aile

Ailə - həvəs, yoxsa məsuliyyət? - ARAŞDIRMA

Baxış sayı: 321

Tarix boyu Azərbaycanda ailə müqəddəs hesab olunub. Qədim keçmişə malik xalqımızın tarixi qədər qədim dəyərləri də var. Bu dəyərləri xalqımız həmişə müqəddəs bilib qorumağa çalışıb. Bu gün bizim vətənə, əcdadlarımızın bizə miras qoyduğu dəyərlərə olan sevgimiz, hörmətimiz buradan qaynaqlanır. Bəs görəsən, tarixi köklərimizdən gələn bu xüsusiyyətləri kifayət qədər qoruya bilirikmi? Təəssüf ki, ailə institutumuz, ailə dəyərlərimiz əvvəlki kimi sağlam deyil. Tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan və xalqımızın gələcək nəsillərə bəxş etdiyi ailə institutu aşınmaqdadır.

Dahi Azərbaycan alimi Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri” əsərində yazır ki, insanlar tək yaşaya, inkişaf edə və kamala çata bilməzlər. Onların bir-birinə, bir ailəyə ehtiyacı var. Bir sözlə, qadınla kişinin bəzi istedadları yalnız ailə qurduqdan sonra lazım olan həddə çatır. Çünki insanın bir çox ehtiyacı ailədə təmin olunur.

Ailənin təşkilində ən əsas və ilk mərhələ düzgün niyyət və məqsədli addım atmaqdır. Buna görə də, müqəddəs ailə təməli qoymaq istəyənlər səmimiyyət və sədaqət yolunu seçməlidirlər. Qurulacaq ailə milli-mənəvi, dini-əxlaqi faktorlara söykənməlidir. Yəni bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməli və necə bir insanla ailə həyatı quracağını müəyyənləşdirməlidir. Kiçik dövlət sayılan ailə insanlar arasında birinci ictimai formadır. Ailənin gücü və mahiyyəti onun sosial birlik, kiçik sosial qrup kimi xarakterizə edilməsi ilə bağlıdır. Ailə millətimizin gələcək fərdinin formalaşdığı bir mühitdir. İnsanın real şəxsiyyəti ən bariz şəkildə ailədə formalaşır. Uşağa davranış qaydalarını mənimsədən, sosiallaşmasını təmin edən ilk məktəb də ailədir. Çünki ailənin quruluşu, təməl prinsipləri və fəaliyyəti cəmiyyətin fəaliyyəti ilə bir bütünlük təşkil edir.

Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyətləri sağlam bir ailə quruluşuna malik olmalarıdır. Ailədə hər kəs fərqli bir şəxsdir. Ancaq onları qan bağlılığı, ailə dəyərləri bir arada tutur.

Həyatda ən mühüm qərarlardan biri ailə qurmaqdır. İnsanın həyatda böyük seçimlər üçün fürsətləri çox olmur. Yetkinlik həddinə çatmış insan ağıl və iradəsi ilə mühüm mövzularda seçim aparmalıdır. Lakin elə insanlar var ki, valideynlərin məcburiyyəti ilə özlərinə uyğun olmayan insanla ailə qurmağa məcbur olurlar.

Bu dövrdə düzgün seçim aparmış gənc böhran yaşamır, çaşqınlıq içində olmur. Düzgün seçim insanın həyatını behiştə çevirir. Heç bir başqa seçim insanı belə xoşbəxtliyə çatdıra bilməz. Ailə mövzusuna gəldikdə düzgün seçimin əhəmiyyəti azalmır. Sırf evlilik yaşı gəlib deyə uyğun olmayan biri ilə ailə qurmaq fikrindən qaçmaq lazımdır. Düzgün həyat yoldaşı seçimi insan həyatını şirinləşdirir.

Quran ayələrindən də aydın olur ki, gənclik dövrü olduqca həyati əhəmiyyətli bir dövrdür. İnsanda yetkinlik əlamətləri görünəndə o özünü ailə həyatına hazırlamalıdır.

Gənclərin yaşı artdıqca ailə qurmaq şəraiti ağırlaşır. Çünki artıq şəxsiyyət formalaşır, xasiyyətlər möhkəmlənir. Xarakteri, fikirləri dəyişmək çətinləşir. Yaş ötdükdən sonra ailə quranların bir-birinə uyğunlaşması çətin olur. Psixoloqlar bu fikirdədir ki, xarakter formalaşdıqdan sonra onu dəyişmək çətin olur.

Alış-veriş edərkən insanlar düşünür və ölçürlər. Həyatın ən vacib qərarlarından birini qəbul edərkən bir əşyanın alınmasında göstərilən diqqəti göstərməmək, evliliyi şansa buraxmaqdan başqa bir şey deyil.

 

Bəs, doğru insanı necə seçə bilərik?

Bu gün xüsusilə gənclər evlənməyə çılğın xəyallar və gerçək olmayan gözləntilərlə başlayırlar. Evlənmək qərarında insanın xarakterinə, evlilikdən nə gözlədiklərinə, həyat fəlsəfəsinə və s. Ancaq varlı, yaraşıqlı və ya yüksək vəzifələr tutmaq nə o insanı nə yaxşı bir adam, nə də yaxşı bir qadın edir. Real olmayan pul dəyərləri və fiziki gözəllik kimi səbəblərdən təməli atılan evliliklər inkişaf etməməyə məhkumdur. Ancaq gerçək gözləntilər üzərində qurulan evliliklər, təməl möhkəm olduğu üçün gələcəkdə problemlər olsa da, özlərini toplayır. Evlilik uzun bir yoldur, gözləntilər də evliliyə aid olan mənanı müəyyənləşdirir. Evlilikdən yüksək gözləntilər, ər-arvad arasında yaşanan problemlərin ən vacib səbəblərindən biridir. Çünki evlilikdə yüksək gözləntilər qarşılanmır, insanda xəyal qırıqlığına səbəb olur. Buna görə də evlilik uzun bir yola çıxmaq kimi qəbul edilməli və pis və yaxşı günlərin ola biləcəyi hesablanmalıdır. Əhəmiyyətli olan, evliliyin paylaşım nöqtəsində necə yaşanacağını və ortaq dəyərlərin olub olmadığını bilməkdir. Bununla birlikdə, evlilik qərarında hər şeyin insanın nəzarəti altında olması və yüzdə yüz ahəng tapması mümkün deyil. İnsanlar gözlədiklərinin və hədəflərinin bir-biri ilə 70-80 % nisbətində uyğun olduğunu və bir-birlərini tanımaq haqqında kifayət qədər məlumata sahib olduqlarını düşünsələr, evlənməyə qərar verə bilərlər. Paylaşılan hədəflər və gözləntilər bir həyat yoldaşının digərinə hakim olmasına səbəb olmamalıdır. Hər iki tərəf özlərini azad hiss etməli və şəxsiyyətlərini yaşamalıdırlar. Həyat yoldaşları ümumi gözləntilər və hədəflər üçün enerji sərf edərkən, hadisələrə və münasibətlərə iki nəfər kimi baxmağı bacarmalıdırlar.

Tənqidçi ekspert, kulturoloq Aydın Xan Əbilov bildirir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ailəı dəyərləri get-gedə müəyyən dəyişikliklərə məruz qalır: “İstər-istəməz ailə dəyərləri deformasiyaya uğrayır. Bildiyimiz kimi Azərbaycan cəmiyyətinin formalaşmasında ailələrin, nəsillərin böyük rolu olur. Azərbaycanda son illər az qala bağlanan nikahların yarısı pozulur. Bunun arxasında çox böyük problemlər dayanır. Amma bunun qarşısını almaq mümkünsüzdür. Çünki insanlar indiki dövrdə daha çox azad olmaq istəyirlər. Keçmişdə isə bu belə deyildi. Hazırda toylar biznes hadisəsinə çevrilib. Bu toylar nəticəsində qurulan ailələr daha tez dağılır.

Son vaxtlar baş verən cinayət hadisələrinin əsas səbəbi qadının kişini saymaması, gecə evə gəlməməsi kimi göstərilir. Azərbaycanda daha çox ailə qurarkən və ya boşanarkən tərəflər maddi tərəfdən düşünür. Düşünürəm ki, ailələrin formalaşmasında sərtləşmələrə getmək lazımdır”.

Əvvəlki dövrlərə baxdıqda sevərək ailə quran insanların tək- tük olduğunu görmək olar. Daha çox görücü üsulu, ana, bacı, xalaların bəyənməsi ilə ailələrin qurulmasına üstünlük verilirdi. Maraqlısı budur ki, bu üsulla qurulan ailələr indiki sevgi üstündə qurulan ailələrə nisbətən daha möhkəm və uzunömülü olurdu. Belə olan halda hansı üsulla ailə qurmaq da insanı düşündürməyə bilmir.

Amma ailə xoşbəxtliyinin sirlərini təkcə məhəbbətlə izah etmək mümkün deyil. İnsanların təxminən 30 faizi bir-birini sevmədən ailə qururlar. Buraya ilk növbədə qohum və tanışlar, ana və bacılar vasitəsilə qurulan ailələr daxildir. Bir çox ailələr isə təsadüfi tanışlıq əsasında yaranır. Müəyyən mülahizə ilə bağlanan nikahlara da az təsadüf olunmur. Boşanmaya aid statistika göstərir ki, bu ailələrin bir qismi müəyyən vaxt keçdikdən sonra dağılır. Qarşılıqlı məhəbbət olmadan yaranmış ailələrin hamısı sonradan dağılır deyə bir qanun yoxdur. Hətta bir-birini sevmədən ailə qurmuş ər və arvadın bir çoxu sözün həqiqi mənasında xoşbəxt yaşayırlar. Onlar evlənəndən sonra bir-birinə sanki sevmək öyrədir və sağlam uşaqlar tərbiyə edirlər. İki insan arasında hörmət və bağlılıq olmadığı müddət məhəbbətin də ailəni qurtarma şansı sıfıra bərabərdir.

 

Ailənin formalaşmasında hansı amil rol oynayır?

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, ailə təkcə sevgi deyil, vacib olan tərəflərin bir-birinə hörmət etməsidir: “Ana olmaq üçün ailə qurmaq fikri düzgün deyil. Çünki ana ola bilmək hissi olan, ana ola bilən şəxs heç də duyğusuz ola bilməz. Tərəflərin öz öhdəliklərini doğrulda bilib-bilməmək kimi davranışı ola bilər. Bu, hər iki cinsə aiddir. Əksər ailələrdə tərəflərin kənar təsirlərdən öz ailəsini müdafiə edə bilmir. Müstəqil qərarı olan şəxslərə müdaxilə çətin olur. İnsanlarda ailə məfhumu ailə xarakteri ilə tamamlanmalıdır. Hər kəsə hörmət edən, lakin ailəsini müdafiə etməyi bacaranlar yetişməlidir. Ailə məhz o vaxt ailə olur ki, kənar təsirlərə müqaviməti həmrəy formalaşdırmaqdır”.

 

Bəs, hansı insanlar bir-birinə daha uyğundurlar?

Psixoloq Aytən Ələkbərovanın fikirlərinə görə, əvvəllər ailəni kiçik bir dövlət adlandırırdılar: “Əgər, ailəni qoruya bilmiriksə, bu ailəyə kiçik dövlət deməyə dilimiz gəlmir. Ailələrdə yaranacaq hörmət, dəyər, inam, güvən nisbətdə çox azalıb. Ailə bir evdə yaşam tərzi deyil. Ailədəki insanlar bir-birini duy bilməli və bir-birinə hörmət edə bilməlidirlər. Bu gün yeni qurulan ailələr dağılır. Hansı ki, insanlar bir-birini sevmədən ailə qurublar. Əsasən bu, valideynlərin təkidi ilə olur. Qadına diqqət, bəyə isə hörmət lazımdır. Bu iki amil olmadıqda biz ailədən danışa bilmırik. Elə ailə yoxdur ki, söz-söhbət olmasın. Azərbaycanda ailə formatında dəyərdən, hörmətdən və həqiqi sevgidən başlayır. Dəyər və hörmət varsa, sevgi də var”.

Xarici ekspertlərin araşdırmalarına görə, bir-biri ilə uyğun olan insanların evliliyi uzun illər davam edir. Nəticə olaraq, bu cütlüklər arasındakı boşanma nisbətinin cəmiyyətdəki boşanma ilə eyni olduğu görülmüşdür. Bu, ər-arvadın öz şəxsiyyətlərini yaşamaları və ortaq hədəflərə evlilikdəki şəxsiyyətlərin harmoniyasından daha çox oxşar bir hərəkət yolu ilə nail ola bilmələrinin daha vacib olduğunu göstərir. Bu səbəbdən evlənməyə qərar verən şəxs özünə “Evlilikdən nə gözləyirəm və nə etməliyəm?” deyə düşünməlidir.

 

Fərqlər barəsində güzəştə getmək

Ənənəvi ailə quruluşunda fərqli mədəniyyətlərdən olan fərdlərin bir-biri ilə evlənməsi nadir deyil. Son illərdə ünsiyyət imkanlarının artması, fərqli mədəniyyətlərdən olan insanların eyni mühitdə görüşməsinə zəmin yaradıb. Xüsusilə internetin yayılması ilə fərqli və hətta əks mədəniyyət dəyərlərinə sahib insanların evliliyinin şahidi olduq. Ər-arvadın əsas məsələlərdə bərabər olması evlilik üçün idealdır. Kişilərin və qadınların hadisələrə, əşyalara və insanlara eyni gözlə baxma qabiliyyəti, bənzər olmasa da, oxşar mədəni dəyərlərə sahib olmaq sağlam münasibətlər üçün lazımdır. Çünki insanın düşüncə tərzi və zehni vəziyyəti, uşaqlıqda böyüdüyü mədəniyyətin təsiri ilə formalaşır və bunlar davranışında əks olunur. Mədəniyyət, bir insanın oturub durmasını, hətta danışmasını, yeməsini və ya içməsini müəyyənləşdirir. Yemək yeyərkən, söhbət edərkən və s. Əlbəttə, cəmiyyətdə necə davranacağını bilməyən birinin və bunları bilən birinin birlikdə yaşaması çətin olacaq. Bu baxımdan mədəni bərabərlik vacibdir.

 

Arzu Qurbanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir