir şəhərin, bir ölkənin, bütün dünyanın təmizliyini düşünmək və bu istiqamətdə çalışmaqdır.

Təmizlik gözəllikdir, insanlığın ən mühüm şərtlərindəndir. Təmiz olmaq və təmizliyi aşılamaq, ən əsası isə tərbiyə halına gətirmək bizim insanlıq borcumuzdur. Bütün gözəlliklərin örnəyi, ən mükəmməl insanlıq məktəbi olan Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) heç sevmədiyi 4 xüsusiyyətdən birinin pintilik olduğunu bildiriir. Bu bilgi əslində bizə təmizliyin dinimizdə nə qədər həssas məsələ olduğunu ortaya qoyur. Bütün ibadətlər də əslində elə insanın mənən və cismən təmizlənməsi üçündür. Allah (c.c.) biz qullarını təmiz, məsum olaraq yaradır və bizə təmiz olmağı öyrədir. Təmiz olmaq əslində Haqqa qovuşmağa hazırlaşmağın başqa bir adıdır. Təmiz olaq, təmiz olmağı təbliğ edək ki, Allah (c.c.) da bizə təmiz olmağı nəsib etsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir