Zaur Əmiraslanov: “Məni şou-biznes nümayəndəsi hesab etsələr, utanaram” – MÜSAHİBƏ

Baxış sayı: 2. 034

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” deyən ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu bildirir, gənclərə xüsusi qayğıdan bəhs edirdi. Bu gün istedadlı gənclərimizi gördükdə, ulu öndərin səsi qulağımızda cingildəyir. Nə xoş bizə ki, torpağımız neçə-neçə istedadlar yetişdirir.

Düzdür, təəssüf hissi ilə qeyd etməliyik ki, hazırda əsil musiqi sahəsində durğunluq dövrü yaşayırıq. Belə ki, əksər kütlə daha çox yüngül janrlı mahnılara meyil göstərdiyi halda, əsil sənətə, sənətkara dəyər verənlərin sayı azalıb. Ancaq buna baxmayaraq, əsil sənət heç zaman ölmür. Qızıl nə qədər torpaq altında qalsa da, dəyərini itirməz. Müsahibimiz əməkdar artist Zaur Əmiraslanov da məhz elə gənclərdəndir. O, ölkəmizi dünyanın 18 dövlətində təmsil edərək, böyük uğurlara imza atıb. Azərbaycan musiqisini dünyanın tanınmış ölkələrində dinlətdirib və sevdirməyi bacarıb.

Qonağımızı efirlərdə, mətbuatda az görünməsinə görə qınamağa başlamışdıq ki, görün, o bizə nələr danışdı.

– Zaur bəy, hər zaman ciddi, klassik akademik obrazda çıxışlar edirsiniz. Mahnılarınız da obrazlarınızdan qaynaqlanaraq daha səviyyəli və vətənpərvər ruhdadır. Mahnı seçərkən nəyə diqqət yetirirsiniz?

– Mahnı seçərkən daha çox vətənə məhəbbət, sevgi aşılayan sözlərə müraciət etməyə çalışıram. Bacardığım qədər ifa edəcəyim mahnılarda insanları intihara, pis vərdişlərə yönləndirə biləcək sözlərə müraciət etmirəm. İlk olaraq düşünürəm ki, insanlar mahnılardan tək zövq almasınlar, onu dinləyərkən həm də nəsə öyrənsinlər.

– Avropa klassik musiqisinə, ciddi əsərlərə müraciət edirsiniz. Belə əsərlərə müraciət etmək ruhunuzdanmı qaynaqlanır, yoxsa işinizə görə ciddi mövzulara toxunursunuz?

– Bilirsiniz ki, mən Bakı Musiqi Akademiyasının məzunuyam. Məhz buna görə də məndən tələblər, gözləntilər daha böyükdür, nəinki hansısa sıradan bir müğənniyə olan tələblər. Klassika mənim içimdədir, qanımdadır. Düzdür, bu gün əksər müğənnilərə kommersiya, pul gətirən mahnılar daha əhəmiyyətlidir. Eybi yox, qoy insanlar klassikanı sevməsinlər, başa düşməsinlər. Amma zaman gələcək, klassikanı da sevənlər, onu anlayanlar olacaq. Bu, insanların aldığı məktəb tərbiyəsindən irəli gəlir. Mənim hədəflərim çox böyükdür.

– Bilmək olarmı, hədəfləriniz nələrdir?

– Mənim hədəflərim heç də Azərbaycan bazarından ibarət deyil. İstəyirəm ki, bizdə də musiqi mədəniyyəti çox inkişaf etsin. Ancaq görürəm ki, insanların maraqları yüngül mahnılar üzərində köklənib. Düzdür, klassika dinləyən zövqlü insanlarımız da var. Ancaq onlar azlıq təşkil edirlər. Bu da məni məyus edir. Bəzi insanlar da özlərini cəmiyyətə göstərmək üçün klassik musiqini dinləyir və onu alqışlayır. Əslində, onun daxili aləmi başqa cürdür. Klassik musiqini anlayanlar, onu başa düşənlər çox azdır. Yüngül mahnı ifa edənlərə münasibət daha yaxşıdır. Tədbirlərdə onlara qarşı olan münasibəti görəndə istər-istəməz məyus oluram.

– Bəlkə klassik musiqilər yaxşı təbliğ olunmur. Hər şey ondan qaynaqlanır?

– Televiziyada əksər kanallarda əlində pul dayanan müğənnilərimiz çoxdur. Onlar öz aləmində bizə “duzsuz müğənnilər” deyirlər (gülür). Belə olan halda, televiziyaların bizə ayırmağa vaxtları olmur. Biz efirə çıxıb orada boş-boş danışmırıq, kiminsə bostanına daş atmırıq. Ciddi musiqi və böyük layihələrlə məşğuluq. Düzdür, indiyə kimi televiziyada məndən pul istəməyiblər, heç götürmürlər də, ancaq efirlərə də çağırmırlar. Pul versəm də götürmürlər, halbuki başqalarından götürürlər. Şəhidlərimizlə, torpaqlarımızın işğal günləri ilə bağlı, özəl günlərdə məni dəvət edirlər. Çünki bilirlər ki, Zaur Əmiraslanov verilişə gəlsə, hansı mövzulara toxunacaq və o, danışığını, oturuşunu-duruşunu bilir. Hansısa kommersiya və yaxud da gəlir gətirəcək bir mövzu olanda, özlərinə sərf edən müğənniləri, onlara reytinq gətirən müğənniləri dəvət edirlər. Çağırsınlar, bu mənim üçün itki deyil. Hazırda Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri əsasında Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyasının rok versiyasını yazdırmışam. Dünyada bu ilkə imza atan olsa da, Azərbaycan musiqi tarixində ilk dəfə olaraq buna mən müraciət etmişəm. Azərbaycan klassik operasının ariyasını ilk dəfə rok versiyasında tamaşaçılara təqdim edəcəyəm. Mən tamaşaçılarımın zövqünə inanıram. İndi kütlə başqa şey tələb edir. Mən onları məcbur edə bilmərəm ki, klassik musiqini dinləsinlər. Öz gücümə, vəsaitimə bunları etmişəm.

– Televiziyaları anladıq, bəs radiolarda ifanızı niyə eşitmirik?

– Radioda da vəziyyət televiziyadakı kimidir. Onlar da mənə hörmət edirlər, “dostumuzsan, qardaşımızsan” deyirlər, ancaq orada verilən musiqiləri dinləyəndə, onların necə dost olduqları bəlli olur. İncəsənət aləmində qəribə bir tendensiya baş verir. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Deyəsən biz elə yüngül janrlı musiqilərin də sonuna yaxınlaşırıq.

– Özünüzü şou-biznes nümayəndəsi hesab edirsinizmi?

– Xeyr, heç etmək istəmirəm də. Məni şou-biznes nümayəndəsi hesab etsələr, utanaram. Şou-biznesin palazına bürünüb, o aləmdə sürünmək istəmirəm. Düzdür, bu aləmdə yaxşıları da var. Mənim 7 illik konservatoriya təhsilim var, iki ay İtaliyada təcrübə keçmişəm. Dünyanın 18 ölkəsində Azərbaycanı təbliğ etmişəm.

– Biz sizi Azərbaycanın gənc təbliğatçısı kimi tanısaq da, tamaşaçılar bunlardan xəbərsizdilər. Bu məsələdə kim günahkardır?

– İtaliyanın Vatikan şəhərində Roma Papasının müavini kardinal Papanın məhkəmə keçirdiyi zalda bir saatlıq konsertlə çıxış etdim. Kardinal bir saat mənim ifamı dinlədi. Mən o videolenti yerli televiziyaların heç birində yayımlatdıra bilmədim. Çünki bu onlar üçün maraqsızdır. Argentinada öz ifamla erməniləri ayağa qaldırdım. Onun videolentini gətirdim, ancaq heç bir kanal onu yayımlamadı. Bizim telekanallar üçün kiminsə kiməsə şillə vurmağı daha maraqlıdır, nəinki Zaur Əmiraslanovun ölkəni kənarda təbliğ etməyi. Türkiyənin Silifke şəhərində TÜRKSOY-un təşəbbüsü ilə keçirilən II türkdilli ölkələrin mahnı müsabiqəsinin qalibi oldum. Əslində bu tip uğurlarım çox olub. Bunlar insanlarımız üçün çox maraqsızdı. Əslində, bu belə olmamalıdır.

– Fikirlərinizlə razıyıq. Bizim bir çox müğənnilərimiz ömürlərində bir dəfə festivalda iştirak edirlər, beş il onun haqqında ağızdolusu danışırlar.

– Heç bilinmir ki, onlar hansı yeri tutublar. Bəlkə də axırdan birinci yeri tutublar. Əllərində bir kağız saxlayırlar, bir dənə də heykəlcik. Həmin heykəli Oskar səviyyəsində tamaşaçılara təqdim edirlər. Daha sonra sosial şəbəkələr, saytlar da onun uğurlarından danışır. Əgər sən bunu ölkən üçün etmisənsə, adam öz doğması üçün nə etdiyini deməz. Ailə üzvlərimə mən nəsə edəndə, gedib onu kənarda danışmıram. Bu sənin vətənin üçün etdiyin, borcundur. İlk növbədə sən vətəndaş olmalısan. Vətənpərvərlik deyilən bir anlayış var. Amma deməli, sən onu özün üçün edirsən ki, gündəmi də bir həftəlik belə yola verəsən. Bu xəstəlik çox insanlara yoluxur.

– Nə üçün vətən, vətənpərvərlik mövzusu deyilən zaman ilk olaraq siz yada düşürsünüz?

– Çünki Zaur Əmiraslanov sözünə, hərəkətinə fikir verən insandır. Repertuarı və ifası göz qabağındadır. Zaur Əmiraslanov istənilən janrda oxumağı bacarır. Bəlkə də Azərbaycanda mənim qədər çoxşaxəli ifaçı yoxdur. Bilirlər ki, məndən onlara başağrısı gəlməz. Fikirləşirlər ki, hansısa bir digər ifaçını çağırarlar, o da şou-biznesdən danışar, biabırçılıq olar. Mən hərbçiyəm, əslində elin-oban üçün edilən hər bir iş gizli qalmalı, yayımlanmamalıdır. Televiziyalarımız isə başqa şeyə meyil edir.

– Yeri gəlmişkən, bu gün siz həm də Daxili Qoşunlarda zabitsiniz. İki işi bir arada necə çatdırırsınız?

– Mən musiqiçi zabitəm. Daxili Qoşunlarda orkestrdə fəaliyyət göstərirəm. Bizim çox mühüm və səviyyəli tədbirlərimiz keçirilir ki, mən də orda iştirak edirəm, bundan böyük şərəf duyuram. Ən yaxşı iş elə vətənə qulluq etməkdir.

– Gənc yaşda əməkdar artist adına layiq görüldünüz. Sizin uğurlarınıza sevinənlər çoxmu oldu?

– Əksinə, ad alandan sonra çox adam məndən uzaqlaşdı. Ondan sonra çevrəmdəki bir çox insanları daha yaxşı tanıdım. Mənim onlara ehtiyacım yoxdur. Yanımda bir nəfər olsun, ancaq etibarlı insan olsun. Gözləri götürməyənlər isə gedib, bir stəkan su içib sakitləşsinlər. Bu gün incəsənət aləmində dost deyilən bir anlam qalmayıb. Varsa da, çox azdı. Dostluq da bir yerə qədərdir. Maddiyyat üzərində qurulan dostluqlar uzun sürmür. (Kaspi.az)




1 şərh “Zaur Əmiraslanov: “Məni şou-biznes nümayəndəsi hesab etsələr, utanaram” – MÜSAHİBƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir