efzeleddin R

Aid olmadığım “mən” – 1-Cİ YAZI

Baxış sayı: 725

Ətrafı tüstü bürümüşdü… Otaqda ağır bir siqaret qoxusu vardı. Hər kəs masanın başında oturan özündən razı halda əlindəki siqareti yelpək kimi sağa-sola fırladan o şəxsə baxırdı… Siqaretlər bir-birinin ardınca qaranlıqdakı canavar gözü kimi parıldayır, bayağı kəlmələr bir-birinin ardınca, qurbağa suya hoppanan kimi atılıb-düşürdü. Hər kəs “Onu” güldürməyə çalışır, xırda bir təbəssümü ilə şəxsiyyətinin təqdir gördüyünü sanaraq özünü önəmli və nəticə olaraq da xoşbəxt hiss edirdi. Kənardan nə qədər bayağı görünsə də, onlar bunun fərqində deyildilər. Xüsusilə də, qrupa yeni qoşulmuş Qəməş hər kəsə “şot” verdiyi üçün çox sevinir, hamıdan çox şit-şit zarafatlar edərək “onlar”ın bir parçası olduğuna görə uçmağa qanadı belə yox idi.

Masanın üzərindəki eyni markalı bahalı telefonların sahibləri bununla “həyatın fəlsəfəsini dərk etmiş”, sosial şəbəkələrdəki əzik-üzük məlumatlarla “dünyadakı baş verən hadisələrin nəbzini tutmuş”, evdə ailə üzvlərinin üzərinə qışqırmaqla “qlobal problemlərin həllini tapmış”, piylənmiş ciyərləri və siqaretdən qaralmış dodaqları ilə Ronaldonun, yoxsa Messinin yaxşı qaçdığını ekspert gözü ilə təhlil edirdilər.

Elə bu zaman azan verildi. İşdən evə dönən bir neçə ateist “ziyalı” bir-birinə baxıb qımışdı. Biri dedi: Ay Cəsur müəllim, bunların başını gör necə yeyiblər ki, bir səsə hamısı doluşur məscidə. Elm, təhsilə baxan, dəyər verən yoxdur.”

Cəsur dedi:  “Elədir müəllim, amma boş ver sən canım, qanıvı qaraltma axşam toya gedəcəksən?”

– “Əlbəttə ki, gedəcəm, müğənni Saya gələcək deyiblər, getməmək olmaz. Hər kəs orada olacaq. Biz getməsək, geriqalmış kimi görünərik ay müəllim. Buna görə, bu axşam heç uşağı da məşğələyə yollamamışam ki, bir də onu evə apararaq vaxt itirməyim. Axşamkı dərsləri ləğv etmişəm.”-deyən digərinin ürəyi, Saya ilə çəkdirəcəyi şəkilləri duruma qoyacağını xəyal edərək, telli sazın simləri kimi titrəməyə başladı.

Bu zaman yolun kənarından məscidə sarı tələsən bir qrup insanların arasından sürətlə irəriləyən Hərb isə restorandan gələn musiqi səsinə başını yelləyib əsəblə öz-özünə deyirdi: “Bunlara bir bax, Allah cəzanızı verəcək, bixəbər qafillər.” O, məscidə daxil olub tez ilk sıraya özünü yetirdi ki, illərdir zəhləsi getdiyi Hacı Mahmud, namazdan sonra salamlaşma cərgəsində həmişə olduğu kimi birinci ona əl uzatmağa məcbur olsun. “Axı o kimdir ki, heç məscidə də düz-əməlli gəlmir. Mən isə əlhəmdülillah, məscid quşuyam, məscid quşu”-deyə düşünməyə başladı ki, namazı bitirdi. Axund ayağa qalxıb mövizəyə başladı: “Əzizlərim, Həzrət Əli (ə) buyurub: “Özünüz üçün istədiyiniz xeyirləri, başqaları üçün də istəməyincə qəlbiniz sizə təslim olmaz.”

Hərb isə hələ də öz aləmində idi, “Şükür, bu gün də, ilk sırada qıldım namazı. Abrım getmədi. Arxaya düşsəydim, bu, axundun nəzərindən qaçmazdı. Dostlar haqqımda nə fikirləşərdi. Namazdan daha əhəmiyyətli nə vardı ki, bu adam gecikib -deyərdrilər. Axı hamı məni iman əhli bilir.” (“Yad kölgələr”, Phd. Əfzələddin Rəhimli)

Xəyal məhsulu olan bu qısa hekayə, bəzi cəmiyyətlərdə insan övladının sahib olduğu mənsubiyyət, yəni bir yerə aid olma hissinin mənfi yönlərini göstərir. Aid olmaq duyğusunun anormal təzahürü, sırf hansısa bir cərəyana, qrupa aid olmağa çalışaraq, onun mahiyyətini ağıl, düşüncə və həqiqi dəyərlərlə araşdırmadan, bir parçası olmağa can atmaqdır. Düşünmədən, ya məcburi şəkildə və yaxud sosial yönləndirlmə nəticəsində, ya da ki, travma və sxemalaradan qaynaqlanan aid olma istəyi insanı yanlış həyat tərzi, rəftar və davranışlara da sürükləyə bilir. Halbuki, aid olduğu qrup haqda daha aydın və azad düşüncə tərzinə malik olarsa, tamamilə fərqli bir addım atacaqdır.

Əslində, mənsubiyyət ehtiyacı, yəni bir yerə, fərdə, qrupa və sairə aid olmaq hissi, bioloji ehtiyac olmaqla yanaşı, ibtidai və təkamül amillərini də nəzərdə almaqla insan dünyaya gəldiyi zamandan başlayır. Ana bətnində başlayan psixofizioloji əlaqə yeni doğulmuş körpəni ona qulluq edən əsas şəxslər ilə ünsiyyət və ülfət qurmağa sövq edir. Körpələrin ilkin sosial rabitə nişanələri də, insanın başqaları ilə əlaqə yaratmaq istəyinin təbiətinin bir hissəsi olduğunu göstərir. Ona görə də, hələ körpə və uşaqlıq dövründə qarşılanmayan bu təməl insani ehtiyac, onun həyatının sonrakı mərhələlərində  mənfi nəticələrə gətirib çıxara bilər. Yeniyetməlik dövründə fərdin həmyaşıdlarının qruplaşmalar şəklində varlığını ifadə etmələri və bir sözlə harasa aid olmaq tələbatı, həyatın reallığı kimi daha da dominant bir hala çevrilir. Həmyaşıdları ilə bir qrupda yer almaq, yəni qruplaşmaq yeniyetmələrə emosional  inkişaf, psixososial uyğunlaşma və ünsiyyət zamanı qarşıya çıxan maneələrlə  mübarizə bacarıqlarını qazandırır. Yetkinliyə keçidlə, sosial təbəqələşmələr özünü real olaraq daha qabarıq göstərir, bununla da, fərqli sosial rollar, tələblər və ortaya çıxan yeni məsuliyyətlər insanlarla əlaqəmizə ciddi təsir etməyə başlayır. Bu baxından, insanını bir yerə aid olma ehtiyacı və duyğuları, düzgün və sağlam şəkildə formalaşmalıdır ki, gələcək həyatında istər ictimai, istərsə də ikili münasibətlərdə bu hissi normal çərçivədə yönəldə bilsin.

Diqqət etməliyik ki, insanın başqaları ilə əlaqə qurma qabiliyyəti azaldıqca, narahatlıq, depressiya, ümidsizlik və tənhalıq hissləri artır. Buna görə də, mənsubiyyət hissindən məhrum olmaq, uyğunlaşa bilməmək və ictimai təşvişi artıraraq, fərdin ümumi aramlığını şübhə altına alır. Bunun nəticəsində şəxs, davranış problemlərinə malik ola bilər və yaxud intihar düşüncələrinə düşə bilər. Bir sözlə, bir yerə aid olduğunu hiss etməyən insanın həm ruhi, həm də fiziki sağlamlığı mənfi şəkildə təsirlənir. Tarixdən əvvəlki dövrlərdə mənsubiyyət, bir qrupa aid olmaq hissi sağ qalmağı təmin edən bir element kimi meydana çıxmışdı. Təbiətdə təkbaşına mübarizə aparmağın təhlükəli olduğunu anlayan insan övladı, qəbilənin bir hissəsi olmaq zərurətini dərk etmişdi. Bununla da, onların qidalanmaq, yırtıcılardan qorunmaq və (ailə quraraq) çoxalma imkanlarını əldə edirdi. Deməli, insan təbiətindən əlavə hələ qədim zamanlarda bir qrupdan kənarda qalmağın faciəvi olduğunu görə bilirik. Həmin minvalla, bu əsas və ilkin ehtiyac nəsildən-nəslə ötürülmüşdür. Çünki insanlar yaşamaq üçün bir növ mübarizə aparır və həyat  bir yerə aid olmağı tələb edir.

Çoxsaylı tədqiqatçılar insanın əsas psixoloji ehtiyacları anlamaq üçün müxtəlif araşdırmalar aparmışdır. Bu tədqiqatlardan birincisi McDougall tərəfindən aparılmışdır. Sonrakı illərdə Freyd insanların ehtiyacları haqqında fikirlərini “İnstinkt nəzəriyyəsi”ndə, Maslov isə “Ehtiyaclar iyerarxiyası nəzəriyyəsi”ndə ifadə etmişdir. Yenə bu mövzuda Alderfer Erg, Eric Fromm və Murray “Ehtiyaclar nəzəriyyəsi”, Deci və Ryan “Əsas psixoloji ehtiyaclar nəzəriyyəsi” və Glasser isə “Reallıq terapiyası və Seçim-nəzarət nəzəriyyəsini” inkişaf etdirmişdir. Onların hamısında birbaşa, yaxud dolaysı yolla aid olmaq hissinə xüsusi diqqət yetirilmişdir.

Məslən, Abraham Maslov 1943-cü ildə “Ehyitaclar piramidası” nı, yəni insanı həyata bağlayan təməl ehtiyacları beş kateqoriyada tənzimlədiyi zaman, “aid olma ehtiyacını” üçüncü pillədə qərarlaşdırmışdı: 1. Təməl fiziki ehtiyaclar. (Tənəffüs, qidalanma və sair.)  2. Təhlükəsizlik ehtiyacları. (Hər bir cəhərdən.) 3. Aid olma və sevgi ehtiyacları. 4.  Hörmət qazanmaq ehtiyacı. 5. Nəaliyyət (uğur və həyata keçirmə) ehtiyacı.

Unutmayaq ki, insan sosial bir varlıqdır, başqaları ilə əlaqə qurmaq istəyi onu sosial edir. Başqaları tərəfindən dəstəklənmək, dəyər görmək və ehtiyac duyulmaq və sair kimi amillər onu buna vadar edə bilir. Bir yerə aid olmaq emosional ehtiyacının fərdin ən təməl ehtiyacları arasında olduğunu söyləsək yanılmarıq. Aid olmaq hissi, insanlarla tanış olmaq və onlarla sosial əlaqələr qurmaqdan fərqlidir. Çünki, bir yerə mənsub olmaq, həm onlar tərəfindən qəbul edilməyi, həm də aidiyyəti ehtiva edir. Demək olar ki, fərdi rifahın təməlini təşkil edən bu duyğu, onun bütün münasibətlərindəki fəaliyyət axışını formalaşdırır. “Mən”lik hissini, təkcə fərdi mənlik yaratmır, bununla yanaşı digər insanlar və aid olduğumuz sosial qruplarla qurduğumuz əlaqələr və aid olduğumuz yerlər bu hissi təşkil verir. Özümüzü fərd olaraq qavraasaq da, ünsiyyətdə olduğumuz qruplar və ya digər insanlarla qurduğumuz bağlar kimliyimizin formalaşmasında ciddi şəkildə təsir edir.

Amma insan bəzən şüurlu şəkildə, bəzən isə düşünmədən seçdiyi və bəzən də  seçməyə məcbur olduğu bir sıra yerlərə aid ola bilir. Həmçinin, bu hissin zidd qarşılığı olan təcrid edilmə isə daha dərin və ağrıdıcı yaralar açmaq qabiliyyətinə malikdir. Unutmayaq ki, bu məsələ, ailə təcridindən sosial təcrid halına gəldikdə dərin və mənfi təsirlərə səbəb ola bilər. İstər fərdi, istər ailə, istərsə də ictimai həyatda üzləşdiyi bir sıra problemlər də elə buralardan başlayır. Gəlin birlikdə həmin problemləri araşdıraq.

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir