Sekine Ismayilova

Səkinə İsmayılova: “Həyat yoldaşımın sözü bizim üçün qanundur” – MÜSAHİBƏ

Baxış sayı: 3. 420

Xalq mahnıları və muğamlarımızın əvəzedilməz ifaçısı Səkinə İsmayılovanı geniş təqdim etməyə ehtiyac yoxdur. O, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da yaxşı tanınır. Çünki Azərbaycan muğam sənətini Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində yüksək səviyyədə təbliğ edib, indi də etməkdədir.

Qavalla səhnəyə çıxan ilk qadın xanəndə olub Səkinə xanım. İlk dəfə qadınlardan ibarət muğam üçlüyü yaradıb, bu kiçik kollektivlə bir sıra xarici ölkələrdə çıxış edib.

Xalq artisti Səkinə İsmayılova Opera və Balet Teatrının səhnəsində Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Gülbahar (“Gəlin qayası”), Şahsənəm (“Aşıq Qərib”) kimi obrazlar yaradıb.

Bütün bu fəaliyyətinə, muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə bu yaxınlarda “Şöhrət” ordeni ilə təltif edilib.

Biz də bu xoş günündə sevimli xanəndəmizlə görüşüb, sevincini bölüşdük.

 

   – Səkinə xanım, bu sənəti sevib-seçməyiniz necə oldu? 

– Bakıda “Sovetski” məhəlləsində dünyaya göz açmışam. O məhəllənin özünün xüsusi adət-ənənə, qayda-qanunu, olar-olmazları, əsasən də milli dəyərlərə söykənən ənənələri var. Ailəmiz mənim müğənni olmaq istəyimi qəbul etmirdi. Lakin Əbilov adına Mədəniyyət Evində qarmon sinfinə yazdırdılar. Musiqi dünyası ilə tanışlığım elə ordan başladı. Muğam ifaçılığına marağım ordan yarandı. 6-cı sinifdə oxuyanda, tanınmış pedaqoq, professor Vidadi Xəlilov mənim səsimi eşitdi. Və qərar verdi ki, mən mütləq bu sahədə öz yolumu seçməliyəm.

Artıq mən orta məktəbdə “Oxu, tar”, “İstedad axtarırıq” müsabiqələrində iştirak elədim. “Yar bizə qonaq gələcək”, “Gəl bizə yar” mahnılarını oxudum, birincilik qazandım. Mən xoşbəxtəm ki, hər zaman məni düzgün istiqamətləndirən müəllimlərim olub. Mənim istedadımı təsdiqlədilər, ailəmiz də gördü və razılaşdı…

Orta məktəbi bitirib Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə tanınmış ustad, pedaqoq Nəriman Əliyevin sinfinə daxil oldum. Orda mən bütün muğamların sirlərini öyrəndim. Bura Bakıda yeganə muğam məktəbi idi. Dərs proqramımızda Seyid Şuşinskinin tərtib etdiyi muğamların hamısı var idi. Nəriman müəllim çox böyük müəllim idi. Muğamları çox gözəl tədris edirdi.

Ordan da opera səhnəsinə gəldim. Opera səhnəsində yeni səslərə, yeni ifaçılara tələb vardı. Mənim ifamı bəyəndilər, elə həmin vaxtdan da teatra solist qəbul edildim. İlk dəfə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli rolu tapşırıldı. Leylini Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Alim Qasımov və Mənsum İbrahimovla oynadım. Onların hər biri yaddaqalandı…

Həyat yoldaşım məndən iki yaş böyükdür. Mən estrada müğənnisi olsam, yəqin ki, oxumağıma razı olmazdı. Bir dəfə məni Nizami filminə Afaq roluna çəkmək istəyirdilər, o razı olmadı. Yəqin ki, bu, qısqanclıqdan irəli gəldi. Onun sözü bizim üçün qanundur. İndi isə Xurşudbanu Natəvan roluna çəkilmək istərdim…

 

   – İndi özünüz də tələbə yetişdirirsiniz, necədir, bacarıqları, istedadları sizi qane edir? 

– İstedadı olmayan tələbənin burda nə işi var. Onlar qabiliyyət imtahanı verirlər, səslərini eşidirik. Çox istedadlı tələbələrim yetişib, yetişməkdədir. Tələbə bir-iki günə yetişmir. Onun uğuru zəhmətindən asılıdır.

Mən on ildir ki, “Muğam müsabiqəsi”nin münsiflər heyətindəyəm. Mənim də tələbələrim burda iştirak edirlər. Qalib, prezident mükafatına layiq görülən tələbələrim var.

 

   – İşdən, sənətdən, səhnədən qıraqda, təbii ki, boş vaxtınız olanda nə edirsiniz? 

– Bir xanım olaraq öz evimdə, ailəmdə çox ləzzətli yeməklər bişirməyi sevirəm. Mətbəx mənim ən çox dincəldiyim, istirahət elədiyim yerdir.

Maraqlı kitablar mütaliə eləməyi, maraqlı yazılar oxumağı xoşlayıram. Masamın üstündə, Füzuli, Seyid Əzim, Nəbati, Raci və başqa şairlərin kitabları var. Bizim gənclərin kiçikhəcmli yazılarını da oxuyuram. Mən Füzuli dühasına çox bağlıyam. Onun qəzəllərinin açılmasına, tərcüməsinə müraciət edirəm.

Məktəb illərindən bu yana Cəfər Cabbarlının dram əsərlərini, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, İlyas Əfəndiyevin əsərlərini çox sevmişəm, oxumuşam. Onların əsərlərində yenilik var, bu günlə səsləşir.

Cabbarlının, Cavidin şeirlərinə müraciət edirəm. Müxəmməsləri sevirəm. Hər dəfə ifa zamanı yeni qəzəllərə müraciət eləmək mənim hobbimdir.

Oxumadığım muğam yoxdur. Musiqi tarixinə adımı bütün dəsgah muğamlarını ifa etməklə yazmışam. Hamısı “Qızıl fond”da qorunub saxlanır.

Operamızda da bütün şah əsərləri oynamışam…

 

   – Bir müddət əvvəl “Şöhrət” ordeninə layiq görüldünüz. O xəbəri necə qarşıladınız? 

– Restoranlardan birində yaxınlarımla, ailəmlə 60 illik yubileyimi keçirirdim. Orda musiqi ictimaiyyətindən heç kim yox idi. Bu günümdə də xidmətimdə duran, əziyyətimi çəkən doğmalarımın, ailəmin istəyi, sevgisi olmasaydı, mən səhnəyə çıxıb bu sənətimi nümayiş etdirə bilməzdim və bu uğurlarım da olmazdı. Onlar məni sevə-sevə yola salıblar, qarşılayıblar. Onlara təşəkkür kimi bu günü təşkil etdim. Adam qalmadı ki, zəng etməsin. Zəng edib mükafat almağımı dedilər. Çox sevindim. Prezidentimizin doğum günümdə, yubiley günümdə məni yada salmasından böyük hədiyyə olar?!

 

   – Yeri gəlmişkən, yaşınızın üstünə yaş gəlməsi sizi kədərləndirmir ki? 

– Altmış yaşım oldu. Əsas odur ki, ruhum, sənətə olan eşqim, sənətimə olan sevgi qocalmasın, yaşlanmasın. İnsan var ki, yaşı azdı, onunla iki kəlmə danışırsan, bədbinlyi, ruhsuzluğu sənə keçir. Məndən qabaq da sənətkarlar olub. Biz nəsil-nəsil dəyişirik. Əbədi qalan əsl sənət və səhnədir.

 

   – Toylara gedirsiniz? 

– Toy yaxşı şeydi. Elə eləməlisən ki, onun özü sənin şəxsiyyətini formalaşdırsın, düşüncə tərzini dəyişməsin, ən əsası, insani keyfiyyətini itirməyəsən. Pul, maddiyyat bəzi insanları dəyişə bilir. Bəzi insanlar iki dəfə çaşıb özünü itirir: bir pulu olanda, bir də pulu olmayanda. İnsan nəfsinə qalib gəlməlidi. Bu dünyadan nə aparacaqsan? Hansı sərkərdələrdən, şahlardan artıqsan? Necə gəlimişiksə ana bətnindən, elə də gedəcəyik. Elə eləmə ki, tamah sənə güc gəlsin. Bu mənada mən dövlətin mənə verdiyi o maaşa, qonorara qane olub sənətimin saflığını, zərifliyini, gözəlliyini, səviyyəsini yüksəkliyini qorumuşam. Artıq pul kimə ziyan edir ki?! Kimin ürəyi məni məclisində görmək istəyirsə, muğama dəyər, qiymət verən səviyyəli məclisdə oluram. Dədə-babadan xanəndənin yeri məclislər olub da. Amma dediyim bütün o keyfiyyətləri itirməmək şərtilə.

 

   – Hansı kanalları izləyirsiniz? 

– Azərbaycan televiziyasına baxıram. Xüsusi zövq alıram “Mədəniyyət” kanalından. Orda “Məclisi-üns” var. Şeir süfrəsi açırlar, qəzəl məclisi qururlar. Gənclərimizin muğam ifaları gedir… Onları dinləyirəm, görüm, onların muğam sahəsində nə inkişafları var, hansı yoldadılar? Xəbərlərə baxıram, bütün dünyadan xəbər tuturam.

 

Tez-tez qalmaqallar, narazılıqlar olur sənət adamları arasında. Amma siz həmişə belə söz-söhbətlərdən uzaq olmusunuz...

– Düşünürəm ki, sənin içində, qəlbində övladına, elinə, obana sevgi varsa, bütün bu sevginin ucalığında, böyüklüyündə Allah durur. Bunu dərk eləsə insan, bilər ki, bu dünyada müvəqqəti yaşayır, onun qoyub getdiyi yaxşılıqlarıdır. Düşünər ki, insan bir-birinə pislik eləməsin, qəlb qırmasın. Yalan danışmaq, haqqı tapdalamaq günahdı. Bunlara əməl edəndə, insan rahat da yaşayır. Günah qazanmaq istəyirsən, onda get ağzına gələni danış. Amma danışmalı deyilsən. Əgər müsəlmansansa, içində Allah sevgisi varsa, belə etmə…

 

   – Sizə Həcc ziyarəti də nəsib olub. Allaha nə vaxtdan sığındınız? 

– Dördüncü-beşinci sinifdə oxuyurdum. Bir yuxu gördüm. Ayılan kimi yuxunu evdəkilərə danışdım. Dedim ki, hansısa ziyarətdəydim, orda quyu vardı. Dedilər ki, sən də o quyudan qazdır. Yaşlı adamlar evdəkilərə dedilər ki, bu qıza böyük-böyük ziyarətlər qismət olacaq. Ocaqlar məni çəkir. Allah adı ilə nə varsa, o, məni cəlb edir: Allaha sığın, Allah sənin bütün yollarını açacaq. Dualarını əskiltmə.

Allahın sevgisinə, Allahın cağırışına inanıram. O qədər istəyən də var, gedib Həccə çıxa bilmir. İki dəfə Həcc ziyarətində olmuşam. O qapı açılır, Allah səni dəvət edir. Minlərlə insan Kəbənin başında təvab edir. O gözəlliyi görürsən. Vəzifəsindən, şəxsiyyətindən asılı olmayaraq hamı ağ ehramda olur. Orda bilinmir sən həkimsən, xanəndəsən.

Orda ən böyük dualarım bu idi: İlahi, bu günə kimi mənə nə yaxşı şeylər bəxş eləmisənsə, onları mənə çox görmə. İşğalda olan torpaqlarımız var. Onları haqsız olaraq əlimizdən alıblar. Allah, sən yardımçı ol, torpaqlarımız geri qayıtsın.

Namazda birinci cümləm var ki, İlahi, məni istəyənləri, mənim istədiklərimi mənə çox görmə. Kim mənə nə arzulayırsa, Allah iki qatını versin…

 

   – Sənətinizi davam etdirən varmı? 

– Qızım dilçidir. Yoldaşım neftçidir. Nəvəm Səkinəxanımın isə bir yaşı var…

 




1 şərh “Səkinə İsmayılova: “Həyat yoldaşımın sözü bizim üçün qanundur” – MÜSAHİBƏ

  1. Saria

    Allah sizi salamat elesin! Siz milletin basini uca tutan senetcisiniz.Ona gore size tesekkur edirem.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir