bosanma

Boşanma-evlilik sayı arasındakı “uçurum”… “Bu, xalqın gələcəyinə təsir edən önəmli bir məsələdir”

Baxış sayı: 501

İlin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13859 nikah və 6933 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirir ki, Azərbaycan xalqı həmişə ailə dəyərlərinə çox böyük hörmət və sayğı göstərən bir xalq olub.

“Bizdə ailənin qurulması, onun təməlinin möhkəm olması və bu ənənənin min illərlə bu günümüzə qədər inkişaf etməsi əslində sərvətimiz kimi sayılmalıdır. Son illər qloballaşan dünyada gedən proseslərdə sərhədlərin olmaması və bir çox yad dəyərlərin sərhədləri aşması, heç bir dəyərin olmaması özü ilə həddindən artıq mənfi təzahürləri də geniş sürətdə yaymağa başlayıb. İndiki dövrü müşahidə edəndə, dünyamızda bəlkə də insanlar ən “ağıllı” dövrünü yaşayır və daha çox insan bu gün məntiqinə söykənərək bir çox işlər həyata keçirir. Dünya həqiqətən də öz sürətli inkişafına görə heç vaxt bu qədər tərəqqi əldə etməyib. Amma bu inkişafın və tərəqqinin yanında təbii olaraq həddindən artıq böyük mənfi işlər də bu gün cəmiyyətlərdə dövran edir. Onlardan biri də ailə dəyərlərinin dağılması, bu kontekstdən baxanda yad təsirlərin sərhədləri aşaraq, artıq xaos şəklində bütün dünyada yayılmasıdır”-deyə deputat bildirir.

Vüqar İskəndərov qeyd edir ki, ölkəmizdə bu sahə ilə bağlı dövlətin çox böyük dəstəyi var.

“Mərkəzi icra hakimiyyətinin dövlət komitəsi fəaliyyət göstərir. Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları təbii olaraq, dövlətin bu sahədə siyasətində bir yerdə çalışır və töhfə verməyə cəhd göstərirlər. Təbii ki, müsbət nəticələrimiz də var”-deyən deputatın fikrincə, hələ də bu sahədə keçmişdən qalmış erkən nikahlarla bağlı problemlər mövcuddur.

Vüqar İskəndərov bildirir ki, eyni zamanda ailənin möhkəmliyini qoruyub saxlayan bir çox dəyərlərin dağılması prosesləri də müşahidə edilir. Bu səbəbdən də, bir ildə qurulan ailələr və boşanan ailələrin sayı statistikasına baxanda onun yarısını təşkil etməsi təbii ki, hər kəsi düşündürür. Və suallar yaradır.

Vüqar İskəndərov hesab edir ki, bu məsələyə sadəcə iqtisadi istiqamətdən yanaşmaq doğru olmaz.

“Əgər boşananların statistikasına baxsaq, kifayət qədər iqtisadi cəhətdən tam təmin olunmuş ailələrin də say etibarı ilə yüksək yerlərdə olduğunu görmüş olarıq. Belə nəticəyə gəlmək olur ki, bu da yalnız iqtisadi cəhətlə əlaqəli deyil”-deyə deputat əlavə edir.

“Bu məsələdə dövlət qanunverici bazanın möhkəm formalaşdırılması, qanunların işlək olması üçün müvafiq işlərin görülməsini təmin edir. Evliliklərin azalması boşanmaların sayının azalmaması məsələsi ilə bağlı qanunverici baza formalaşmalıdır. Həmin qanunların işləməsi təmin edilməlidir. Dövlətin bu sahədəki siyasətinə vətəndaş cəmiyyəti, icmalar, bütün təşkilatçılar hətta fərdlər də öz dəstəyini verməlidir. Hər birimizi düşündürən bir məsələdir. Bu, bir xalqın genefondunun formalaşması məsələsidir. Burada səhv etmək ixtiyarımız yoxdur. Bu, bir xalqın gələcəyi ilə bağlı olan məsələdir. Ona görə də burada çox düşünülmüş, düzgün hesablanmış uğurlu modellər inkişaf etdirilməlidir. Düzgün düşünülmüş siyasət həyata keçirilməlidir”-deyə deputat bildirir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir