Avstraliya alimləri bildiriblər ki, bal arılarından alınan zəhərin laboratoriya şəraitində aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyi aşkar edilib.
Zəhər və tərkibindəki “melittin” adlı bir qarışıq müalicəsi çətin olan iki xərçəng növü olan “üçqat mənfi və HER2 ilə zənginləşdirilmiş” növə qarşı istifadə edilib.
Bidiyimiz kimi qadınlar arasında döş xərçəngi xərçəngin ən çox yayılan növüdür.
Laboratoriya şəraitində xərçəng hüceyrələri ilə mübarizə apara bilən minlərlə kimyəvi birləşmə olsa da, alimlər onlardan çox azının insanların müalicəsi üçün istifadə edilə bilən olduğunu söyləyirlər.
Qeyd edək ki, arı zəhərinin daha öncə melanoma kimi digər xərçəng növləri əleyhinə xüsusiyyətlərinin olduğu aşkar edilmişdi.
Qərbi Avstraliyada yerləşən Tibbi Araşdırmalar İnstitutu tərəfindən aparılan araşdırma “Nature Precision Oncology” jurnalında dərc edilib.
Tədqiqatda 300-dən çox bal arısı və yabanı arıdan zəhər sınanılıb.
Araşdırmaya rəhbərlik edən 25 yaşlı PhD tədqiqatçısı Kiara Dufi qeyd edib ki, arı ekstraktlarının “son dərəcə güclü təsirə” malik olduğu aşkara çıxarılıb.
Zəhərin bir konsentrasiyasının digər hüceyrələrə minimal zərər verərək bir saat ərzində xərçəng hüceyrələrini öldürdüyü müəyyən edilib. Ancaq toksiklik digər doza səviyyələri üçün artırdı.
Bundan başqa, tədqiqatçılar “melittin” birləşməsinin xərçəng hüceyrələrinin “dayandırılmasında” və böyüməsinin qarşısının alınmasında təsirli olduğunu müəyyən ediblər. “Melittin” öz növbəsində təbii olaraq arı zəhərində meydana gəlsə də, sintetik olaraq da istehsal edilə bilər.
Ənənəvi olaraq ən aqressiv növlərdən biri olan üçqat mənfi döş xərçəngi cərrahi müdaxilə, radioterapiya və kimyəvi terapiya ilə müalicə edilir. Bu, döş xərçənginin 10-15 faizini təşkil edir.
Qərbi Avstraliyanın alimləri aparılan bu tədqiqatı “inanılmaz dərəcədə həyəcanlı” olaraq xarakterizə ediblər.
“Əhəmiyyətli dərəcədə, bu tədqiqat “melittin”in hüceyrə təkrarlanmasını azaltmaq üçün döş xərçəngi hüceyrələrindəki siqnal yollarına necə müdaxilə etdiyini göstərir”, – professor Peter Klinken deyib.
“Bu, təbiətdəki birləşmələrin insan xəstəliklərini müalicə etmək üçün istifadə edilə biləcəyinə dair başqa bir gözəl nümunədir”, – o, əlavə edib.
Ancaq tədqiqatçılar zəhərin həqiqətən xərçənglə mübarizə aparan bir dərman kimi işləyə biləcəyini görmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu deyirlər.
Xərçəng xəstəliyi üzrə digər tədqiqatlar aparan alimlərdə eyni fikirdədirlər. Sidneydəki Harvan Tibbi Araşdırmalar İnstitutunun dosenti Aleks Svarbrik “Hələ çox tezdir” deyib. Qeyd edib ki, bir çox birləşmə bir yeməkdə və ya bir siçanda döş xərçəngi hüceyrəsini öldürə bilər. Ancaq bu araşdırmaların klinik praktikanı dəyişdirəcəyinə qədər hələ çox yol var.
Samirə Tağıyeva