Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması ailələrin dağılmasına gətirib çıxarır
Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması nəticədə ailə institunun deformasiyaya uğramasına və ailələrin dağılmasına gətirib çıxarır. Əlbəttə, Azərbaycan qədim adət-ənənələr, milli-mənəvi dəyərlər əsasında formalaşmış cəmiyyət və dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər nəzərə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə ilk növbədə ailələrə, daha sonra isə cəmiyyətə təsir göstərir.
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli söyləyir.
Onun sözlərinə görə, adətən, boşanmalara səbəb kimi cütlüklər arasında ən çox xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, ailədə baş verən zorakılıq halları, sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənardan müdaxilə, xəyanət və qısqanclıq faktları qeyd edilir. Mövcud səbəbləri həll etməyə çalışmayıb, sadəcə nikahın pozulmasına qərar verərkən cütlüklər düşünməlidirlər ki, ailədə uşaq varsa, ailə üzvləri daha böyük psixoloji problemlərlə üzləşirlər.
Yaqut Ağaşahqızı