“Bizə yardım edin, dostlar, qardaşlar! Mövzu dərin, dərdimiz böyükdür!”
Türkiyənin Mersin vilayətindəki Erdemli rayonunda, Üzümlü kəndində yaşayan kişilər aksiya keçiriblər. Onlar bayraqlar və şüarlarla yürüyərək dərdlərini media mənsublarına, dövlət qurumlarının mənsublarına anlatmağa çalışıblar.
“Gencaile.az” CNN-ə istinaldən bildirir ki, Üzümlü kəndinin kişiləri və xüsusilə də gəncləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana, baş nazir Əhməd Davudoğluya müraciət edərək yardım istəyiblər. Onların dediklərinə görə, artıq 9 ildir ki, kəndə gəlin köçmür.
Onların kəndlərini artıq “E.K.E köyü” (Evde Kalmış Erkekler köyü) adlandırırlar.
Kəndin muxtarı Mustafa Başbilen deyib: “Hazırda kənddə ailə qurmamış, 25-45 yaşlarında olan 25 kişi var. Problemlərimiz ağırdır. Gənclərimizin ailə qura bilməmələri kənd əhalisinin sayını azaldır. Vaxtilə burada 400 nəfər yaşayırdı, indi 200 nəfər var. Amma gənclərimiz evlənə bilməsələr də, kəndi tərk etmirlər”.
Kəndin ağbirçəyi Zeynep Öztürk isə belə deyib: “Vallah, məni dərd alıb. Bunlar necə evlənəcək, necə ailə quracaqlar?! Gənclər subay qalmamalıdır. Ev-eşikləri, hər şeyləri var, di gəl, artıq doqquz ildir ki, kəndə gəlin köçmür. Gənclərimizi evləndirmək istəyirik. Ərdoğandan, Davudoğludan yardım istəyirik. Kənddə uşaq səsinin eşidilməsini istəyirik”.
Aksiya Türkiyə mediasında, sosial şəbəkələrdə geniş əks-səda yaradıb. Son məlumatlara görə, Üzümlü kəndinin kişiləri artıq 300 evlənmə təklifi alıblar.