Google-yeni-logo-hareketli-0109

GOOGLE SİZİ TANIYIRMI? – Virtual aləmdə həyatınıza təhdid olan məlumatlardan xilas yolları

Baxış sayı: 1. 465

“Google çıxdı, mərdlik pozuldu…” Bunu zarafatla deyiblər. Daha doğrusu, məşhur el məsəlini bu formada müasirləşdirmişik. Çünki internetdə istənilən vaxt, istənilən adamı, hadisəni, fotonu, ağlınıza gələcək hər şeyi tapmanız mümkündür. Sanki hamının həyatı bu qara qutunun içində, vahid bazadadır. Kim kimə nə deyib, nələr yaşayıb, həyatı, intriqaları, açıqlamaları…

Xüsusən də söhbət məşhurlardan gedirsə, əmin olun ki, burada gizlədiləcək heç nə qalmır. Amma bu məlumatlardan narahat olanlar və buna çarə tapmaq üçün dəridən-qabıqdan çıxanlar var. Yəni, adını internetin tarixindən sildirmək üçün müxtəlif üsullar və onu düşünənlər var.
İnternet ensiklopediyası Vikipedianın qurucusu Cimmi Ueyls, unudulma haqqı səbəbiylə “Google”ın tətbiq etdiyi fərdi senzura sisteminin müvəffəqiyyətli olmayacağını düşünür. Maraqlı burasıdır ki, Avropa Ədalət Divanının qəbul etdiyi “unudulma haqqı” qərarı qüvvəyə minəndən sonrakı ilk gündə Avropa Birliyinin 28 ölkəsinin vətandaşlarından 12 min məlumat sildirmə tələbi gəlmişdi.
Bu cür tələbə baxmayaraq, Ueyls, senzura sisteminin işə yaramayacağını söyləmişdi: “İnternetin qlobal miqyaslı quruluşundan ötəri, fərdi məlumatları silmə sistemi çox uzun davam etməyəcək.
Məsələn, “Google”ın ABŞ versiyası bu qərara daxil deyil və əsla olmayacaq. Avropada fəaliyyət göstərməyən, lakin başqa ölkələrdə çalışan bir çox axtarış mühərriki var. O axtarış mühərrikləri də, unudulma haqqı qərarını yerinə yetirməyəcələri üçün bir nəfərin internet üzərindəki bütün məlumatlarının sonsuza qədər silinməsi qeyri-mümkündür. Müvəffəqiyyətsiz bir cəhddir”.
“Google”ın rəsmi məlumatında isə qeyd edilib ki, insanların internet üzərindəki keçmişlərinin silinməsi üçün hər 7 saniyədə bir tələb göndərilir. Google şirkətinin “unudulma haqqı”ndan istifadə etmək istəyən onminlərlə vətəndaş şirkətə müraciət edib.
“Unudulma haqqı” əslində, insanların “google” nəticələrindən adlarının silinməsi tələbini ehtiva edir. “Google” bu günə qədər daxil olan tələblərin 41,8 faizini həyata keçirib. Müraciət edənlərin ümumi statistikası göstərir ki, bu sahədə Fransa birinci yerdədir (29 min 10 nəfər). İkinci sırada isə 25 min 78 tələblə Almaniya dayanır.
“Unudulma haqqı”nın detallarına gəlincə, insanlar özləri barədə məlumatları ancaq “google”ın axtarış nəticələrindən sildirə bilirlər, ümumən həmin səhifələri sildirə bilmirlər. Türkiyə və Azərbaycan Avropa Birliyinin üzvü olmadığı üçün bu xidmətdən faydalana bilməz.
2012-ci ilin ikinci yarısında “Google” korporasiyasının serverlərindən müxtəlif informasiyaların silinməsi tələbi ilə xarici dövlətlər tərəfindən təqdim edilmiş sorğuların sayı 26 faiz artıb.
Hesab edək ki, vətəndaş adının “google”dan silinməsini, itməsini, batmasını istəyir. Bunun üçün hansı addımları atmalıdır?
Bunun üçün ilk növbədə sosial mediadakı hesablar silinməlidi. Çünki “Google”, “Yandex” və ya “Bing” axtarış saytlarında qarşımıza çıxan ilk nəticə sosial mediadakı hesabdır.
Öncə “Twitter”, “Facebook”, “Linkedin” kimi saytlardakı profil və mesajlarınız görünür. İnternetdən “yox olma”nın ilk yolu buralardan profillərinizi silməklə başlayır. Əgər ancaq axtarış nəticələrindən “itmək” istəyirsizsə, bəlkə bu profilləri “özəl” edə bilərsiz. Yəni yalnız yaxın dostlarınızın görə biləcəyi profil… Amma bu, tam nəticə verməyə bilər.
Arzuedilməyən nəticələri çıxarın: sosial media profilindən qurtulandan sonra ikinci addım adınızın göründüyü saytları axtarmaqdan ibarətdir. Haralarda göründüyünüzə baxın və bir qırağa qeyd edin. Sayta müraciət edərək, mədəni şəkildə adınızın ordan silinməsini istəyin.
Dünyada qayda belədir: saytlar məhkəmə qərarı olmadan xəbərləri, onun tərkibindəki mətnləri saytdan çıxarmır, belə bir öhdəliyi yoxdur. Amma çox mədəni danışmaqla, onlara xəbərin içərisindəkinin doğru olmadığını, bunun həyatınıza, işgüzar nüfuzunuza zərbə olduğunu izah etməniz mümkündür.
Elektron ünvanla bağlı bütün məlumatlarınızı yox edin. Çünki üzvü olduğunuz bir çox forum və saytlarda istifadə etdiyiniz adlar vasitəsilə də sizinlə əlaqə saxlaya bilərlər. Forumlarda kimliyinizi göstərən paylaşımlarınız varsa, moderatordan onları silməsini istəyin. E-posta ünvanınıza yönləndirilən bütün bağlantıları kəsin.
İnternet üzərindən mümkün olan bütün çıxış yolları fayda vermədiyi halda özünüzə vəkil tuta bilərsiz. Dəlilləri yığın və virtual etibarınızı qorumaq üçün addımlar atmağa hazır olun.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir