Övladınızın yuxusunu düzgün tənzimləyirsinizmi?

Baxış sayı: 1. 247

Yuxu insanın sağlamlığı , fiziki və psixoloji rahatlığı üçün vacibdir. Uşaqlarda yuxu saatının düzgün tənzimlənməsi onların inkişafında mühüm rol oynayır. Bir çox valideynlər isə  övladlarının yuxu problemlərinin olmasından  narahatlıq hissi keçirirlər.

Övladınızın yuxu prosesinin düzgün tənzimlənməsinə körpəlik dövründən başlamaq lazımdır. Körpəlik dövründə valideynlər uşağın ağladığını, narahat olduğunu görərkən onları öz çarpayısına alaraq bu zaman körpənin rahat yatmasını təmin etdiklərini düşünürlər. Lakin bu kimi hallar uşaqlarda (xüsusilə də yuxarı yaşlara keçdikcə)  yuxu problemlərinə səbəb ola bilər.

Uşaqlarda  yuxu probleminə  səbəb ola biləcək hallara aşağıdakıları aid etmək gərəkdir:

  • Ailədaxili problemlər;
  • Məktəbdə sinif yoldaşları arasında yaşanan  anlaşılmazlıqlar;
  • Dostları ilə yaranan münaqişələr;
  • Yaşadıqları xəstəliklər;
  • Psixoloji problemlər;
  • Düzgün tənzimlənməmiş yuxu vərdişi və s.

Övladınızda yuxu problemlərinin olmaması üçün bilməli olduğunuz məqamlar:

  • Övladınıza sağlam ailə mühiti yaşadın. Ailədaxili münasibətlərin xoş olması uşaqlarda rahatlığı, o cümlədən normal yuxunu təmin edər.
  • Gün ərzində bağçada və ya məktəbdə, yoldaşları və ya dostları ilə necə münasibətdə olduqları haqqında danışması üçün şərait yaradın. Əgər hər hansısa problem aşkarlayarsınızsa onunla söhbət edərək səbəbi aydınlaşdırmağa və problemin aradan qaldırılmasına kömək etməyə çalışın.
  • Yuxu saatlarını eyni vaxtda təşkil edin. Əgər hər dəfə bir vaxtda yatmasına şərait yaradırsınızsa, övladınızda yuxu problemlərinə səbəb ola bilərsiniz.
  • Gün ərzində enerjisini çıxara bilməsi üçün hərəkətli oyunlar oynamasına şərait yaradın. Enerjisini çıxara bilməyən uşaqlar yatarkən narahatlıq yaşayarlar.
  • Yuxu saatından bir qədər əvvəl övladınızın  sakit oyunlar oynamasına, çox hərəkətli olmamasına nəzarət edin.
  • Otaq temperaturunu düzgün tənzimləyin.  Otağın nə çox  isti, nə də çox soyuq olmamasına diqqət edin. Bu onun rahat yatmasına kömək edər.
  • Gecə geyiminin rahat olmasını təmin edin.
  • Kiçik ailə üzvünüzə yatmazdan öncə duş qəbul etdirmək faydalı olar.
  • Sevdiyi bir oyuncaq ilə yatmaq istəyirsə etiraz etməyin. Xüsusilə də yumşaq  oyuncaqlar övladınızda güvən və rahatlıq hissi yaradar.
  • Övladınızı öpərək rahat və şirin yuxular diləyin.
  • Maraqlı nağıl oxumağınız övladınız  üçün xoş olar.

Övladınız gecə yarısı sizinlə yatmaq üçün çarpayınıza gəlirsə buna icazə verməyin. Əgər bir dəfə icazə vermiş olsanız övladınız bu halı yenidən təkrarlamağa cəhd edəcək.

Əgər qeyd olunanları edirsiniz və yenə də övladınızda yuxu problemləri müşahidə olunursa mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir