Bəzən uşağımızın pis söz danışdığını, hətta söyüş söydüyünü görürük. Bəs elə isə belə hallarda nə etməliyik? Və ya bunun qarşısını almaq üçün hansı addımları atmalıyıq?..
Hər şeydən əvvəl qeyd edək ki, bu məsələdə yol verdiyimiz ən böyük səhvlərdən biri (bəlkə də birincisi) uşağımızın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir: Məsələn:
– Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar.
– Bir daha bu sözü səndən eşitsəm, ağzına istiot sürtərəm.
– Bu sözləri dostundan öyrənirsən, bir də məndən icazəsiz dostunla görüşməyəcəksən və s…
Bu sözlər, bəlkə də problemi müvəqqəti həll etməyə kömək edir. Ancaq uşaq “ona mane olmayan” hər hansı bir mühitə düşdükdə yenə pis söz danışmaqda davam edir. Yəni, burada əsas məsələ uşağın pis söz danışmaqdan ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün imtina etməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək…
Hər şeydən əvvəl uşağı pis söz danışmağa sövq edən səbəblər araşdırılmalıdır. Buna səbəb dostlarıdırmı? Yoxsa, diqqəti cəlb etmək üçün belə edir? Bəlkə bu şəkildə daha güclü olacağını düşünür? Yoxsa, sadəcə olaraq ona maraqlı olduğu üçün danışır?.. Əgər səbəbin uşağınızın dostları olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə kəsməyin. Əvəzində “alternativ dostlar” təklif edin və ya uşağınızın vaxt keçirmək imkanlarını artıraraq mühitini dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi üçün tədricən bu sözləri unudacaq. Səbəbin diqqəti cəlb etmək olduğunu düşünürsünüzsə, uşağınız pis söz danışarkən sərt reaksiya verməyin. Əks halda uşaq bununla diqqəti özünə cəlb etdiyini düşünəcək və bu sözlərin sayını artıracaq. Ən yaxşısı, məsələni böyütməyin və uşağınız pis söz danışdıqda mümkün qədər rahat davranmağa çalışın. Bununla yanaşı, uşağınızın belə sözlər danışmadığı vaxtları müəyyənləşdirin və bu vaxtlarda ona diqqətinizi daha da artırın. Bundan başqa, uşağınıza hər dəfə nəsihət vermək əvəzinə onunla belə sözlərlə bağlı keçmişdə yaşadığınız hadisələri bölüşün. Əgər uşağınızın pis söz danışmasının səbəbini (və ya səbəblərini) müəyyən edə bilmirsinizsə, ya da müəyyən etdiyiniz səbəbin (və ya səbəblərin) qarşısını almaqda çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin