268830_ed3ce81rzm

Alzheimer xəstələri üçün mentolun FAYDALARI

Baxış sayı: 336

Siçanlar üzərində aparılan yeni bir araşdırma, mentolun tənəffüs edilməsinin Alzheimer xəstələrinin koqnitiv qabiliyyətlərini yaxşılaşdıra biləcəyini üzə çıxarıb. 

İspaniyadakı Tətbiqi Tibbi Tədqiqatlar Mərkəzinin immunoloqu Xuan Xose Lasarte və həmkarları mentola məruz qalan siçanlarda interleykin-1-beta (IL-1β) proteinində azalma müşahidə ediblər. Bu protein normal olaraq bədənin iltihab reaksiyasını tənzimləməyə kömək edir. Ancaq bu reaksiya nəzarətdən çıxdıqda zərər verə bilər. Tədqiqatda müşahidə edilən IL-1b səviyyələrində azalma həm sağlam siçanlarda, həm də Alzheimer xəstəsi olan siçanlarda idrak qabiliyyətlərinin yaxşılaşması ilə əlaqələndirilib.

Tədqiqat qrupu Alzheimer xəstəliyini geni dəyişdirilmiş siçanlara 6 ay müddətində mentollu inhalyasiya terapiyası tətbiq edib. Bu müalicənin siçanların idrak qabiliyyətlərinin və yaddaşının pisləşməsinin qarşısını aldığı, həmçinin beyindəki IL-1β zülalını yenidən təhlükəsiz səviyyələrə gətirdiyi görülüb.

“Frontiers in Immunology” elmi jurnalında dərc olunan araşdırma göstərir ki, Alzheimer və digər mərkəzi sinir sistemi xəstəliklərinin qarşısını almaq üçün iybilmə sisteminin stimullaşdırılmasına əsaslanan müalicələr hazırlana bilər. “Biz iybilmə sisteminin immun və mərkəzi sinir sistemindəki roluna diqqət yetirdik və mentolun heyvan modellərində immun stimullaşdırıcı bir qoxu olduğunu təsdiq etdik”, – Lasarte deyib.

Lasarte, 6 ay ərzində bu maddəyə qısa müddətli məruz qalmanın Alzheimer xəstəsi olan siçanlarda koqnitiv geriləmənin qarşısını aldığını və ən maraqlısı isə sağlam gənc siçanların idrak qabiliyyətini yaxşılaşdırdığını müşahidə etdiklərini ifadə edib.

 

Malik Atilay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir