Elmin və texnikanın inkişafı müasir dövrdə insanların tənbəlləşməsinə gətirib çıxarır. Adam səhərlər çarpayıdan qalxmağa əməlli-başlı ərinir…
Bunu nəzərə alan mütəxəssislər isə günə başlamaq üçün enerji yığmının yollarını tapıb.
Ən başlıcası günə düzgün başlamaqdır.
Səhər-səhər yuxudan ayılarkən dərhal sıçrayıb yataqdan qalxmayın. Gözlərinizi yumaraq asta-asta, ləzzətlə gərnəşin. Bunu istənilən vəziyyətdə -böyrü üstə, arxasıüstə və ya üzüqoyulu etmək olar. Bu, qocalı-cavanlı, hamıya xeyirlidir. Yuxu zamanı bədən süstləşir, gərnəşmək isə əzələləri islədərək onları fəaliyyətə hazırlayır və enerji ilə doldurur. Əgər yaxşı təxəyyülünüz varsa, təsəvvür edin ki, pişik yaxud pələngsiniz, o zaman hərəkətləriniz daha rəvan, uyumlu, müalicə effekti isə maksimal olacaq. Siz gərnəşməyə başlayanda, orqanizmdə tonusu yüksəldən və immuntiteti möhkəmlədən həzz hormonları -endorfinlər əmələ gəlir.
Əgər zəiflik keçməsə, aşağıdakı 5 dəqiqəlik çalışmanı icra edin:
1. Gözlərinizi 50-60 dəfə tez-tez qırpın.
2. 30-40 saniyə ərzində barmaqların ucu ilə burnunuzun və qaşlarınızın üst hissəsini ovuşdurun.
3. Əllərinizi 10-20 dəfə yumruq şəklində yumub-açın.
4. Arxası üstə uzanaraq 5-10 dəfə dabanlarınızı döşəyə sıxın.
5. Eyni vəziyyətdə qalmaqla növbə ilə 3 dəfə ayaq pəncəsi, baldır, bud, qarın, kürək, döş, çiyin, boyun və sifətin əzələlərini sərbəstləşdirin.
6. Yenə həmin vəziyyətdə dizlərinizi qarnınıza doğru çəkin və onları əllərinizlə bərk-bərk qucaqlayın, sonra isə ayaqlarınızı yerə dirəyərək çarpazlanmış qollarınızı aralamağa çalışın. Bundan sonra burunla dərin nəfəs alın, sonra ağızla nəfəsi sürəkli halda buraxıb tənəffüsü bərpa edin. Çalışmanı 2-3 saniyəlik fasilə ilə 3 dəfə təkrar edin.
7. Stula əyləşərək ayaqlarınızı döşəməyə qoyun, belinizi düz saxlayaraq, qulaqlarınızı ovuşdurun.
Gimmnastikadan sonra bir stəkan portağal şirəsi və ya limonlu bal şərbəti içmək məsləhətdir.