Çilçiraq

Çilçıraq bazarında vəziyyət necədir?

Baxış sayı: 450

Çilçıraq deyəndə ilk olaraq məşhur filmlərdən kadrlar yada düşür. Məsələn, “Qaynana” filmində Afətin Cənnət xalanın təsbehini çilçıraqdan asması, Cənnət xalanın “Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı…” replikası üzümüzü güldürür. Yaxud “İşdə məhəbbət macərası” filmində Lüdmila Prokofyevnanın Anatoli Novoselsevin gəlişi münasibətilə çilçırağı təmizləməsi səhnəsi çilçırağın evimizdə nə qədər əhəmiyyətli əşya olduğunu göstərir. Müasir dövrdə də evə qonaq gəlirsə, ilk olaraq çilçıraqlar parıldadılır, təmizlənir.
Təsadüfi deyil ki, çilçıraqlar evin zinət əşyaları hesab olunur. Çünki adı çəkiləndə, çoxlarının ağlına möhtəşəmlik, dəbdəbə, parıltı gəlir. Müasir dünyada isə dəbdəbəli çilçıraqları daha müasir, minimal əşyalar əvəz edir. Bəs evlərimizin ləl-cəvahiratlarının bazardakı vəziyyəti necədir?

 

Çilçıraq bazarındakı qiymətlər

Bir müddət öncə mətbuatda üç ölkədən çilçıraq tədarükünü bərpa etdiyimizlə bağlı xəbər yayılmışdı. Bu tədarük Azərbaycan çilçıraq bazarına necə təsir edib? Ən əsası, istehlakçı evini işıqlandırarkən nələrə diqqət etməlidir?

 

Əvvəlcə bazardakı qiymətlərlə maraqlandıq.

Bazardakı çilçıraqların qiymətləri iyirmi manatdan başlayır, iki, üç min manata qədər davam edir. Təbii ki, bazarda materialına, daş-qaşına görə, daha baha çilçıraqlar da mövcuddur. Satıcılar deyir ki, hazırda alıcılar daha çox modern üslublu, göstərişli olmayan çilçıraq almağa üstünlük verirlər, amma klassik çilçıraqların da alıcıları az deyil.

Çilçıraq tədarükü ilə məşğul olan şəxslərdən aldığımız məlumata görə, elektrik avadanlıqlarının, işıqlandırma sistemlərinin (lüstr, lampa, led sistemləri) 95 faizi idxaldan asılıdır. Məhz bu səbəbdən son vaxtlar bu bazarda da bahalaşma müşahidə olunur: “Bunun ilkin səbəbi logistika, karqo şirkətlərinin daşınma xərci və gömrük rüsumlarının artmasıdır. Ötən ilin ikinci yarısından çilçıraq bazarında bahalaşma var”.

 

Çilçırağı bahalaşdıran səbəblər nədir?

Son vaxtlar türk saytlarından da çilçıraq alanları müşahidə edirik. Qiymətlər arasında ikiqat fərqlər olduğu üçün geyim məhsullarında olduğu kimi, bəzi insanlar ev əşyalarını, işıqlandırma sistemlərini də onlayn alırlar.

Çilçıraq satışı ilə məşğul olan Rəhman deyir ki, bu, geyim kimi kütləvi olmadığı üçün satışda ciddi fərq yoxdur: “Hələ ki, türk saytlarının bu sistemlərə elə də təsiri yoxdur. Çilçıraq elə əşyadır ki, müştəri yerində baxır, seçim edir. İşıq sistemlərinin gətirilməsi o qədər sərfəli deyil. Amma bazarda durğunluq var. Maraq əvvəlki səviyyədə deyil. Malın yerində bahalaşması qiymətə ciddi təsir etmir. Amma daşınma xərcləri, gömrük rüsumları, yer pulunun qalxması, bu ildən vergi yükünün artması kimi xərclər malın qiymətini artırır”.

 

Çilçıraq erası başa çatır?

Satıcı deyir ki, çilçıraq erası başa çatmaq üzrədir:  “Əvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bəzi insanlar tərəfindən keçmişin yadigarları hesab edilir. İndi müasir işıqlar, tam modern formalar dəbdədir. Gənclərin seçimi əsasən, sadəlikdən yana olur, yaşlı nəsil isə klassikaya meyl edir”.

Evinizin makiyajı

İşıqlandırmanı evin makiyajına da bənzədir mütəxəssislər. Evin gözəl görünməsi onun “makiyaj”ından asılı olur. Hesab edilir ki, çilçıraqlar evinizin ümumi üslubunu dəyişdirməyin ən asan vasitələrindən biridir. Bəs biz istədiyimiz çilçırağı alıb, istənilən otağa quraşdıra bilərikmi?
Mütəxəssislər deyir ki, salon üçün çilçıraq seçəndə diqqət edilməli olan əsas məqam seçiminizin salonu nə dərəcədə doldurmasıdır. Çünki salonlar əsasən evin ən böyük sahələri olur. Buna görə işıqlandırma yaxşı olmalıdır.

Mətbəx üçün çilçıraq seçərkən mətbəxdən necə istifadə edəcəyinizi nəzərə almalısınız. Mətbəxlər müasir dövrdə yalnız yemək bişirmək, yaxud tək qadınların istifadə etdiyi məkan deyil. Ona görə mətbəxin işıqlandırılması da mühüm məsələdir. Mətbəxlər buxar və rütubətin ən çox cəmləşdiyi yerlərdir. Bu səbəbdən çılpaq lampalar şəklində olan çilçıraqlar mətbəxə uyğun deyil.

Uşaq otağında çilçıraq seçiminə gəldikdə isə, burada parlaq işıqlardan istifadə etmək düzgün deyil: “Gün işığını idarə edə biləcək şəkildə çilçıraq seçmək lazımdır. Uşaqlar, xüsusən də yeni doğulmuş körpələr günün çox hissəsini yatmaqla keçirdikləri üçün daha qaranlıq mühitə ehtiyac duyurlar. Bu səbəbdən uşaq otaqlarının bir az qaranlıq olması daha uyğundur”.

 

Səhv çilçıraq seçiminin fəsadları nədir? 

Elektrik mütəxəssisi Azad Qeybullayev deyir ki, çilçıraq alınanda əsas diqqət edilməli olan məqam patronlarıdır: “Patronlar plastmas deyil, keramik (farfor) olmalıdır. Lampanı bağlayanda qızma verməməlidir. Qızma verdikdə, bir ay müddətində lampa yanır. Nəinki lampa, açıb baxanda görürsən ki, patronun yeri də yanıb. Çilçıraq tavana bağlananda diqqətli olmaq lazımdır. Bəzən ağır çilçırağı alçipandan asırlar. Belə olduqda müəyyən vaxtdan sonra çilçıraq insanların başına düşə, ciddi fəsadlar yarada bilər”.

Çilçıraqlar evdə yanğına səbəb ola bilərmi?

“Səhv bağlanan çilçıraq evdə yanğına səbəb ola bilərmi?” sualını verdikdə isə, mütəxəssis belə hadisələrlə dəfələrlə rastlaşdığını bildirir: “Məsələn, çilçırağı bağlayanda kabellərlə zərif davranılmır, dartılır, yaxud kabel yerinə düzgün yerləşdirilmir. Kabel çox dartılanda sıyrılır və korpusa toxunur. Müəyyən vaxtdan sonra yaranan qığılcımlar alışma verib, yanğına səbəb ola bilər”.
Son vaxtlar LED işıqlardan istifadəyə gəldikdə isə, mütəxəssis vurğulayır ki, onlar daha təhlükəsizdir: “Ledlər müəyyən lampalara görə yaxşıdır. Çünki onlar istiliyi çox sevmir və qızma vermir. Adi lampalar öz ölçülərinə görə güclü qızır, patronları tez sıradan çıxarırdı. Ona görə də farfor patronlar istehsal edildi ki, qızmaya dözə bilsin”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir