yas

Bir yastıqda qocalırıqmı? – ARAŞDIRMA

Baxış sayı: 471

Hər birimiz yeni həyata qədəm qoyarkən böyüklərimizin “Bir yastıqda qocalasınız” kimi dəyərli tövsiyəni eşidirik. Bir yastıqda qocalmaq özündə dərin bir mənanı ehtiva edir. Bura ailə dəyərlərimizlə bağlı xüsusiyyətlərdən tutmuş ailənin uzunömürlülüyü, mehribanlıq, sədaqət, qarşılıqlı hörmət daxildir.

Bir yastıqda qocalmaq dünyanın gözəlliklərinin birincisidir. Bir-birini sevən, bir-birinə hörmət hissi olan insanların bölüşdüyü həyatdır. Başladıqları yeni bir yolu uğurla addımlamaqdır. Onları mənzilbaşına aparan yoldur. Nə var mənzil başında? Əlbəttə ki, yaşlılıq, övladlar, nəvə-nəticələr. Və bir də hər kəs öz yoluna davam edəndən sonra ömrün yoldaşa ehtiyac duyduğu qalan hissəsi…

Bir yastıqda qocalmaq bu qədər gözəllikləri özündə cəmləşdirdiyi halda biz necə, bu ifadənin haqqını verə bilirikmi? Bir yastıqda qocalmaq üçün mübarizə aparırıqmı? Yoxsa yastıqları ayırmaqla həyatımızı da ayırır, ailəni dağıdır, hətta uşaqları da mal-mülkümüz kimi bölüşürük? Belə isə bir qədər bir yastıqda qocalmaq məsələsinə diqqət çəkək.

 

Boşanmağa gedən yol: yatağı ayırmaq

Bəzən iddialarımız, bəzən qürurumuz, bəzənsə sadəcə düşüncə zəifliyimiz ucbatından bir ömür peşman oluruq. Söz yox ki, iki şəxs bir evdə yaşayırsa, hansısa səbəblərdən kiçik incikliklər olacaq. Lakin bu, o demək deyil ki, yataq ayrılmalıdır. Lakin ayırırıq. Kin, iddia, düşüncəsizliklə etdiyimiz bir hərəkət bütün problemlərin başlanmasına şərait yaradır. Yatağı ayırmaq küsülülüyün, tərəflər arasında kin yaranmasına, söz-söhbətin uzanmasına səbəb olur.

Anamın qoca bir nənəsi varmış. Anam deyərdi ki, həmin nənə onlara belə məsləhət verərmiş ki, həyat yoldaşınızla aranızda hər hansı bir inciklik yarananda qəti şəkildə yatağınızı tərk etməyin. Onsuz da ər-arvadın dalaşmağı yaz yağışı kimidir. Yazda tez-tez hava buludlanır, yağış ələnir, az sonra günəş doğur. Heç elə bir səhərdən nərildəyən-guruldayan hava deyilmiş. Bax, ər-arvad da belədir. Lakin yatağı ayıranda, artıq o yaz yağışından sonrakı günəş doğmaya bilər. Odur ki, nə qədər söz-söhbətiniz olsa da, yatağınızı tərk etməyin. Üzünüzü həyat yoldaşınıza tərəfə deyil, o yana çevirin, lakin yatağınızı ayırmayın.

Nəinki bu sözləri deyəm həmin rəhmətlik nənə, evlərimizdəki bütün nənələr eyni fikirdə olublar. Elə “bir yastıqda qocalın” deyimi də bax, belə ailə təcrübələrinə əsaslanaraq yaranıb.

Bəli, ailələrimizin uzunömürlü olması, boşanmaların sayının artmaması məhz bir yastığı paylaşmağı bacarmaqdan çox asılıdır. Bu yastıq mehribanlığın, hörmətin, səmimiyyətin, doğmalığın ünvanıdır. Bu ünvandan uzaqlaşmaq boşanmaların sayının artmasına, bu ünvana sadiq qalmaq ailənin uzunömürlülüyünə səbəb olan amildir.

 

Yatağı ayırmaqda günahkar tərəf: qadın

Etiraf edək ki, yatağı ayıran tərəf çox halda qadın olur. Bununla bağlı bir sorğu keçirsək, əminəm ki, dediklərimiz təsdiq olunar. Çünki qadın küsəyən, nazının çəkilməsini arzulayan varlıqdır. Ona görə də bu məsələdə kişilər bir az ayıq-sayıq olmalıdır. Hər hansı qadın belə bir səhvə yol verəndə onun qarşısını almalı, kin-küdurətin uzanmasına yol verməməlidir. Əks təqdirdə soyuq münasibət gündən-günə dərinləşir və boşanmaya doğru ilkin addım atılır.

Desək ki, elə bir şərait yaratmaq lazım deyil ki, ər-arvaddan hər hansı incisin, küssün, bu, bir qədər yerinə düşməyəcək. Çünki söz-söhbət istər-istəməz ortaya çıxır. İki nəfər bir həyatı, bir evi paylaşırsa, kiçik də olsa, bir inciklik meydana gəlir. Lakin bu, o mənaya gəlmir ki, incimisən, küsmüsənsə, otağını tərk etməli, yatağından uzaqlaşmalısan. Bu, qəti şəkildə yolverilməz olmalıdır. Bir də tərəflərdən hər hansı bağışlamağı, anlamağı bacarmalıdır. Xüsusilə də bu məsələdə qürur düşmən mövqedə dayanır, bunu unutmayaq…

 

Bağışlamaq mədəniyyətdir

Bağışlamaq isə böyük mədəniyyətdir. Hətta üzr istəmək bundan da böyük mədəniyyətin göstəricisidir. Belə isə nə üçün bizə bəzi hallarda “üzr istəyirəm” sözünü demək ağır gəlir. Əslində, səhv edən 1-2 saat sonra, yəni gərginliyi, əsəbiliyi ötəndən sonra günahkar olduğunu anlayır. Belə olan halda nə üçün üzr istəməyək, bağışlanmağımızı xahiş etməyək?

Dəfələrlə tərəflərdən birini dinləyərkən, günahın onda olduğunu anlayaraq üzr istəməsini məsləhət görmüşük. Lakin müşahidə edirik ki, günahı olmasına baxmayaraq, özünü günahkar saymayanlar var. Və yaxud da bilə-bilə ki, günahkardır, hansı ki, bunu etiraf da edir, lakin “üzr istəmərəm”,- deyib durur. Bax, boşanmaya aparan, ailənin dağılmasına səbəb olan amillərdən ən başlıcası da budur.

Bəli, bağışlanması çətinlik yaradan məsələlər də var, təbii ki. Lakin ailənin qorunması naminə hər iki tərəf buna cəhd etməlidir. Yatağı ayırmamaqla, səbrlə məsələləri çözməklə, bacardığımız qədər ailənin dağılmasına yol verməməliyik.

Yuxarıda məsləhətlərindən söhbət açdığım həmin nənə bir məsələni də tövsiyə edirmiş ki, evdə söz-söhbət olanda, evinizi heç vaxt tərk etməyin. Ev dörd divardan, dörd küncdən ibarətdir. Hər dəfə bir inciklik və ya problem olanda bir küncə küsün. Üz tutduğunuz künclər bitəndə, artıq bu evdə yaşamağın mümkünsüz olduğunu təsdiq edəndən sonra evi tərk etmək olar.

Çox gözəl məsləhətdir, deyilmi? Bəli, hər biri bir cavahir dəyərində olan baba-nənə, ata nəsihətlərimiz hər zaman qulağımızda sırğa, çıxdığımız yolda bələdçi olarsa, ailələrimiz qorunar, mehriban, səmimi, qarşılıqlı hörmət şəraitində ailə dəyərlərini də yaşatmış olaraq.

 

Uşaq körpüdür

Müasir dövrdə gənclər ailə qurduqdan bir neçə il sonraya uşaq dünyaya gətirməyi planlaşdırır. Lakin bu, heç də müsbət seçim deyil. Ailə qurmusansa, ailə həyatına başlamısan, deməkdir. Ailə həyatının vaz keçilməz olanı isə uşaqdır. Uşağın ər-arvad arasında körpü olduğunu nəzərə alaraq, uşaq nə qədər tez olarsa, ailənin təməlini möhkəmlətmiş olduğunu da vurğulamaq lazımdır.

Uşaq olan yerdə söz-söhbət azalır, mehribançılıq olur. Həm də uşaq ər-arvad arasında yaranan incikliyin də aradan qalxma səbəbidir. Çünki uşağa görə tərəflər çox halda bir-birilərini bağışlaya bilir. Uşağın xətrinə hər hansı bir səhvi böyüdüb problem şəklinə salmırlar.

Düzdür, ailələr var ki, hətta uşaq da onların münasibətlərinə körpü sala bilmir. Deməli, bu ailə səhv şərtlər əsasında qurulub. Burada sevgi kimi, qarşılıqlı hörmət, birgəyaşayış amili də yoxdur. Belə olan şəkildə təbii ki, belə ailələrin ömrü də qısa olacaq. Lakin olmazmı ki, sonra yaranacaq problemləri bəri başdan görə bilək?

Bu məsələdə isə valideynlərin rolu daha böyük olur. İstər qızın, istərsə də oğlanın ata-ana istəyi, tələbi ilə ailə qurması sözsüz, çox halda bax, bu problemlərin yaranmasına gətirib çıxarır. Dünyanı məhəbbət xilas edir deyirik, ailənin də xilaskarı sevgidir. Odur ki, gənclərin bir-birilərini sevdikləri, anladıqları, tanıdıqları üçün ailə qurmalarının tərəfində olaq, qızımızın imkanlı kişinin oğlu, oğlumuzu dostumuzun qızı ilə evlənməsinin, gəncləri anaların öz aralarında alış-veriş mexanizminə çevirmələri tərəfində yox. Bax, ikinci tərəfi uşaq da xilas etmir. Bunu həyat dəfələrlə qarşımıza çıxarıb.

 

Bir yastıqdan məhkəməyə

Təəssüfedici haldır ki, “Bir yastıqda qocalın” deyimini sanki eşitməmiş kimi bir də baxırıq ki, səsimiz məhkəmələrdən gəlir. Bəlkə səhvim var, artıq qurulan ailələrə “bir yastıqda qocalın” deyən yoxdur. Bəlkə müasirləşməyimiz bir çox dəyərlərimiz kimi, bu deyimi də artıq lazımsız əşya kimi bir küncə tullayıb. Bəlkə məhkəmə divarlarındakı sərtliyi, soyuqluğu bir yastığın istiliyindən və yumşaqlığından üstün tutmağa başlamışıq.

Bilmirəm belədir, yoxsa belə deyil, lakin qurulan ailələrin fonunda boşanmaların sayı məni bir vətəndaş kimi çox narahat edir. Rəsmi məlumata əsasən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Bu gün Azərbaycanda boşanmaların sayı artıq qorxunc dərəcədədir. Elə yuxarıdakı rəqəmlər az qalıb ki, bir nikaha bir boşanma şəklinə gəlsin. Bu isə dəhşətdir. Bunun üçün əməlli-başlı narahat olmağa dəyər. Lakin aid qurumlar hələ də bunun qarşısını almaqda çətinlik çəkirlər. Nə üçün? Bunu yəqin özləri bizdən yaxşı bilərlər.

 

60 yaşında bir yastıqdan vaz keçənlər

Araşdırma zamanı qarşıma çıxan başqa bir statistika isə, sözün həqiqi mənasında, dözülməzdir: 2022-ci ildə Azərbaycanda ümumilikdə 15983 boşanma olub ki, bunlardan da 528-i 60 və yuxarı yaşda olan kişilər, 274-ü isə eyni yaş qrupunda olan qadınlar arasında qeydə alınıb. Bu, 35-40 illik ailələrin dağılması deməkdir. Bu, öz ailəsi olan övladlarının gözü qarşısında ailəni dağıtmaqla onlara pis nümunə olmaq deməkdir. Bu, orta yaşlı qadın-kişilərin nəvə oynatmalı, birlikdə gəzdirmələri olduğu halda məhkəməyə müraciət etmələri, min şirini bir acıya dəyişmələri deməkdir.

60 yaşlı insanın bu yaşda boşanmaq üçün müraciət etməsi yox, bunu ağlına gətirməsi qəbahətdir. Nə ola bilər ki, 40 il birlikdə yaşayandan, ailənin çətinliklərini, bərkimə dövrünü arxada qoyandan, övlad, nəvə sahibi olandan sonra boşanmağa qərar verəsən? Bu, bizim ailə dəyərlərimizə böyük zərbədən başqa bir şey deyil. 60 yaşlı 528 kişi və 274 qadın deməli, gənclərimizə “Bir yastıqda qocalın” nəsihətini-alqışını etməkdən məhrum oldu. Yəni tərəflərin boşanma səbəbi nə olursa-olsun, artıq boşanmış, ailəsini dağıtmış bir şəxs kimi düşünürəm ki, bu tövsiyəni verməkdən belə çəkinərlər. Çünki onların məsləhət və tövsiyəsi sözsüz, kənardan birmənalı qarşılanmaz. Odur ki, xüsusilə də hansı yaşda hansı qərarları verməyi düşünə bilmək həyatı anlamaq deməkdir.

 

18-29 yaşda qadınlar, 29-60 yaşda kişilər…

2022-ci ilə olan boşanma ilə bağlı statistika ürəkbulandıran olsa da, nəzər salmağa və nəticə çıxarmağa dəyər: 18 yaşadək kişilər arasında boşanma qeydə alınmasa da, eyni yaş qrupunda olan qadınlar arasında 3 boşanma olub. Həmçinin 18 yaşda kişilər arasında 1, qadınlar arasında isə 31 boşanma qeydə alınıb. 19 yaşda kişilər arasında 2, qadınlar arasında 136 boşanma qeydə alınıb. 20-24 yaşda kişilər arasında 432, qadınlar arasında 2026 boşanma qeydə alınıb. 25-29 yaşda kişilər arasında 2363, qadınlar arasında 3868 boşanma qeydə alınıb.

Göründüyü kimi, yuxarıdakı yaş qruplarında qadınlar boşanmaqda üstünlük təşkil edir. Deməli, ölkəmizdə 18-29 yaş arası qadınlar öz həmyaşıdları olan kişilərlə müqayisədə boşanmağa dəfələrlə artıq meyllidirlər.

30-34 yaşda kişilər arasında 4198, qadınlar arasında 3925, 35-39 yaşda kişilər arasında 3525, qadınlar arasında 2614, 40-44 yaşda kişilər arasında 2254, qadınlar arasında 1398, 45-49 yaşda kişilər arasında 1288, qadınlar arasında 804, 50-54 yaşda kişilər arasında 815, qadınlar arasında isə 560 boşanma, 55-59 yaşda kişilər arasında 533, qadınlar arasında isə 337, naməlum yaşda kişilər arasında 44, qadınlar arasında isə 7 boşanma qeydə alınıb.

Göründüyü kimi, 30-60 yaş qruplarında olan insanlarda isə kişilər boşanmağa daha meyllidirlər. Bu yaşda olan qadınlardan dəfələrlə artıq şəkildə bir yastıqda qocalmaq fikrində deyillər.

Beləliklə bu qənaətə gəlmək olar ki, ölkəmizdə ailələrlə iş aşağı səviyyədə qurulub. Bunu bizdən əvvəl statistika deyir. Həm də kişilər üçün ayrıca, qadınlar üçün ayrıca olaraq. Nəticə isə belədir: bizdə bir yastıqda qocalmağa meylli olanları olmayanlar üstələməkdədir. Bu isə, ailə dəyərlərimizə əlibaltalı qara bir qüvvənin hücumu deməkdir. Bu hücumdan müdafiəyə hazırıqmı?..

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir