Bütün uşaqlarda ilk olaraq nitqin başa düşülməsi prosesi başlayır və sonra isə nitq inkişaf edir. Uşaq doğulduqdan sonra onda səs: qışqırma, ağlama meydana gəlir. Bu səslər danışıqdan fərqli olsa da, nitq aparatının (nəfəs, səs və artikulyar aparatının) inkişafına kömək edir. Doğulduqdan 2 həftə sonra uşaq səslərə danışana reaksiya verməli, ağlamağı kəsməli , qulaq asmalı, səs gələn tərəfə başını çevirməlidir.
1 ayın tamamında isə uşaq ona oxunan lay-layla sakitləşir. Danışana baxır, gözü ilə onu izləyir. 2 ayında qığıldama yaranır və 3 ayında hecalarla səslənmə başlayır. Bu qeyri müəyyən səslərdir. 5 ayında isə uşaq səsləri eşidib böyüklərin artikulyasiyasına uyğun yamsılamağa çalışır. 6 ayında uşaq yamsılama ilə ayrı-ayrı hecaları təkrar edir. (ma-ma , ba-ba , də-də, qa-qa )
7-9 ayında uşaq artıq böyüklərlə müxtəlif və çoxlu səs birləşməsini yamsılayır. 10-11 ayında artıq sözlərə reaksiya yaranır. Bu zaman nitq mühitinin onun nitqinin formalaşmasına çox böyük təsiri olur. 1 yaşında artıq uşaq ilk sözləri deməyə başlayır.
Loqoped Qərənfil Nəzərova