Xalq artisti: “Bunu eləməsəydim, kişi evdən qaçardı” – MÜSAHİBƏ

Baxış sayı: 1. 683

Dünən xalq artisti, sevilən müğənni Zümrüd Məmmədovanın doğum günü idi. “Xanımdan yaş soruşmazlar” prinsipinə əməl edib, biz də onun yaşını soruşmadıq. Əksər həmkarlarından fərqli olaraq yaşlanmaqdan qorxmayan və plastik əməliyyatlardan birmənalı şəkildə imtina edən müğənnini həm təbrik etdik, həm də söhbətə çəkdik.

“Gencaiile.az” illərin sənətkarının Publika.az-a müsahibəsini təqdim edir.

– Yadımdadır ki, mərhum aktyorumuz Telman Adıgözəlov həmişə doğum günlərində kövrəldiyini, hətta ağladığını deyirdi. Fikir vermişəm, nədənsə bəzi insanlar doğum günündə kədərli olur, bəs siz?

– Mən də elələrindənəm. Uşaqlıq illərimdə  doğum günlərimi qeyd etməyi xoşlayırdım. Amma indi nə gizlədim, bikef oluram. Daha çox kövrəlirəm.  Nostalji duyğulara köklənirəm. Ata-anamla keçirdiyim günlər gəlib durur gözümün qabağında, qəhərlənirəm.

– Bəlkə, sizi məyus edən yaş üstünə yaşın gəlməsidir?

– Yox, yaşlanmaqdan qorxmuram. Elə bilirsiniz hər kəsə yaşlanmaq qismət olur? Mən bəzi sənətçilər kimi nə yaşımı gizlədirəm, nə də kiçildirəm. Düz 35 ildir ki, bu sənətdəyəm. Amma elə müğənnilər var ki, məndən sonra sənətə gəliblər, hamı da elə bilir yaşları azdır. Əslində isə, onların çoxu məndən yaşca böyükdür, ya da yaşıdıq. Mən 15 yaşımdan bu səhnədəyəm, çox gənc ikən uğurlara nail olmuşam, dünyanın əksər ölkələrində qastrol səfərlərinə getmişəm.

– Yaşını kiçildən o müğənnilərin əksəriyyəti plastik əməliyyatların hesabına yaşlarından qat-qat cavan görünürlər… Siz necə, nə vaxtsa plastik əməliyyat etdirmisiniz?

– Gərək üzümdə qırış olsun, sifətim sallansın ki, plastik əməliyyata gedim. Heç burnumda da əməliyyat etdirməmişəm, nəyim var, özümündür. Bizdə cavanlıq genetika ilə bağlıdır. Anam rəhmətə gedəndə 70 yaşı vardı, amma üzünə bir dənə də qırış düşməmişdi. Səhnə adamının plastik əməliyyat etdirməsinə pis baxmıram, amma mən özüm də buna ehtiyac duymuram. Həm də əməliyyatdan çox qorxuram.

– Amma belə də deyirlər ki, qadını cavan saxlayan sevgidir…

– Nəinki qadını, elə kişini də cavan saxlayan sevgidir. Əgər insana lazım olan qədər sevgi verilirsə, özünü xoşbəxt hiss edir. Amma gərək sevgi verəsən ki, sevgini də ala biləsən. Təsəvvür edin, evdə hər gün dava gedir, ana balaya, bala anaya, yaxud da kişi arvada, arvad kişiyə çımxırır, orda hansı sevgidən söhbət gedə bilər?

– Siz sevgini daha çox vermisiniz, yoxsa, almısınız?

– Bəzən 50-50-yə olub, bəzən də artıq. Mənə çox şey anamdan keçib. Anam çox incə, kübar xanım olub. Əlindən hər iş gəlirdi. Mənim bütün səhnə paltarlarımı o tikib. Həmin libaslarla dünyanın bütün ölkələrində konsertlər verib, uğurlar qazanmışam.

– Təbii ki, söz-söhbətsiz ailə yoxdur. Ailədə mübahisə olanda kim daha çox güzəştə gedir – siz, yoxsa həyat yoldaşınız?

– Bəzən mən, bəzən də o. Mən demirəm ki, həyat yoldaşım nə deyibsə, hamısına baş üstə söyləmişəm. Mən qoç bürcündənəm və gizlətmirəm, bəzən buynuzlarımı göstərirəm. Elə yoldaşım nə deyibsə, razılaşmamışam. Niyə də razılaşmalıyam ki? Haqsızlıq varsa, o yerdə özümü müdafiə edirəm. Amma ortaq məxrəc tapıram. Bəzi məqamlarda həyat yoldaşımı özüm sözlə, anlayışla  başa salıram.

– Səhv sizdə olanda necə, üzr istəyirsiniz?

– Üzr istəmək deyəndə ki, mübahisəni yoluna qoyuram.

– Həyat yoldaşınızın hansı xasiyyətinə görə çox şeyə göz yumursunuz?

– O, heç vaxt mənim sənətim qarşısına sədd çəkməyib. Bir çox həmkarlarım ərinin sözü ilə sənətdən ayrılıb, amma əvvəl gündən ta indiyə qədər o mənə mane olmadı. Hətta aylarla xarici ölkələrdə səfərlərdə olmuşam, qayıdanda  məni gül-çiçəklə qarşılayıb. Mən də bu hörmətin qarşılığında ona güzəşt etmişəm.

– Bəs onun sizdə dəyər verdiyi xüsusiyyət hansıdır?

– Mən həyat yoldaşımın zəif damarını tuta bilirəm. Bilirəm ki, sevgi kişinin  mədəsinə gedən yoldan başlanır. Həmişə evim səliqə-səhmanlı olub. Kişi gəlib görsə ki, evdə hər şey bir-birinə qarışıb, qazan qaynamır, çayı-çörəyi vaxtında verilmir, onda o kişi başını götürüb evdən qaçar. Demirəm şirindil xanımam, yox, amma səliqə-səhmanıma söz ola bilməz. Yoldaşım da səliqə-səhmanlı olmağımı çox bəyənir. Hər kəs bilir ki, dadlı yeməklər bişirməkdə mənə çatan olmaz. Tərifləmək olmasın, deyirlər Zümrüdün on barmağının onunda da mərifət var. Kişilər də belə qadınları çox dəyərləndirir. Kişi evə gələndə hər yeri səliqəli, süfrəni hazır görəndə xanımının ətrindən xoşhal olanda evə can atır. Bunu eləməsəydim, kişi evdən qaçardı (Gülür).

– Elə burdan xanımlara bir mesaj ötürdünüz. Yəqin qadınlar bu məsləhətinizdən faydalanar…

– Əslində, mən elə əvvəldən təmizkar olmuşam. Nənəm həmişə deyirdi Zümrüd məktəbdən evə gələn səliqə-səhmanla məşğul olur. Məni o biri nəvələrinə misal çəkirdi. Səliqəli-təmizkar olmasaydım, yəqin kişi də məni qoyub qaçardı. Yüz qardaş, ata, dayıoğlanları, əmioğlanları yığışsa da o kişini geri qaytara bilməzdi.

– Xoşbəxt qadın, xoşbəxt ana,  xoşbəxt həyat yoldaşı – bunların hansını seçərdiniz?

– Üçünü də. Sənət adamı olsam da ailəmi qoruyub saxlamışam. Səhnədə qazandığım uğurlar yetərincədir. Xalq artistiyəm, prezident təqaüdçüsüyəm. Ağıllı qızım var, sənətlə məşğuldur. Arif Məlikov kimi gözəl bəstəkarın yetirməsidir, inşallah, onun ümidlərini doğruldar.

– Yeri gəlmişkən, gözünüzün ağı-qarası bir qızınız var.  Bəzi həmkarlarınız tez-tez belə bir fikir səsləndirirlər ki, qızımı müğənniyə ərə vermərəm. Bəs siz?

– Yaxşı oğlan olsa, niyə də yox. Mən özüm də müğənniyəm, onda mənimlə niyə ailə qurublar? Əgər o müğənni ailəsini dolandıra biləcəksə, yaxşı ər olacaqsa, qızımı müğənniyə verərəm.

– Az qala yadımdan çıxmışdı, ilk hədiyyəni kimdən aldınız?

– Hələ gözləyirəm. Həyat yoldaşım mənə sürpriz etməyi çox xoşlayır. Yəqin ki, bu dəfə də mənə sürprizi olacaq.

– Hər halda, ürəyinizə damar nə alacaq?

– Bilir ki, mən daş-qaş sevən deyiləm. Allaha şükür, hər şeyim də var. Daş-qaş, qır-qızılla məni sevindirmək olmaz. Yoldaşım bilir ki, mən səyahətlər etməyi çox sevirəm. Hər il doğum günümdə məni hansısa ölkəyə gəzməyə aparır. Evdə qeyd edirik, sonra da yola düşürük. Bu dəfə də yəqin hansısa xarici ölkəyə səfər edib dincələcəyik. Çünki dincəlməyə ehtiyacım var. Son vaxtlar tez-tez əsgərlərimizin şərəfinə konsertlər vermişəm. İnşallah, bu konsertlər davamlı olacaq. Bəlkə də, mənim qədər vətənpərvərlik mahnıları oxuyan ikinci müğənni yoxdur. Bununla fəxr edirəm.

– Doğum gününüzdə arzunuzu da bilmək maraqlı olardı?

– Ən böyük arzum qızımla bağlıdır. İstəyirəm qızımın toyunu görüm.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir