Kia-Picanto-2015-3-672x420

«Əzizim, bu avtomobili seçmə!» – XANIMLARIN MAŞIN KAPRİZLƏRİ

Baxış sayı: 3. 439

Azərbaycanda xanım sürücülərin sayı hər il artır.. Doğrudur, xanımlar üçün avtomobillərin əksəriyyətini kişilər alır. Amma bu vəziyyət qadınlara seçim etməyə mane olmur. Xanım sürücülər avtomobil seçərkən özünəməxsus detallara diqqət yetirirlər. Ekspertlər deyir ki, xanımlar avtomobil seçəndə yanacaq sərfiyyatına, maşının ölçülərinə, ən əsası digər məsələlərdə olduğu kimi xarici görünüşə önəm verirlər.

Sarı maşınları sevirlər

Avtomobil eksperti Əyyub Əliyev bildirir ki, xanımların avtomobildə diqqət yetirdikləri əsas məsələ onun rəngidir: «Yəni, avtomobilin rəngi xanımın xoşuna gəldisə, vəssalam, digər məsələlər arxa plana keçir». Amma rəng zövqü də xanımların yaşından, sosial statusundan və xarakterindən aslı olaraq dəyişir. 20-48 yaşlarında qadın sürücülər daha çox əlvan, yəni yaşıl, qırmızı və sarı rəngli avtomobil almağa üstünlük verirlər. Bu avtomobilləri xüsusilə də, televiziya aparıcıları və şou biznes nümayəndləri alır.

İşgüzar xanımlar üçün ciddi rənglər

Daha ciddi sahələrdə çalışan, xüsusi statusu olan, dövlət işində çalışan və ya işgüzar xanımlar sadə rənglərə üstünlük verirlər. Ə.Əliyevin sözlərinə görə, işgüzar xanımlarla yanaşı, yaşlı qadın sürücülər də ağ , qara və gümüşü rəngdə avtomobil seçirlər: “Bu yaxınlarda 64 yaşında bir xanım müştərimiz var idi. ağ rəngli avtomobil aldı».

Parça salonlu avtomobillər seçirlər

Xanım sürücü avtomobilin rəngini seçəndən sonra onun salonuna diqqət yetirir. Avtomobil satış salonlarından bildirirlər ki, qadın sürücülər dəri deyil, daha çox parça salonlu avtomobilləri seçirlər. Bunun səbəbi məlum olmasa da, güman edilir ki, dəri salonun yayda isti, qışda soyuq olması buna təsir göstərir.

Kiçik ölçülü avtomobilləri ona görə seçirlər ki…

Ə.Əliyev bildirir ki, xanımlar daha çox 1.0-1.5l mühərrikli, kiçik ölçülü xetçbək modellərə üstünlük verirlər. Belə ki, ilk dəfə avtomobil alan xanımların 50 %-i daha ucuz, yəni 8-12 min manatlıq modelləri seçirlər. Qadın sürücülərin əsas problemi parklama ilə bağlı olduğuna görə, avtomobilin ölçüləri xanımlar üçün böyük əhəmiyyət kəsb edir. Kiçik avtomobillər asan parklama ilə yanaşı, həm də tıxaclı şəhər yollarında sürmək üçün daha əlverişlidir. Digər tərəfdən, xanımlar kiçik mühərrikli modelləri seçməklə yanacağa qənaət etmiş olurlar. Xanımların daha çox sürdüyü modellər arasında «KİA Picanto», «Kia Cerato», «Hyundai İ10», «Changan Benni» və digər kiçik ölçülü avtomobillərə rast gəlinir.

3 -5 ildən sonra “Cip”ə keçirlər

Sürücülük təcrübəsi artdıqca, qadınların avtomobillərlə bağlı isştahı da yüksəlir. Ekspert bildirir ki, sürücü xanımlar getdikcə özlərinə daha əmin davranırlar: «3-5 il sürücülük təcrübəsi olan qadınlar daha bahalı, iri mühərrikli avtomobillər alırlar. Məsələn, «BMW X5», «Lexus LX 570», «Jeep Grandsheroke», «Audi Q7» və s.

Sürət qutusunun rahatlığına baxırlar

Xanım sürücülərin əksər hissəsi avtomobili ilk dəfə aldıqları üçün salonda əksər detallar haqqında o qədər də məlumatlı deyillər. Təcrübəsiz qadın sürücülər avtomobili idarəetməyin asan yolunu axtarırlar. Ona görə sürət qutusunun idarəetmə formasına diqqət yetirirlər.Belə ki, bəzi modellərin sürət qutusu öndən-arxaya deyil, sağdan sola fırlanaraq idarə edilir. Məsələn, bəzi hallarda xanım sürücülər «Baic A115»«BMW 5» avtomobillərini məhz buna görə seçirlər.

«Əzizim, bu avtomobili seçmə»

Avtomobil seçimində çox az hallarda xanımlar kişilərin məsləhətinə qulaq asırlar.Ə.Əliyevin sözlərinə görə, avtomobilin görünüşü xanımı cəlb etdisə, yoldaşının avtomobillə bağlı təcrübəsi və məsləhətləri arxa plana keçir: «Bəzi hallarda kişi həyat yoldaşına “bu avtomobili seçmə, altını tez-tez vuracaqsan»-deyə məsləhətlər versə də, xanımlar buna əhəmiyyət vermirlər. 80 % hallarda xanım sürücülər kişiləri məshələtinə deyil, öz zövqlərinə üstünlük verirlər.

Ən çox Çin maşınları hədiyyə edilir

Avtomobil eksperləti bildirirlər ki, kişilər adətən xanımlara bahalı maşınlarla eyni seqmentdə olan ucuz avtomobil almağa üstünlük verirlər. Məsələn, 30-32 min manatlıq Koreya avtomobili ilə eyni seqmentdə və təhcizatda olan 17-18 min manatlıq Çin maşını alınır. Ə.Əliyevin sözlərinə görə, kişilər xanımlar üçün aldıqları avtomobili nəğd deyil, ayda 200-300 manat ödəməklə lizinqlə alırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir