Allergiya, immun sisteminin ətraf mühitdəki allergen adlandırılan maddələrə qarşı həddindən artıq həssaslıq reaksiyasıdır. Kliniki baxımdan allergiya, dəridə qaşınma, qızartı, tənəffüs çətinliyi, öskürək, burun axması, gözlərin sulanması və hətta anafilaktik şok kimi müxtəlif simptomlarla təzahür edə bilər. Bu reaksiyalar ən çox qida, toz, polen, kimyəvi maddələr və ya heyvan tüklərinə qarşı baş verir. Allergik reaksiyaların təməlində immunoglobulin E (IgE) antitelləri dayanır, hansı ki, allergenlərlə qarşılıqlı təsir nəticəsində histamin ifrazına səbəb olur. Bu mexanizm, Clemens von Pirquet tərəfindən 1906-cı ildə təsvir olunmuşdur və “allergiya” termini yunan mənşəli allos (digər) və ergos (reaksiya) sözlərinin birləşməsindən yaranmışdır.
Allergiyanın psixosomatikası
Psixosomatik tibb, fiziki simptomların psixoloji vəziyyətlə əlaqəsini araşdırır. Allergiyanın psixosomatik mənşəyi insanın emosional və psixoloji gərginlikləri ilə əlaqələndirilir. Stress, qorxu, həyəcan və ya daxili konfliktlər immun sisteminə təsir edərək allergik reaksiyaların yaranmasını gücləndirə bilər. Tədqiqatlar göstərir ki, xroniki stress allergik xəstəliklərin tezliyini və şiddətini artırır. Məsələn, atopik dermatit və bronxial astma kimi xəstəliklər psixoloji gərginlik zamanı daha kəskin formada təzahür edir.
Psixosomatik yanaşmada xəstələrin duyğusal vəziyyətlərini anlamaq və psixoterapevtik üsullarla müalicə etmək xəstəliyin idarəsində müsbət nəticələr verir. Psixoloqlar belə hesab edirlər ki, allergiya bəzən insanın öz ətraf mühiti ilə emosional adaptasiya çətinliyinin fiziki təzahürü ola bilər .
Nəticə
Allergiya yalnız fiziki bir problem deyil, eyni zamanda insanın daxili psixoloji vəziyyətindən təsirlənən bir prosesdir. Həkimlər tərəfindən allergiya simptomlarının nəzarət altına alınması ilə yanaşı, psixoloji müalicə də xəstənin ümumi vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər. Beləliklə, hər iki aspektin – həm tibbi, həm də emosional – müalicə prosesində nəzərə alınması vacibdir.
Sevinc Məmmədova
Həkim-EMDR -terapevti
“Rebrain Academy”nin əməkdaşı