aktyor

Aktyorlara nə üçün qız vermirlər? – AKTYORLAR NƏ DEYİR?

Baxış sayı: 1. 681

Aktyorluq hər bir dövr üçün aktual və önəmli sənətlər sırasında yer alır. Əslində kənardan cəlbedici görünən bu sənətdə nə yüksək məvacib, nə də rahat iş rejimi var. İşi çox, pulu az olan bir sənət olsa da, aktyorlar insanların qəlbində taxt qurur, onların ailələrinin bir üzvünə, sevimlisinə çevrilirlər. Təsadüfi deyil ki, bu günün gəncləri ya müğənni, ya da aktyor və ya aktrisa olmaq istəyirlər. Ancaq bu işin bir əmması da var. Belə ki, bu gün aktyora qız vermək istəyən valideynlər də azdır. Aktyorlar kimin qapısına elçi gedirlərsə, qız atası bir qədər tərəddüd edir. Bəs görəsən aktyorlara nə üçün qız vermirlər?

Məsələ ilə bağlı subay və övlad sahibi olan aktyorlara müraciət etdik. Kimisi bunu bəzilərinin sənəti gözdən salmaları, kimisi də aktyorların maaşının az olması ilə əlaqələndirdi. Ailə quran aktyorlar isə belə hallarla rastlaşmadıqlarını, elçi gedərkən onlara məhz aktyor olduqları üçün qız verildiyini dedilər.

Əməkdar artist, rejissor və aktyor Nicat Kazımov deyir ki, o ailə qurarkən belə problemlərlə rastlaşmayıb. Hətta qayınatası qızını ona aktyor olduğu üçün verib: “Yəqin ki, problem maaşın az olmasında olar. Aktyorlar daima üzdə olan insanlardır. Onlarda görünən problemlər bütün sənət nümayəndələrində var. Daima göz önündə olduğumuz üçün bizim bütün doğru və yanlış hərəkətlərimiz daha çox insanların diqqətini çəkir. Hər bir sənətdə əyyaş, yalançı, yüngül və ağır təbiətli insanlar var. Bu o demək deyil ki, pis vərdişlər yalnız aktyorlara xasdır. Mənim aktyor dostlarımın əksəriyyəti evlidir, onlar da elə bir böyük problemlə rastlaşmayıblar”.

“Öz oğlunuza aktrisa alarsınızmı?” sualımıza isə Nicat Kazımov belə cavab verdi: “Mən sadəcə öz övladıma yol göstərə bilərəm. Əgər övlad xoşbəxtdirsə, valideyn ona müdaxilə etməməlidir. Əsas onların bir-birilərini anlayıb-anlamamalarıdır. Oğlum kimi sevəcəksə, ona da razılığımı verəcəyəm. Aydın məsələdir ki, mənim də bəzi şərtlərim olacaq. Övladıma xoş olan mənə də xoşdur. Allah hər kəsin balasını xoşbəxt eləsin, mənimkini də içində”.

Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov bildirdi ki, o, elçi gedərkən heç bir problem yaşamayıb. Bəzi insanların teatra dırnaqarası baxdığını deyən aktyor zəmanədən də gileyləndi: “Bəzi səbəblərə görə, bizim sahəni o qədər də önəmli hesab etmirlər. Oğlan gedib bankda adi kağız daşıyan olsa, deyəcəklər ki, filankəsə gələn elçi bankda işləyir. Mənim qayınatam özü incəsənət adamıdır deyə, mənim üçün heç bir problem olmadı, mən də bu işdə bir az siyasət işlətdim”.

Gələcəkdə elçi gələrkən qızının istəyini nəzərə alacağını deyən Elnur Kərimov hər şeyi qismətlə əlaqələndirdi: “Dünyanın işini bilmək olmaz. Qabaqcadan heç nə demək olmaz. Əsas odur bir-birilərini başa düşsünlər. Əgər onların sevgisi sağlam bir təməl üzərində qurularsa, niyə də olmasın. Onsuz da biz də o yolu keçib gəlmişik. İstənilən sahənin başlanğıcı çətin olur”.

O, hesab edir ki, əvvəllər aktyorluq sənətinə daha böyük maraq olub: “İndi bizim sənətə şit sənət kimi baxırlar. Bəzən də deyirlər ki, aktyor bambılıdır, atlanır-düşür. Ağıllı insanlar bir qədər oturub düşünürlər, övladlarına bir qədər vaxt verirlər. Gözləyirlər ki, bunun sonu necə olacaq. Bizim teatrda belə şeylər olub və sağlam ailə qurublar. Bu gün aktyorların əksəriyyəti evlənmək istəmir. Çünki maaş az, ev də yox. İndiki iqtisadi çətinlikdə heç kim riskə getmək istəmir. Onlar qorxurlar ki, kirayələrdə qalacaq, sosial problemləri daha da artacaq. Hər şey maddiyyatdan asılıdır. Evlənmək istəyən çox subaylar var, onlar özlərini gizlədirlər. İndi sosial evlər verilməlidir. Hər kəs ümidini ona bağlayıb. Sosial evlər veriləndən sonra teatrda davamlı toylar olacaq”.

“Bir ailəm var” serialının qəhrəmanı, aktyor Qərib Nəsibov isə hazırda bəhs etdiyimiz problemi yaşayır. O, deyir ki, istədiyi xanımla ailə qurmaq istəyir, ancaq onun sənəti bir növ əngələ çevrilib: “Bir məsəl var, deyirlər, “Adın çıxınca, canın çıxsın”. Kənardan fikirləşirlər ki, bu, aktyordursa, ətrafında çoxlu qızlar var. Aktyor olmaq o demək deyil ki, bütün günü seriallarda olduğu kimi, real həyatda da qızlarla əylənirsən. Əslində məsələ heç də kənardan göründüyü kimi deyil. Bizim işdə maaş çox azdır. Bu məsələdə valideynləri də qınaya bilmirəm. Atalar da istəyir ki, qızını elə bir oğlana versin ki, onun yaxşı evi, maşını olsun, qızı heç bir çətinlik görməsin. Bəzi valideynlər qızlarını verərkən oğlanın xarakterinə, Allaha olan sevgisinə baxmırlar. Axı pul xoşbəxtlik deyil. Valideynlər ancaq onu düşünür ki, elçi gələn oğlan nazirlikdə işləsin, çoxlu pulu olsun. Hər bir insanın həyatda özünəməxsus bir istəyi var. İnsan arzu, istəklə yaşayır. Aktyorların hərdəmxəyal olduqlarını deyirlər. Özünü tanıyan insan heç vaxt ailəsinə xəyanət etməz, ailəsinə haramlıq gətirməz. Düzdür, elə aktyorlarımız az deyil. Ancaq bu hamıya şamil edilə bilməz axı. Sevdiyim insanla evlənsəm, heç bir xanım mənim ailə qurduğum xanımın dırnağı belə ola bilməz”.

Müsahibimiz deyir ki, onun aktyor dostları da belə hallarla rastlaşıblar: “Devalivasiyadan sonra vəziyyətimiz daha da pisləşib. Aktyorların aldığı pul heç özlərinə çatmır. Çəkildiyim serialda demək olar ki, 2-3-cü dərəcəli obrazlardan birini canlandırıram. Aldığım pul məni qane etmir. Onun üçün məcburam ki, başqa işlərlə məşğul olum”.

Gənc aktyor Səfa Mehdi isə deyir ki, dünya arenasında aktyorluq yüksək səviyyəli, elit sənət kimi qəbul edilir: “Dünyanın inkişaf etmiş ölkələrində aktyorları ən yaxşı məclislərə dəvət edirlər. Çoxları qızlarının aktyorla ailə qurmasını fəxr kimi qəbul edir. Ancaq bizdə hər şey başqa cürdür. Hesab edirəm ki, bu işdə özümüzdə də günah var. Belə ki, bəzi aktyorlar səhnə ilə real həyatı dəyişik salırlar. Sənətimizi nüfuzdan salırlar. Onlar cəmiyyətdə, getdikləri məclislərdə kimisə güldürməyə çalışırlar. Özlərini buna məcbur his edirlər. Əgər aktyor hesab edirsə ki o, düşdüyü məclisdə lətifə danışıb və ya yüngüllük edib, kimisə güldürməlidir, təbii ki, valideynlər ona qız verməzlər. Amma əslində aktyorluq böyük sənətdir. Hörmətli atalar, qızlarınızın aktyorlarla ailə qurmasından qorxmayın”.

Ailə qurmaq Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun da əsas probleminə çevrilib: “Aktyor sənətinə yeni gələn bəzi insanlar sənətimizi ucuzlaşdırıb. Hər hansı qapıya elçi gedərkən qız ataları düşünür ki, aktyorlar çox az maaş alırlar. Belə olan halda, onlar ailəyə baxa bilməzlər. Yəni aktyor imkanlı olmadığına görə onlara qız vermirlər. Aktyoru aktyordan başqa heç kim başa düşməz. Yaşlı nəslin nümayəndələri bizlərə “şit”, “klounluq edən insan” kimi baxırlar. Bir neçə nəfərin yüngül hərəkətlərini görüb, elə hesab edirlər ki, hamı onlar kimidir. Biz xadimələr, süpürgəçilərdən də aşağı – 200 manatdan da az maaş alırıq. Valideynlər də düşünür ki, acından ölən aktyora nə üçün qız verim? O, ailəsini necə saxlayacaq, nə ilə dolandıracaq?”

Hazırda elçi getmək istəsə də, evi olmadığını deyən aktyor kirayədə qalır. Buna görə evlənə bilmədiyini deyən aktyor gələcəyə böyük ümidlər bəsləyir.

Psixoloq Orxan Oruc deyir ki, nəinki bəy, eləcə də xanım aktyorlara qarşı cəmiyyətimizdə münasibət birmənalı deyil: “Bu münasibətin formalaşmasına bir neçə fərqli düşüncə səbəb ola bilər. Aktyorların əsas işi səhnədə olmaqdır. Bəzi insanlarda belə bir fikir formalaşıb ki, aktyorlar ailədən çox, səhnədə vaxt keçirirlər. Digər tərəfdən, bəzi məsələlərdə aktyora ciddi yanaşılmır. Hətta kimsə ciddi danışmayanda belə bir fikir bildirirlər: “Filankəs aktyorluq edir”. Bu onu göstərir ki, aktyorluğu ciddiyətdən uzaq, obrazlı bir peşə kimi qəbul edənlər də çoxdur. Son bir-iki əsrdir ki, aktyorlar teatra çıxırlar, filmə çəkilirlər. Əvvəllər aktyorları təlxəklər əvəz edirdi. Təlxəklərin işi isə saraylarda insanları güldürmək idi. Aktyorluğu bizim insanlar haradasa həmin vəzifənin ardı kimi görürlər, insanları güldürmək, kefini açmaq üçün bir ixtisas olduğunu düşünürlər”.

Psixoloqun sözlərinə görə, aktyorlara qarşı belə bir münasibətin formalaşması heç də doğru yanaşma deyil. Çünki aktyorluqla bağlı insanlarda formalaşmış fikri, qəlibləşmiş düşüncəni sındıran uğurlu aktyorlarımız da var: “Hansı ki sayılıb-seçilən, kifayət qədər hörmət olunan insanlardır. Onlar sübut ediblər ki, aktyorluq peşəsi heç də qeyri-ciddi peşə deyil. O baxımdan, özünü sübut etmiş bir aktyor hansısa qapını döyüb elçi getsə, böyük məmnuniyyətlə qızlarını verərlər. Hansı aktyorlar ki hələ tanınmırlar, özlərini təsdiq etməyiblər, özləri ilə bağlı ciddi bir insan obrazı formalaşmayıblar, bu halda yəqin ki, elçilərinə yox deyilməsi problemi ilə qarşılaşırlar”.

O.Oruc onu da bildirdi ki, valideynlər övladlarının gələcək ailələrinin dağılma ehtimalının çox olduğunu düşündükləri üçün də qızlarını məşhur müğənni və ya aktyora verməkdən çəkinirlər: “Gündəlik şou-biznes xəbərlərini izləyən insanlar həmişə görürlər ki, aktyorlar, şou-biznesdə olan insanların əksəriyyətinin ailə həyatı heç də uğurlu olmur. Yaxud da uğurlu ailəsi və gözəl karyerası olan aktyorlar barmaqla sayılacaq dərəcədədir. Bu düşüncə də təsir göstərir. Gələcəkdə ailənin dağılma ehtimalının çox olduğunu nəzərə alıb, övladlarının məşhur, üzdə olan aktyor və müğənnilərlə ailə həyatı qurmalarına razı olmurlar”.

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir