Azərbaycançılıq ideyalarının daşıyıcılarından biri ailə-məişət mərasimləridir. Ailə-məişət mərasimlərinin əhatə dairəsi mövsüm mərasimlərinə nisbətən məhdud xarakter kəsb edir. Mövsüm mərasimini bütöv bir xalq kütləvi halda keçirdiyi halda ailə-məişət mərasimi məhdud şəkildə ailə miqyasında keçirilir. Azərbaycan ailə-məişət mərasimləri ümumşərq, ümumtürk-müsəlman xarakteri daşısa da, sırf azərbaycançılığı, özünəməxsusluğu da özündə əks etdirən mərasimlərdəndir.
Ailə-məişət mərasimləri içərisində doğum adəti və uşaqların ailədə tərbiyəsi əsas yer tutur. Məlum olduğu kimi, ailənin funksiyalarından biri nəsilartırma funksiyasıdır.
Etnoqraf – alim Q.Qeybullayev tarixi materiallara əsaslanaraq yazır ki, övladı olmayan kişi kənd icmasının yığıncağında iştirak edə bilərdi, lakin səsverməyə hüququ yox idi. Eynilə uşağı olmayan qadının eldə nüfuzu olmurdu, ətrafındakılar tərəfindən ona yaxşı münasibət bəslənmirdi: sonsuz qadın qohum-qonşu qadının doğumunda iştirak edə bilməzdi, zahının və körpənin yanına gedə bilməzdi. Qohum-qonşu da toylarda gəlinin paltarı və cehizi ilə əlaqədar tədbirlərdə belə qadının iştirakı da arzu olunmurdu. Qadın kişiyə nisbətən daha çox uşaq arzulayırdı: bu, onun təkcə nəsilartırma instikti deyildi, həm də boşanma və deməli, tək qalma qorxusu idi. Yalnız övladı olduqda, kişinin və qadının qarşılıqlı münasibətləri qaydasınca davam edir, müstəqil təsərrüfat özəyi yaratmağa həvəs və meyil yaranırdı. Deməli, övlad ata-ana üçün təkcə mənəvi əxlaqi və psixoloji amil, təkcə özünütəsdiq deyildi, həm də sosial-ictimai həyat şəraiti simvolu idi. Xalq arasında “uşaqsız ev məzardır” deyilirdi. Övladı olmayan kişi öldükdən sonra qalmış ev “sonsuz yurd” adlanırdı. Ora heç kim keçməz, onu heç kim almazdı. Belə yurd “tilsimli” sayılırdı; “sonsuz yurdun düşər-düşməzi olar” deyirdilər.
Qadının uşaqsızlığının səbəbi iki cür izah olunurdu: ya qadına (gəlinə) “çillə düşmüşdür”, ya da Allah yanında günahkardır. İkinci halda, qadınla bərabər kişi də günahkar sayılırdı. Birinci qrupa aid ovsunlara aşağıdakıları misal göstərmək olar. Novruz bayramı günündə ovsunçu qadın uşaqsız gəlinin başı üstündə qabda göyərmiş yaşıl səməni tutur, başqa birisi qaba su tökür, su səməni qabının kənarlarından axdıqca ovsunu deyirdi: “Ay bu buğdanı göyərdən, bu gəlini də göyərt”. Yaxud Novruz bayramı günü ovsunçu gəlini meyvə ağacının başına dolandırır və deyirdi: “Ey bu ağaca bar verən, bu gəlinə də bar ver”. Qadını Novruz bayramı günündə barlı ağacın altında yatızdırırdılar: uşaqsızla bir gecədə ərə getmiş, lakin uşağı olmuş qadının evindən çəkərək gətirir, evin qapısında tutur və gəlini həmin çörəyin altından keçirirdilər. Təndirə çörək yapdıqda, bir-birinə yapışmış iki çörəyi uşaqsız qadının başı üstündə ayırırdılar; uşaqlı qadın uşaqsız qadının başı üstündə məclis süfrəsi çırpırdı. Uşağı olmayan qadını onunla bir gündə ərə getmiş, lakin uşağı olmuş qadının ərinin şalvarının paçaları arasına gətirdirdilər. Qadının əl və ayaq barmaqlarını ağ iplə üç dəfə sarıyır və çillə kəsən ovsunçu qadın onu qayçı ilə kəsirdi. Bu üç dəfə təkrar edilirdi. Sonra ipləri qadının başı üstündə tutur, qırxaçar camla üzərindən su axıdırdılar. Gəlini üç dəfə cənazə altından keçirdir, sonra ölüyuyan (mürdəşir) əlcəklə başına su tökür, ya da baş və ayaq barmaqlarını üç dəfə bağlayır, su töküb ipin uclarından axıdır, sonra ipi kəsirdilər. Üzərrik tüstüsünə tutulmuş 40 köynək yaxasını suya salır və uşaqsız qadını həmin suda çimdirirdilər. Bəzi yerlərdə isə gəlinə ölüdən çillə düşdüyünü müəyyən etdikdə, onu üç dəfə ölüyuyanın qıçları arasından keçirirdilər; Abşeronda uşaq istəyən qadını tumurcuqlanmış ağacın başına dolandırır və deyirlər: “Ay bunu göyərdən, bu gəlini də göyərt”. Ailədə uşaqlar azərbaycançılıq ruhunda, milli ənənələrə hörmət ruhunda tərbiyələndirilir. Uşaqlar hələ erkən yaşlarında əməksevər, millətsevər böyüyürdü. Bu işdə xalq pedaqogikasının əvəzsiz rolu vardı.
Azərbaycanlı ailəsində uşağı kiçik yaşlarından əməyə alışdırırdılar. N.Kalaşev keçən əsrdə yazırdı ki, 5-6 yaşlarında oğlanlar təsərrüfatda atalarına kömək edirlər. Keçən əsrin əvvəllərində Şirvan əyaləti haqqında yazmış müəllif qeyd edirdi ki, oğlan uşaqlarına kiçik yaşlarında cəsarət və qorxmazlıq sifətləri aşılanırdı. Həmin müəllif də oğlan uşağının erkən yaşında əməyə alışdırıldığını göstərir. Ərköyün (Gəncə-Qarabağ bölgələrində “alaqulx”) uşaq üstündə camaat onun ata-anasını danlayırdı.
Keçmişdə ailə tərbiyəsinin ən mühüm elementi – uşaqlarda ağsaqallara hörmət hissinin aşılanması idi. Ana uşağa təlqin edirdi ki, göydə Allahdan sonra yerdə onun böyüyü atadır. Ata evə girdikdə, ana ilə bərabər bütün uşaqlar ayağa durmalı idi. Müəyyən müddət eldən aralı düşmüş ata evə gəldikdə, uşaqlar tək-tək onun əlini tutub öpürdülər. Ata oturduqdan sonra uşaq ləyən-fərş gətirib, əlinə su töküb ayaqlarını yuyurdu. Özündən böyüklə, xüsusilə, ağsaqqalla danışdıqda, ucadan danışmaq əl-qol hərəkəti etmək üstündə uşaq töhmət alırdı. Ata-ana uşağa qulluq tapşıranda uşaq qollarını yanına sallamış halda durub dinləməli və sonra da deyilənləri sözsüz yerinə yetirməli idi. Böyüklərin hüzurunda oğlan uşaqları bardaş qurub oturmalı idilər. Ən kiçik oğurluq üstündə uşaq tənbehlənir və cəzalanırdı. Belə halda ata adətən uşağı “bir də belə iş görsən qulağını kəsəcəyəm” sözü ilə qorxudurdu. Kiçik yaşlarında ata-ana uşağa halal, haram, insaf, mürvət, qismət və b. anlayışları başa salırdı. Uşaq süfrə kənarında oturub çörəyə əl uzadanda, “bismillah” deməli idi. Uşaq süfrədəki çörəyə birinci əl uzada bilməzdi: adətən çörəyi əvvəlcə ata kəsirdi. Uşaq çörəyi ancaq sağ əli ilə götürməli idi. Keçən əsrin əvvəllərinə aid mənbədə qeyd olunur ki, süfrə başında oturmuş uşaqların söhbət etmələrinə icazə verilmir, bu, ədəbsizlik sayılırdı.
Uşağın ailə tərbiyəsində qonşuya hörmət hissini aşılaması mühüm yer tuturdu. Xalq pedaqogikasının bu ünsürü haqqında klassiklərimizin fikirlərini yuxarıda vermişik. Lazım olduqda qonşu üçün su gətirmək, odun doğramaq, mal-qara açıb-bağlamaq və s. uşağın borcu idi. Qonşudan ən kiçik oğurluq üstündə uşaq bərk cəzalandırılırdı. Uşaqlara kiçik yaşlarından halal və haram anlayışlarını başa salır, oğurlanmış, zorla qoparılmış hər bir şeyin haram olması və bunun üstündə valideynlərin cəhənnəmlik olması göstərilirdi.
Uşaqların ailə tərbiyəsində qonağa hörmət etmək vəzifəsi mühüm yer tuturdu. Xalq içərisində qonaq “Allah adamı” sayılırdı. Uşaq qonağa qulluq etməli idi, lakin ata-anasının icazəsi olmadan uşaq qonaq otağına girə bilməz, yanında durmazdı.
Qeyd edilməlidir ki, oğlan uşaqları keçmişdə kiçik yaşlarından soyuq silah gəzdirirdilər. Bu, adət idi. Artıq 14-15 yaşlı oğlan belinə xəncər bağlayırdı. V.Leqkobıtov XIX əsrin 30-cu illərində yazır ki, xüsusilə, dağ rayonlarında oğlanlar xəncər bağlayırlar. Lakin bu, bəzi hallarda dava-dalaş vaxtı bədbəxt hadisələrə səbəb olurdu.
Uşaqların fiziki yetişkənliyi, çeviklik və bədəncə möhkəmlənməsində uşaq oyunları mühüm yer tutur. Oyunların içində idman xarakterli oyunlar çoxdur. Burada keçmişdə mövcud olmuş oyunlar haqqında geniş danışmaq və onların təsvirini vermək mümkün deyil. Bunun özü müstəqil təqdimat mövzusudur. Qeyd olunmalıdır ki, uşaq oyunlarının bəziləri coğrafi şərait və təsərrüfat həyatı ilə sıx bağlıdır.
Kəndli ailələrində qızlara erkən yaşlarından xalça, palaz, corab, şal toxumağı öyrədirdilər. Xalq arasında deyilirdi ki, 10 yaşında qız “dəfə-dəzkə”də (yəni yun darağında və toxuculuq dəzgahında) işləməyi bacarmalıdır. Çünki 12-13 yaşından sonra onlara elçi gəlinirdi. Salyan rayonunda, yaşlı məlumatçımıza görə, qız ailədə “kəsik” sayılır. Çünki o, “itik” idi, yəni ailə gec-tez onu itirməli idi. Keçən əsrdə azərbaycanlıların məişətdən bəhs edən N.D.Kalaşev azərbaycanlıların “Qız on beş yaşında ya ərdə olmalıdır, ya gorda” məsəlini qeyd edir. İ.Stepanov yazır ki, 8-9 yaşlarından sonra “hər bir tatar (azərbaycanlı) və ləzgi qızı toxumağı bacarır. N.Dubrovin uşaqların əmək tərbiyəsindən danışarkən yazır ki, 9 yaşlı qız səhənglə çaydan evə su aparır. Keçən əsrin 90-cı illərində V.Voniyaminov yazırdı ik, 10 yaşlı qız təsərrüfatda anasına kömək edir. Ailədə qızın bacarıqlı, təəssüratcıl böyüməsində ana əsas rol oynayırdı. Qız hər şeyi anasından öyrənirdi və ana onu gələcəkdə, ana olması üçün hazırlayırdı. “Anasına bax, qızını al” məsəli vardı. Müəllif 8-10 yaşlarında oğlan uşaqlarını at minməyə, qoyun-quzu və qaramal saxlamağa alışdığını göstərir. Oğlan uşaqlarını kiçik yaşlarından ağac əkmək, peyvənd etmək, taxıl biçmək, ağacişləmə, dəmirçilik və b. peşələri öyrənməyə sövq edirlər.
Kənd yerlərində valideynlər oğlan uşaqlarını nəfəsli və simli musiqi alətlərində çalmağa həvəsləndirirdilər. Bacarıqlı uşaqlar ustaların yanında şagird qoyulurdu. Aşıq və xanəndələrin oxumalarına, folklora uşaqlar çox həssas idilər. El aşıqları uşaqların estetik tərbiyəsində böyük rol oynayırdılar.
Uşaqların ev tərbiyəsində ana-ata ilə yanaşı, məhəllənin bütün böyükləri, ağsaqalları da iştirak edirdi. Xüsusilə, oğlan uşaqları bir növ bütün nəslə mənsub uşaqlar sayılırdı və ona görə də nəslin onun tərbiyəsinə marağı vardı: ənənəvi adətləri uşaqlara aşılamaq bütün ağsaqqalların borcu idi. Beləliklə, əsrlər boyu formalaşmış Azərbaycan ailə-məişət mərasimləri neçə-neçə nəsilləri milli ənənələrə hörmət ruhunda böyüdərək, azərbaycançılıq ideyalarının bu günə gəlib çıxmasında mühüm rol oynamışdır. Bu gün cəmiyyətin və dövlətin əsas məqsədi bu ideyaları qoruyub saxlamaq, inkişaf etdirib gələcək nəsillərə ötürməkdir. Bu mənada, milli-mənəvi ənənələrimizin mühafizəsində və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidməti olmuş, onun layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin də xüsusi xidmətləri var.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru