Ayten Elekberova

Ərköyün uşaqlar, qaynana-gəlin “düyünü” və boşanmalar – PSİXOLOQ DANIŞIR

Baxış sayı: 2. 010

“Bəzən ərköyünlük eyni zamanda bir tərbiyə növü də sayılır”. Bunu bizimlə söhbətində uşaqların düzgün tərbiyəsi məsələlərindən danışarkən psixoloq Aytən Ələkbərova dedi. Mütəxəssis bildirir ki, ərköyün qızlar var, hətta valideyni belə qızının evlənəndən sonra getdiyi kimi də üstünə qayıdacağını deyir:

“Amma bu gün baxanda o xanım ailənin də sevimlisidir, yoldaşının da, qaynananın da sevimlisidir. O ərköyünlüyün içərisində başqa bir istək yaradan məqamlar var. Çünki ərköyün olan insan öz ürəyində özünün kövrək hisslərini tez bilir. Tez bildiyi halda qarşısındakı insanın da kövrək hisslərini hiss edir. Amma kobud insanlar bunu dərhal büruzə verə bilmir. Bizim atalar sözlərimiz də var: “Əzizim əziz, tərbiyəsi ondan da əziz”. Tərbiyə başqa məsələdir. Tərbiyəsizliklə ərköyünlük arasında isə yerlə göy, paxıllıqla qibtə qədər fərq var. Ərköyünlüyün özü bir insanpərvərlik, humanistlik növüdür. Belə insanlar kövrək olur və kövrək insanlar da heç vaxt həyatda ziyan vurmağı sevmirlər. İstəsələr də o ziyanı vurmazlar.

 

A.Ələkbərovanın sözlərinə görə, ailədə daha çox oğlan uşaqları ərköyün böyüdülür:

“Qız uşaqları o zaman ərköyün böyüdülür ki, oğlanla onun arasında 12-15 yaş fərqlər olsun. Əgər qız övladı evdəki qardaşından 12-15 yaş kiçikdirsə, artıq burda o da öz kiçikliyindən istifadə edir, gələcəkdə hətta qurulan ailələrdə belə 12-13 yaş qardaşdan kiçik olan bacı deyir ki, gəlini belə mən idarə etməliyəm».

 

Psixoloq gəlin – qaynana münasibətlərinə də toxundu:

“Ümumiyyətlə, gəlin qaynana münasibətlərinə toxunsaq, daha gec və ya daha erkən ailə quran xanımlar olur. Ən azından 16-17 il başqa bir ailədə böyüyən uşaq digər bir ailəyə adaptasiya edənə qədər müəyyən bir söz-söhbətlər çıxır. Amma deyə bilərsiniz ki, elə ailələr var, məhz 17-18 ildən sonra dağılır və burda tam adaptasiya dövrü də keçmiş olur. O ailələrin dağılmağında müxtəlif səbəblər var, ailədaxili yaranan münaqişələr, ilkin sevgi hissinin olmamağı, və s. Elə insanlar var, 35-40 yaşında deyir, ayrılıram, artıq mümkün deyil, yaşaya bilmirəm. Nəticədə 17-18 yaşında övladı olan bu insanlar cəmiyyətin qınağına məruz qalır.

Həyat insana bir dəfə verilir, hər kəs öz həyatını yaşasa daha düzgün olar. Hər kəs özü haqqında düşünsə, daha yaxşı olar. Çünki bu dünyaya tək gəlirik, gedəndə də tək gedəcəyik. Təbii ki, elin qınağı, mental dəyərlərimiz var, yaşadığımız müddətdə bunları da nəzərə alırıq. Amma heç bir qadın istəməz ki, ailəsi dağılsın. Ailə dağıldıqda qadınlar sadəcə rahat və hüzurlu ortam axtarır. Dinimizdə belə qeyd olunub ki, kişilər idarəedəndir. Əslində isə qadınlar idarə edir, amma gərək kişilərə o ruhu verəsən ki, idarəedən sənsən.

Ailəni qorumaq üçün bu özgüvəni bəylərdə yaratmaq lazımdır. Onların üzərinə əziyyət düşür, qazanırlar, ailə büdcəsini formalaşdırırlar. Amma həmin büdcənin idarəsini artıq xanımlar düşünür. Ona görə, qadın ağıllı və müdrik olmalıdır ki, ailəni bu şəkildə idarə edə bilsin”.

 

Aysel Aslan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir