suni mayalanma

TV-lər qadağan olunmuş reklamla məşğuldur – Süni mayalanmanın reklamı nəyə xidmət edir?

Baxış sayı: 868

Dünyanın ən ciddi problemlərindən birinə çevrilən sonsuzluq Azərbaycanda da var. Son dövrlər təbii yolla valideyn ola bilməyənlərin süni yolla övlad sahibi olması reallaşır. Bu isə tibb sahəsində süni mayalanma adlanır. Azərbaycanda süni mayalanma prosesi qanunla qadağan olunmasa da, süni mayalanmanın kütləvi informasiya vasitələri və digər vasitələrlə reklamı rəsmən qadağandır.

Belə olan hallarda KİV-lər süni mayalanmanı necə reklam edir? Onlar buna görə hansı məsuliyyət daşıyır?

Hüquqşünas Ruslan Vəliyev qeyd edir ki, süni mayalanmanın reklamı qadağandır.

“ KİV-lərdə reklam qaydaları Reklam haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanunun 29.5 maddəsində göstərilir ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Azərbaycanda qanunsuz süni mayalanma da qadağan edilir.”

ruslan veliyev

Qanunla qadağan olunan reklam vasitələrini yayımlayan şəxsləri hansı cəza gözləyir?

Hüquqşünas Ruslan Vəliyev qeyd edir ki, qadağan olunan reklamları yayımlayan şəxslərin cəriməsi də müxtəlifdir.

“ İnzibati Xətalar Məcəlləsinin 428 –ci maddəsində reklam haqqında qanunvericiliyin pozulması zamanı yaranan məsuliyyət öz əksini tapıb.

Reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə – vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Nəzərdə tutulmuş əməllərin teleradio yayımçısı tərəfindən törədilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”

Qanundan da göründüyü kimi süni mayalanmanın açıq-aşkar reklam edilməsi qadağan olunur.

Məsələ ilə bağlı danışan Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edir ki, süni mayalanma aparmaq üçün klinikalar xüsusi icazə almalıdırlar:

sefiye ehmedova

“ Sizin qeyd etdiyiniz məsələyə nəzarəti biz etmirik. Misal üçün reseptlə satılan dərmanların reklamına əvvəllər biz icazə verirdik. Amma bu gün bu bizim səlahiyyətimizdə deyil. Ona görə də süni mayalanma ilə bağlı reklama biz nəzarət edə bilmirik. Burada nəzarət birbaşa KİV rəhbərlərinindir.”

Qeyd edək ki, süni mayalanma ilk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutub. Təxminən 10 ildən çoxdur ki, ölkəmizdə də bu cür metod tətbiq olunur və minlərlə uşaq sözügedən üsulla dünyaya gəlib. Bu metodun necə tətbiq olunmasına gəldikdə isə ekspertlər qeyd edir ki, süni mayalanma, sadəcə, bir termindir. Əslində bu, yardımçı reproduktiv texnologiyalar çərçivəsində ekstrakorporal mayalanma deməkdir. Korpus bədən, ekstra isə xaric deməkdir. Yəni qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, laboratoriyada baş tutur, daha sonra isə qadının uşaqlığına yerləşdirilir. Laboratoriyada həm kişi, həm də qadın hüceyrələrinin içərisində ən yaxşıları seçilir və onlar mokroinyeksion üsulla mayalandırılır, yəni kişi hüceyrəsi xüsusi mikroinyeksion iynə vasitəsilə yumurtahüceyrəyə daxil edilir.

Nəticədə əmələ gələn embrionlar inkubatora yerləşdirilir. Onlar 3 gün nəzarətdə saxlanılır, öyrənilir və içərisindən ən yaxşısı seçilib heç bir narkoz vermədən xüsusi kateter vasitəsi və ultrasəs cihazının nəzarəti ilə qadının uşaqlığına yerləşdirilir. Ekspertlərə görə, hüceyrələr seçilərkən onun qız və ya oğlan, hətta əkiz, üçəm olması ilə bağlı əvvəlcədən sifariş etmək olur. Süni mayalanmanın alınma şansına gəldikdə isə bu şans yaş faktoruna görə 30-60 faiz arasında dəyişir. Belə ki, 30 yaşa qədər olan qadınlarda bu şans 60-70, 30-35 yaş arasında olan qadınlarda 40-50, 40 yaşdan yuxarı olan qadınlarda isə 20-30 faiz olur. Bəzən alınmadıqda bu metod bir neçə dəfə tətbiq olunur.

Ümumilikdə isə süni mayalanma Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Həm dini, həm də milli-mənəvi baxımdan bu metodun cəmiyyətimizə uyğun olmadığını düşünənlər kifayət qədər çoxdur. Bir neçə il öncə “Reproduktiv sağlamlıq və ailə planlaşdırma haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılarkən deputatların əksəriyyəti layihədə öz əksini tapan “surroqat ana” və cinsi toxumlar üzrə donorluq məsələlərinin milli mentalitetimizə, dini dəyərlərimizə zidd olduğunu əsas gətirərək, bu barədə qanunun qəbul olunmasının əleyhinə səs vermişdilər. QMİ (Qafqaz Müsəlmanları İdarəsi) də bu məsələyə qarşı çıxmışdı. Belə ki, İslam dininə əsasən süni mayalanma prosesində iştirak edən qadın və kişi ər-arvad olmalıdır. Onların dini kəbini olarsa, bu proses halal hesab olunur.

Əgər hər hansı bir səbəbdən qadın embrionu daşıya bilmirsə, bu zaman surroqat anadan istifadə olunur. Öz uşaqlığında donor embrionu daşıyan, uşaq dünyaya gətirməyə qadir olan qadın surroqat ana adlanır. İslam dinində qadının yumurtahüceyrəsinin ərinin sperma hüceyrəsi ilə mayalandırılaraq digər bir qadının bətninə yerləşdirilməsinə icazə verilmir. Bəzən ərin sperma hüceyrəsi yad qadının yumurta hüceyrəsi ilə mayalandırılır və qadının bətninə yerləşdirilir. Bu zaman əgər yumurta hüceyrəsi götürülən qadınla kişi arasında dini kəbin varsa, bu iş halal sayılır. Əks təqdirdə, dinimiz bu prosesə icazə vermir. Kişi sonsuzluğu zamanı bəzən qadının yumurta hüceyrəsi yad kişinin sperma hüceyrəsi ilə mayalandırılır. İslam dininə görə, bu proses haramdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir