Aydin Mirzezade

Aydın Mirzəzadə: “Hər il 27 mayda həyat yoldaşıma 17 ədəd qırmızı gül alıram” – MÜSAHİBƏ

Baxış sayı: 2. 027

Onun sosial şəbəkədəki paylaşımlarından səmimi insan olduğunu təsəvvür edirdim. Təxminən, 1 saatlıq söhbətimiz Aydın Mirzəzadənin necə səmimi və mehriban olduğunu bir daha sübut etdi. Onunla ailəsi haqqında çox maraqlı söhbətimiz oldu.

Müsahibimiz Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini və Prezident yanında İdarəçilik Akademiyasının dosenti Aydın Mirzəzadədir.

– İstəyərdim xanımınızla ailə qurmağınızdan danışaq. Bildiyim qədərilə ilk görüşdə artıq evlənmək qərarı vermisiz. Nə vaxtsa düşünməmisiz ki, tələsdim?

– İlk görüşdə, cəmi 20 dəqiqə sonra evlənmək qərarı vermişəm. Özünə dedim ki, anamı sizə göndərmək istəyirəm. Onu birinci dəfə idi görürdüm. Heç vaxt bu qərarımın peşmançılığını çəkməmişəm. Arada yoldaşıma deyirəm ki, mən gərək səninlə məktəbi qurtaran kimi evlənərdim. 27 yaşımda evlənmişəm, həyat yoldaşımla yaşıdam. Onların ailəsini tanıyırdım. Böyük qardaşı “Mingəçevir” qəzetinin baş redaktoru idi, böyük ziyalı idi. Amma həyat yoldaşımı tanımırdım, onun varlığından belə xəbərim yox idi.

27 yaşımda ailəm evdə ciddi surətdə evlənmək məsələmi qaldırdı. Ənənəvi, mühafizəkar Azərbaycan ailələrində olduğu kimi burda da özləri seçim etməyə başladılar. Mən də etiraz etmədim. Valideynlərin uşaqların gələcəyi ilə bağlı fikir bildirməyinə hörmətlə yanaşıram. Bəzən hətta onların seçimi daha möhkəm olur. Təbii ki, uşaqların da marağı, istəyi nəzərə alınmalıdır. Kiçik bacım X sinifdə oxuyurdu. Bir dəfə onların ingilis dili müəllimi xəstələnib. Onun yerinə yoldaşım dərs deməyə gəlib. Bacım gəlib evdə çox təriflədi, anam gedib baxdı. Mən təxmini məlumatlıydım, bir dəfə işdən evə qayıdanda küçədə qarşıma çıxdı. Bizim küçə sakit idi və ordan kim keçirdisə, hamını tanıyırdıq. Mən onu birinci dəfə gördüm və öz-özümə fikirləşdim ki, bacım dediyi müəllimədir. Dəqiq bilmirdim, sadəcə təxmin elədim.

Artıq ailələri haqqında məlumatımız var idi, anam da razı idi. Bacım 1-2 dəfə onların evində olmuşdu. Elə buna görə də bacım zəng vurub, onunla görüşmək istədiyini deyəndə, evlərinə dəvət etdi. Bacım isə dedi ki, “Yox, ciddi söhbətim var, parka gəl”. Bacımın yerinə görüşə mən getdim, salamlaşdım, dedim xanım bir dəqiqə otura bilərikmi? O da özü ilə balaca oğlan uşağını gətirib. Mən bir az orda qeyri-səmimilik elədim (gülür). Dedim sizinlə bir şeyi məsləhətləşmək üçün gəldim, bacım məktəbi bitirir, hansı ali məktəbə getməyini məsləhət görərsiz? O danışdıqca, danışığına, davranışına diqqət eməyə başladım. 20 dəqiqə sonra da dedim ki, xanım, istəyirəm anamı sizin ananızın yanına göndərəm. Çox təəccübləndi. Bütün azərbaycanlı qızlar kimi eyni cavabı verdi: “Anam bilər”. Bu vaxt özü ilə gətirdiyi balaca uşaq da dedi ki, “bibi, gedək onlara”. Ürəyimdə dedim ki, elə mən də onu deyirəm (gülür).

Gəldim anama dedim ki, qərarım budur, səhəri gün getdilər, razılıq alındı. Xasiyyətinə hələ bələd deyildim, amma 27 yaşıma qədər topladığım təcrübəyə əsasən təxmin etdim ki, yaxşı ailə xanımı, yaxşı yoldaş olacaq. Artıq 32 ildir ki, birlikdəyik. Və tanış olduğumuz 27 may tarixini (bazar günü idi, axşam təqribən 18-19:00 arası idi – A.M) hər il evimizdə böyük bayram kimi qeyd edirik. Maraqlısı budur ki, 27 mayda həmişə Respublika günü ilə bağlı (28 may) dövlət tədbiri keçirilir. Biz ora smokinqdə gedirik. Tədbirdən çıxanda mən smokinqdə, gəlirəm gül mağazasına girirəm, 17 ədəd qırmızı gül alıram.

Ona görə 17 ədəd gül alıram ki, onu həmişə 17 yaşında görürəm. Təsəvvür edin, avtomobil dayanır, smokinqdə bir nəfər gəlir, bir dəstə gül alır və gedir. Bir az kino təəssüratı yaradır. Mən hətta adamların təəccüblə baxdığını görürəm. Həmişə o gülləri gətirib yoldaşımı təbrik edirəm və həmişə eyni sözü deyir: “Elə bilirdim yadından çıxacaq”. Və həmişə də bunun ardınca eyni hərəkəti edir, başlayır gülləri saymağa.

– 14 Fevral Sevgililər Günündə xanımınıza gül alıb, bunu sosial şəbəkədə paylaşdız. Kişilər çox zaman sevsələr də, bunu nümayiş etdirməkdən çəkinir. Sizin bu addımınız kişilərə mesaj idi?

– Mən, mesaj verməyi xoşlamıram. Nəyi düzgün hesab edirsənsə, bunun cəmiyyətə ziyanı yoxdursa, mədəniyyətimizə, düşüncəmizə yaxşı mənada təsir edən bir şeydirsə, bunu etmək lazımdır. 14 fevralı nədənsə, daha çox evlənməyən gənclər qeyd edir. Qeyd edim ki, mən, 30 iyunu da sevgililər günü kimi qeyd edirəm. Qoy iki bayramımız olsun, bayramların çox olmasının ziyanı yoxdur. Ona görə də, bu iki bayramı qarşı-qarşıya qoymağı başa düşmürəm. Qoy qadınlarımızı bir gün də artıq sevindirək. Hesab edirəm ki, bu, ümumilikdə xoş münasibət bayramıdır. Həmin tarixdə də, bir gün əvvəldən düşündüm ki, belə bir şey edəcəm.

Ümumiyyətlə, münasibətlərdə bir qədər xoş qeyri-adiliyin tərəfdarıyam. Məsələn, bir dəfə bir dostumun ad günü idi. Mən ona böyük qız kuklası alıb apardım. Ona dedim ki, səni çox istəyirəm, ad gününü təbrik edirəm. Köynək alsam, geyinib köhnəldəcəksən, ətir alsam xoşuna gələr-gəlməz bilmirəm. Sənin qızın var, bu hədiyyəni aldım ki, ad günündə qızın da sevinsin. Bir dəfə də dostuma 1 kq ətirli Lənkəran çayı alıb, apardım. Dedim, sən hər o çayı içəndə məni xatırlayacaqsan. Bir qədər qeyri-adiliyi sevirəm.

14 fevral üçün də fikirləşdim ki, gül alıb, gətirəcəyəm, amma gülü ona verməyəcəm. Qapıdan içəri girəndə yerə atacam. Gedib evdə sakitcə işlərimlə məşğul oldum, qızım da bizdə idi, oğlum da evdə idi. Hamısı gülü yerdə görüb çox təəccübləndilər ki, niyə belə? Bunu Facebookda da paylaşıb belə bir başlıqla yazdım: “Dedim ki…” Mənə xoş gələn o oldu ki, 70-dən çox rəy yazıldı, hərə o cümlənin sonunu öz düşüncəsinə uyğun tamamladı. Sevindim ki, bu addımım kiminsə də daxilində belə bir istək yaradır. Mən isə dedim ki, bütün güllər sənin ayağının altına. Düzdür, bir az keçəndən sonra o gülləri götürdülər, təmizlədilər, güldana qoydular. Sonra kifayət qədər yaşı olan bir ağsaqqal mənə dedi ki, “Aydın müəllim, mən də sizə baxıb, örnək götürüb, eyni addımı atdım”.

Ümumiyyətlə, gənc ailə başçılarına tövsiyəm o olar ki, ailənin möhkəmliyi üçün əlindən gələni etsinlər. Hissinizi vaxtaşırı bildirin, xırda detallarla belə olsa bildirin. Bilin ki, ailənin möhkəmliyi, xoşbəxtliyi kişidən asılıdır. Qadınlar hər zaman hazırdılar, ailəni möhkəm saxlamaq kişidən asılıdır. Heç zaman həyat yoldaşınızın əlini əlinizdən buraxmayın, möhkəm tutun, sizdən küssə də, incisə də, narazılıq etsə də. 32 ildir  evliyik, axırıncı 15 ildir ailə münasibətlərində bir fəlsəfəni həyata keçirməyə başlamışam. Yoldaşım nə deyirsə, deyirəm düz deyirsən. Qəribə bir şey yaranır, mən belə dedikcə, müəyyən müddətdən sonra yoldaşımın iradları öz-özünə gedir.

Kişi və qadın həyata müxtəlif prizmadan yanaşırlar. Bizim həyatda gördüyümüzü, bəzən qadınlar görmür. Qadının gördüyünü, bəzən kişi görə bilmir. Bunlar vəhdət təşkil edir. Kişi, qoruyuyucu mexanizmdir. Həmin o mexanizm olmadıqda faciə yaşanır. Azərbaycan xalqında belə müsbət təcrübə çoxdur. Bizi xaricdəki kimi, müsbət təcrübə təəccübləndirmir, mənfi təcrübə təəccübləndirir. Nəyə görə mətbuatda acı xəbərlər bizi o cür təəccübləndirir. Bu o demək deyil ki, o cür mənfi təcrübə çoxdur, sadəcə biz bu cür hallara təəccüblənirik. O cəmiyyətlərdə ki, bu cür hadisələr tez-tez baş verir, onlar təəccüblənmir.

– Siz özünüz insanları sevindirməyi, xoş sürprizlər, hədiyyələr verməyi sevirsiz? Bəs sizin üçün ən sevindirici və düşündürücü hədiyyə nə olub indiyə qədər? 

– Bir az çətinlik çəkirəm bu suala cavab verməyə. Düşünürəm ki, ailəmin səmimiliyi, dostlarımla dostluğum, cəmiyyətimizdə olan müsbət abu-hava mənim üçün yetərlidir. Artıq digər təəccübləndirici, düşündürücü nəyəsə ehtiyac yoxdur.

– Siz hər zaman sosial şəbəkələrdə keçmişinizlə bağlı şəkillərinizi, xatirələrinizi paylaşırsınız. Bu sizin keşmişinizə bağlı olduğunuzun nümunəsidirmi?

– Hər kəs ilk növbədə ailə şəcərəsini dərindən bilməlidir. Çox təəssüf ki, gənclərimiz öz nəsillərini babadan o tərəfə tanımırlar. Mən, nəslimizin 200 illik tarixinə bələdəm. Babamın babasının atası Mirzə kişi olub. Ordan o tərəfə təəssüf ki, bilmirəm. Bu yaxınlarda onun hardan gəldiyinin və nə işlə məşğul olduğunu belə axtarıb, tapmışam. Hər bir insan kökünü, əvvəlki nənə-balalarla bağlı rəvayətləri, tarixçələri bilməlidir. Biz xatirələrlə, babalarımızın xoş əməlləri ilə güclü oluruq. Eyni zamanda ailə ilə, atalarla, babalarla fəxr etmək lazımdır. Təbii ki, onlar fəxr ediləsi bir şey ediblərsə. Şükür ki, 200 ildə nəslimizdə baş aşağı salınan bir iş görülməyib.

Hesab edirəm ki, həqiqət ilk növbədə ordadır. Nəyisə kənardan götürmək yaxşıdır, amma ilk növbədə ailədən, atadan nümunə götürülməlidir. Və həmin o şəkilləri, xatirələri bölüşdükcə, hesab edirəm ki, başqalarını da bu işə sövq edirəm. Kimsə çəkinir ki, “babalarımızın axı elə bir titulları, vəzifələri yoxdur. Mən cəmiyyətə nə təqdim edim?”

Necə yəni, onlar axı sənin valideynlərini böyüdüb, tərbiyə, istiqamət verib. Onun zəhmətindən, gördüyü işlərdən, nələrdən danışmaq olar. Və hesab edirəm ki, bu, həm onların xatirəsinə, ruhuna hörmətdir, eyni zamanda ayrı-ayrı ailələrin, şəcərələrin timsalında Azərbaycan xalqının mənəvi zənginliyini göstərir. Ona görə də, mən, bundan sonra da o cür paylaşımları etməyə davam edəcəm.

Fotoqrafımızın Aydın müəllimə “Bəy” deyə müraciət etməsi onun çox xoşuna gəldi. Sən demə, Aydın müəllim, həqiqətən də bəy nəslindən imiş...

– Mən həqiqi bəy nəvəsiyəm, Məhəmmədəli bəyin. 1918-ci ildə ermənilər bizim kəndə hücum edəndə ata nənəmin atası Məhəmmədəli bəyin böyük bir dükanı olub. Kəndin silahını o alıb. Belə hesablasaq ki, əgər min ədəd silah almaq lazımdı, hərəsinədə yüz ədəd güllə, bu özü elə indinin özündə də böyük pul edir. Hələ azmış kimi başlayır kəndin camaatı ilə birgə ermənilərlə vuruşmağa. Təqribi hesablamama görə, 38-43 yaş arası olub o zaman. Deyirlər ki, “Bəy, sən get, biz vuruşarıq”. Deyib, “mən, kişi deyiləm ki?” Onun üçün at gətiriblər. Deyiblər, “Bəy, min ata, get, biz vuruşarıq”. Yenə də imtina edib. Orda olan kimisə ata mindirib, onu yola salıb, özü qalıb həmin yerdə. Onu ermənilər tutub, başını kəsiblər.

Nənəm o zamanlar 16-17 yaşında olub, yaxınlıqda bir dağ var imiş, qaçıblar ora. Nənəm Kübra xanım danışırdı ki, “Ermənilər girdilər bizim evə, oranı yandırdılar”. Anam isə tacir qızı, mülkədar nəvəsi idi. Onun bütün hərəkətlərində bir xanımlıq, kübar davranış var idi. Çox maraqlıdır ki, belə bir ailədən olan qadının üzərində bir dənə də olsun qızıl əşyası yox idi. Anamın təhsili yox idi, valideynləri tez rəhmətə getdiyi üçün. Amma onda təbiətdən gələn bir müdriklik var idi. Və anam zavodda 3 növbə fəhlə işləyirdi.

Bir dəfə eşitmədim ki, şikayət eliyə ki, “mən tacir qızıyam, indi niyə belə çətin həyat yaşayıram”. 3 növbə işləyirdi, qonşu qadınlarla birgə gecə 12-nin yarısında gedirdi. Səhər 8:00-a qədər işləyirdilər. Gəlirdi 3 saat yatırdı, yuxudan oyanıb 6 uşağın paltarını yuyurdu. 12 sot torpağımız var idi, orada işləyirdi, yemək bişirirdi, qab yuyurdu. Deyim ki, təkcə anam beləydi, babam eləydi, yox, bu, Azərbaycan xalqının genindən gələn bir şeydir. Bax bütün bunlara görə, bizi sındırmaq mümkün olmur.

– Bildiyim qədərilə evliliyinizin ilk illərində maddi çətinlikləriniz çox olub…

– Ailə həyatı qurandan 20 il sonra evim olub, 46 yaşımda. Mən 1990-cı ildə Saratovda partiya məktəbində oxumuşam. Orda yazılmışdı ki, “ailəlilərə yataqxana verilmi”r. Mən ailəmi, iki uşaqla birgə risk edib götürüb getdim, 3 gün hoteldə qaldım. Sonra birtəhər çalışdım, icazə aldım, ailəmlə yataqxanada qalmağa. O vaxt 270 manat maaş verirdilər. O da indi, təxminən 250 manat pul edir. 20 gün sonra hiss etdim  ki, sadəcə çörək almağa belə pulum qalmır.

Mən də partiya məktəbində oxumağa getmişdim. Redaksiyalardan qəzetlər götürdüm, getdim dəmiryolu vağzalına, başladım qəzet satmağa. Mən 1 il Saratov dəmiryolunda qəzet, kitab satdım. Çətin idi, amma mənimlə birlikdə oxuyan tələbə yoldaşlarım indi də bilmirlər ki, axşamlar qəzet satmağa gedirdim. Bir ovçu stulum var idi, qatlana bilən. Bir dənə də taxta tapmışdım. Onların üstünə qəzetlər, kitablar yığırdım.

Kriminal aləmdən olanlar, avaralar var idi, reketlər gəldilər 1-2 dəfə, bir dəfə biri gəlib mənimlə şübhəli danışdı. Dedi çörək yeyək, söhbət edək. Axıra qədər başa düşmədim ki, o, məndən nə istəyir? Amma bir şey var idi ki, axşam yeməyini onun hesabına yedim (gülür). Bütün bu çətinliklərə baxmayaraq, ailəmi dolandırdım. Mən yalnız maaşımla dolanıram, şirkətim yoxdu. Halal maaşımla dolanıram. İnsan gərək çətinlikdən qorxmaya, şikayət etməyə. Həyat belədir, ürəyincə olan bir adamın əlindən tutursan və deyirsən sona qədər birlikdə gedəcəyik.

– Bir az da övladlarınızdan danışaq. Qızınızın və oğlunuzun seçiminə qarışırsız?

– Biz, təkcə ailə deyilik, həm də dostuq. Bütün ailə məsələlərini birlikdə məsləhətləşib, həll edirik. Bu bizə həmişə uğur gətirib. İki övladımız var, nəvələrimiz hələ ki, yoxdur. Qızım psixoloqdur, hazırda işləmir, ürəyincə bir iş axtarır. Oğlum ixtisasca maliyyəçidir, bankların birində mütəxəssis işləyir. Eyni zamanda Elmlər Akademiyasının doktorantıdır. Azərbaycanın modelləşmə dövründə bank maliyyə institutlarının fəaliyyəti ilə bağlı iş hazırlayır. Bu yaxınlarda müdafiə edəcək. Həm də Bakı Dövlət Universitetində saat hesabı dərs deyir.

Ümumən götürəndə evimizdə həmişə xoş insani münasibətlər, elm, məqsədinə doğru tədricən və zəhmətlə çatmaq məsələləri gündəlik söhbətləridir. Eyni zamanda tariximiz, mədəniyyətimiz, dəyərlərimizlə, qohumluq münasibətləri, dostluq telləri ilə bağlı evimizdə daima in söhbətlərindəndir. Xoşbəxtəm ki, gözəl ailəm var, ailəmlə fəxr edirəm. Xoşbəxtəm ki, çoxlu dostlarım var, müxtəlif bölgələrdən, müxtəlif peşə sahibləri sırasından. Həmçinin xoşbəxtəm ki, elmlə, sevdiyim işlərlə məşğulam. Bunlar mənim üçün böyük dəyərdir və bunu qorumağa çalışıram.

– Ən sonuncu sualım, yaşadığınız 59 ildə ən böyük qazancınız və ən böyük itkiniz nə olub?

– Ən böyük qazancım, hesab edirəm ki, Azərbaycanın müstəqilliyidir. Tək mənim üçün yox, hər birimiz üçün ən böyük qazanc, sərvət müstəqilliyimizdir, biz bunu nə olursa-olsun, hər zaman qoruyub, saxlamalıyıq.

Ən böyük itkilərim valideynlərimin dünyadan köçməsi olub. Bu mənim üçün böyük itkidir. Bu il anamın yoxluğunun 10 ilidir. Hələ də inana bilmirəm. Siyasi cəhətdən itkimiz isə əlbəttə ki, Qarabağdır. İnanıram ki, bu problemi həll edəcəyik. (ATV.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir