bosanma

Azərbaycanda boşanmalar azalıb – Sevinək, yoxsa…

Baxış sayı: 235

Azərbaycanda ötən il boşanmaların sayı 10% azalıb.

Bu rəqəm Ədliyyə Nazirliyinin kollegiya iclasında açıqlanıb. “Bu il ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4,7 milyona yaxın notariat hərəkəti edilib, 300 minə qədər vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb. Nikahların sayı 60 mini keçib, boşanmaların sayı 10% aşağı düşüb. Qeydiyyata alınan doğumların sayı 120 mini ötüb, ölüm nisbəti isə 23%-ə düşüb”, – deyə məlumatda bildirilir.

Bəllidir ki, ailə institutu, əhali artımı dövlətin xüsusi diqqət yetirdiyi məsələlərdir. Çünki demoqrafik göstərici həm də genofonda birbaşa dəxli olduğu üçün milli təhlükəsizlik elementi sayılır.

Fayl:Lalə Mehralı.jpg — Vikipediya

Sosioloq: “Bəzən ölümün qarşısını almaq üçün nikahın pozulması ən uyğun yoldur”

Sosioloq Lalə Mehralı qeyd etdi ki, Mediasiya Şurası yaradıldıqdan sonra boşanma prosedurunda ciddi dəyişikliklər olub: “Əgər əvvəllər hakim birbaşa boşanma qərarı verirdisə, Mediasiya Şurası yaradıldıqdan sonra ekspertlərin müayinələrindən keçmək tələb olunur. Sınaq müddəti təyin olunur və bu müddətdə psixoloq, psixiatr, nevropatoloq dəstəyi alınır. Boşanmaların sayının azalması bununla bağlı ola bilər.

Digər səbəbin postpandemiya və postmüharibə dövrü ilə əlaqəli ola biləcəyini düşünürəm. Həyat axarına qayıdır. İstənilən halda 10 faiz ölkəmiz üçün böyük rəqəmdir. Əlbəttə, bu rəqəmin daha da az olmasını istəyərdik, lakin bu, tərəflərin qərarlarından asılıdır. Əgər cütlük bir yerdə yaşamaq istəmirsə, onları heç kim məcbur edə bilməz. Bəzən zorakılığın, ondan da pisi ölümün qarşısını almaq üçün nikahın pozulması ən uyğun yoldur. Bəzən isə ən adi səbəblərdən boşanmaq istəyənlərlə qarşılaşırıq. Bu baxımdan Mediasiya Şurasının fəaliyyətə başlaması yaxşı oldu”.

Oxu.az - Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO

Psixoterapevt: “Boşanmalarda xəyanətin rolu da az deyil”

Psixoterapevt Elmir Əkbərin fikrincə, bəzi hallarda ailələrin bünövrəsi əvvəldən düzgün qoyulmur: “Psixi, hüquqi, cinayət tərkibli problemlər olanda boşanma qaçılmazdır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, boşanmaların əsas səbəbi kişi və qadın arasında mütənasibliyin olmamasıdır. Kənar şəxslərin müdaxiləsi də önəmli faktorlardan biridir. Əgər əvvəllər ailəyə yaxın şəxslər problemin həlli üçün yardım göstərməyə çalışırdısa, indiki dövrdə bəzi hallarda problemlərin qəsdən böyüdülməsinə çalışırlar və bu, boşanmağa gətirib çıxarır. Boşanmalarda xəyanətin də rolu az deyil. Bütün bu faktorları nəzərə alaraq hər bir ailəni individual olaraq analiz etmək lazımdır. Yaxşı olar ki, boşanma qərarını vermədən öncə cütlüklər psixoterapiya seanslarından yararlansınlar çünki bəzən sonradan peşman olanlar çox olur. Ən yaxşısı isə evlənmədən öncə ətraflı düşünüb qərar verməkdir. Eyni zamanda, qanunvericiliyə dəyişiklik edilməsinin tərəfdarıyam. Belə ki, evlənmədən öncə tibbi müayinə vacib olduğu kimi, psixoloji müayinə və psixoterapevtik dəyərləndirmə də vacib olsaydı, yaxşı olardı”.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir