bosanma

Boşanma ərizəsi necə yazılır?

Baxış sayı: 432

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda, ər (arvad) nikahın pozulmasına razı olmadıqda və ya ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikah məhkəmə qaydasında pozulur.

 

Boşanma ərizəsi necə yazılır?

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən boşama ərizəsi məhkəməyə yazılı şəkildə təqdim edilməlidir.

 

Boşanma ərizəsində növbəti məlumatlar göstərilməlidir:

* boşanma ərizəsinin verildiyi məhkəmənin adı

* iddiaçıya və cavabdehə dair məlumatlar (ad, soyad, ata adı, əlaqə vasitələri, ünvan və s.)

* tərəflər arasında ailə-nikah hüquq münasibəti barədə məlumat (nikahın nə zaman, harada bağlanması, birgə nikahdan uşaqların olub-olmaması, varsa onlar haqqında məlumat və s.)

* boşanmanın səbəbi

Bundan başqa, boşanma ərizəsində boşanmadan sonra birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması və onların saxlanması üçün cavabdehdən tələb edilən aliment, mediasiya prosesində iştirak edib-etməməyə dair məlumatlar qeyd edilməlidir.

 

Boşanmaq üçün lazım olan sənədlər:

* nikah haqqında şəhadətnamənin əsli

* uşağın doğum haqqında şəhadətnaməsinin surəti

tərəflərin şəxsiyyət vəsiqələrinin surətləri

* işin ilkin mediasiya sessiyasında baxılmasını təsdiq edən sənəd

* medisiya xərclərinə dair qəbz

* dövlət rüsumunun ödənilməsi haqqında qəbz

 

Boşanma prosesi neçə ay davam edir?

Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.

Məhkəmə qaydasında boşanma prosesi işin hallarından asılı olaraq 2 aydan 5 aya qədər çəkə bilər. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.

Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Sonda onu qeyd edək ki, boşanma zamanı prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, məhkəmə yolu ilə boşanma zamanı əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını və birgə nikahdan olan uşaqların saxlanması kimi məsələləri daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.

Vəkil məhkəmə yolu ilə boşanma zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.

 

Qulam İsmayılzadə və Hicrət Hüseynzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir