Yer üzündə hələ də xəritədə tapılmayan, peyklərdən görünməyən şəhərlər var. Qədim zamanlarda bu yeraltı şəhərlərin əhəmiyyəti böyük idi. İnsanlar döyüşlərdən qaçmaq üçün bunlardan istifadə edərdilər. Bəzilərinin min illik tarixi var, bəziləri isə bu yaxınlarda inşa edilib. Bu şəhərlər haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Beit Quvrin və Mareşa- İsrail
İsrailin tam mərkəzində, 400 metr yüksəklikdə yerləşən iki ən qədim yeraltı qardaş şəhər – Beyt Quvrin və Mareşa hazırda Milli parkdılar və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu yeraltı şəhərlərin tarixi eramızdan əvvəl 10-cu əsrdən başlamışdır.Bir neçə süni mağaralar, otaqlar, qalereyalar, keçidlər, tunellər və gizli keçidlərdən ibarət olan bu şəhərlərdə ellinlərin, romalıların, yunanların, ərəblərin izləri var imiş.
Yeraltı şəhərdə yaşayış yerlərindən əlavə, siz əsl küçələri, məbədləri, qədim Roma amfiteatrını, məzar və məqbərələri, müxtəlif emalatxanalarını, neft dəyirmanlarını və hətta göyərçin evlərini görə bilərsiniz.
Derinkuyu- Türkiyə
Türkiyədəki Nevşəhərin Dərinquyu bölgəsində yerləşən çoxqatlı yeraltı şəhəri 85 metrə yaxın dərinliyə malikdir. Türkiyə Mədəniyyət Nazirliyindən verilən məlumatlara görə, şəhər e.ə VIII-VII əsrlərdə frigiya tayfaları tərəfindən Kapadokiyanın vulkanik süxurlarında inşa edilmişdir.Dərinquyu yeraltı şəhəri Bizans dövründə tam olaraq tamamlandı. Bizans-ərəb müharibələri dövründə bu ərazidən müsəlman ərəblərin hücumlarından qorunmaq üçün çox istifadə edilirdi. Bu yeraltı şəhər, eyni anda 20000 insanın birgə yemək və su ilə təmin edə biləcək bir sığınacaq olub. Şəhərdə yalnız yaşayış yerləri deyil, həm də qida, mal sığınacaqları, çörək və şərab zavodları, hətta qəbiristanlıq üçün anbarlar da mövcud imiş.
Kapadokiyada bir neçə belə yeraltı şəhərin tapılmasına baxmayaraq bu, Türkiyənin ən böyük yeraltı şəhəridir.Bölgə Osmanlı imperiyasının əlinə keçdikdən sonra osmanlılardan qaçan bəzi kapadokiyalı yunanlar burada qaçqın kimi yaşamağa başladılar. 1923-cü ildə türklər və yunanlar arasındakı insan mübadiləsindən sonra bu ərazi tamamilə tərk edildi. Tunel 1963-cü ildə yerli bir sakinin evinin divarının ardında sirli bir boşluq tapması ilə kəşf edilmişdir. Daha sonra arxeoloqlar digər bölmələri də aşkara çıxarmışlar.
Yeraltı şəhər 1969-cu ildə ziyarətə açılmıştır. Hal-hazırda 12 mərtəbəli şəhərin təxminən yarısı turistlərin ziyarəti üçün açıqdır.
“Wieliczka” Duz Mədəni- Polşa
Köhnə bir qaya formasında olan duz mədəni “Wieliczka” Polşanın ən çox turistin diqqətini çəkən yerlərindən biridir. İçərisində tamamilə qaya duzundan oyulmuş bir kafedral və heykəllər olan mədən 1996-cı ildə duz istehsalının dayanması ilə muzeyə çevrilmişdir. Yer altında dar nərdivanlarla enilən mədəndə hər şey duzdandır. Mədənin içərisində möhtəşəm göl də var. Mədənin içərisində olan çilçıraqlar da daxil olmaqla hər bir parçası qaya duzundan düzəldilmişdir.
Naur yeraltı şəhəri-Fransa
Fransanın Pikardiya əyalətində yerləşən Naur qəsəbəsinin sakinləri bir neçə əsrlər ərzində yeraltı düşmənlərdən gizlənirdirlər.Bunun üçün onlar xüsusi sığınacaq rolunu oynayan yeraltı şəhər inşa etmişdilər. 1618-ci ildən 1648-ci ilədək 30 il müharibə dövründə Fransada inşa edilən Naur yeraltı şəhəri 300 otaq və 28 qalereyadan ibarətdir. Deyilənlərə görə, bu yeraltı şəhər romalılar tərəfindən əhəng daşı ocağı kimi istifadə edilmək məqsədi ilə tikilib. Əsrlər keçdikcə yerli əhali buranı malların saxlanılması və işğalçı qoşunlardan gizlənmək üçün istifadə etməyə başlayıb.1887-ci ildə yenidən kəşf edilən və İkinci Dünya müharibəsi dövründə nasist işğalçı qüvvələri tərəfindən qərargah kimi istifadə olunan Naur bu gün Fransanın ən böyük tunel şəbəkələrindən biridir.
Petra şəhəri- İordaniya
İordaniyada olan Petra yer altı şəhəri e.ə. 6-cı əsrdə Hor dağının ətəklərində inşa edilmişdir. Bu yeraltı şəhərdə böyük bir teatr, nəhəng bir qala və şəhər mərkəzindən ibarətdir. Petra, UNESCO tərəfindən Dünya Mirası siyahısına salınmışdır və həmçinin BBC “Ölmədən əvvəl görülməsi lazım olan 40 yer” adlı verilişində göstərilmişdi.
Orvieto şəhəri -İtaliya
Orvieto, ağ şərabları və tabloları xatırladan memarlığı ilə məşhurdur. Qəsəbənin görünən gözəlliklərindən başqa, bir də yeraltı gözəlliyi var. Vulkanik qayalarda inşa edilən Orvieto şəhərindən ilk olaraq quyu və sərnic kimi istifadə olmuşdur. Şəhərdə Etrusk dönəminə aid sığınacaqlar mövcuddur. Bu yer II Dünya müharibəsi dönəmində də sığınacaq kimi fəaliyyət göstərmişdir.
Qaymaqlı yeraltı şəhəri- Türkiyə
Türkiyə ərazisində ən böyük yeraltı şəhərlərdən biri olan Qaymaqlı 8 mərtəbə, tunnelərdən və otaqlardan ibarətdir. Qaymaqlı yeraltı şəhərinin tarixi e.ə. 3000-ci ilə gedib çıxır. Belə ki yeraltı şəhərdə ilk tikinti aparanlar hettlər imiş. Mənbəyə əsasən yeraltı şəhərdən xristianlar ərəblərdən gizlənmək üçün istifadə edirdilər.
Kuber-Pedi- Avstraliya
Avstraliyada ən kiçik yaşayış məntəqəsi olan unikal yeraltı şəhəri sayılan Kuber-Pedi şəhəri dünyanın opal paytaxtı kimi tanınmaqdadır. Belə ki, dünya üzrə opal ehtiyatlarının 30%-i məhz burada yerləşir. Qeyd edək ki, burada ilk opal daşı 1849-cu ildə tapılmışdır. Əhalisinin sayı isə təxminən 1695 nəfərdir. Deyilənlərə görə, başqa çıxış yolları olmadığı üçün insanların burada yer altında məskunlaşmasına səbəb olan amillər güclü külək və yüksək temperatur olmuşdur.
Bu yeraltı şəhər əhalisinin böyük əksəriyyəti mədənçilərdir. Lakin hal- hazırda insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar.Burada yalnız yaşayış evləri deyil, həmçinin kilsə və qəbiristanlıq da mövcuddur. Qeyri-adi şəhər hələ də bir çoxlarının diqqət mərkəzindəndir.
Yeraltı Pekin – Çin
XX əsr bəşəriyyət tarixindəki ən dəhşətli müharibələr və nüvə silahlarının ixtirası ilə yaddaşlara həkk oldu. Tarixdə baş verən bu çevrilişlər yeni tip yeraltı sığınacaqların inşasına səbəb oldu. Bu tikililərin ən məşhurlarından biri Pekin yaxınlığında yerləşən yeraltı şəhərdir. Çin və SSRİ arasında nüvə müharibəsi təhlükəsi olduğu 1969-1979-cu illər arasında inşa edilmişdir. Yeraltı Pekin adlanan bu şəhərin ümumi sahəsi təxminən 85 kvadrat kilometrdir. Pekinin yeraltı şəhəri olan Dixiya Çeng 1970-ci illərdə bombardmanlar və nüvə hücumlarından qorunmaq məqsədi ilə tikilmişdir.
Qeyd edək ki, bu yeraltı sığınacağın 100 gizli girişi və vətəndaşların daha uzun zaman ərzində bütün ehtiyaclarının qarşılanması üçün məktəblərin, xəstəxanaların və s.-in də olduğu deyilir. Kütləvi sığınacaq üçün nəzərdə tutulan yeraltı Pekin 2000-ci illərdə ictimaiyyətə açılsa da, 2008-ci ildə yenilənməyə başlandığından ziyarətçilər üçün bağlanmışdır. Hal-hazırda burada yerləşən bir çox yeraltı məkanlar alış-veriş və ofis mərkəzlərinə çevrilib, digərləri isə ucuz mənzillər, pansiyonlar və otellər kimi istifadə olunur.
Berlington- Böyük Britaniya
1950-ci illərdə nüvə müharibəsi təhlükəsi zamanı Böyük Britaniyada inşa edilən Berlington yeraltı sığınacağı Korşem qəsəbəsi yaxınlığında inşa edilmişdi. Nüvə zərbəsi olacağı təqdirdə Berlington ölkəni yerin altından idarə etmək üçün hökumət rəsmiləri üçün etibarlı bir sığınacaq olmalı idi.Əslində bunker yalnız 3 aylıq inşa edilmişdi. Hətta yerin altında bir pub da tikilib. 1960-cı illərdə hökumət tərəfindən boşaldılan Berlington hal-hazırda sıradan çıxarılıb və dövlət burada çaxır istehsalı ilə məşğul olan bir zavod açmaq fikrindədir.
Samirə Tağıyeva