17 may 2025-ci il tarixində Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Reha Təlim Tədris Mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə “Dəyərlər işığında” layihəsi çərçivəsində “Ailə və Cəmiyyət” mövzusunda əhəmiyyətli konfrans baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin anılması ilə başlayıb. Rəsmi açılışı Reha Təlim Tədris Mərkəzinin rəhbəri İlhamə Axundova edib. O, inklüziv təhsil mütəxəssisi Zivər Xanlarovanın bu layihəsinin məqsədinin təhsildə və cəmiyyətdə inklüzivliyin inkişafına yönəldiyini vurğulayıb. Zivər Xanlarova çıxışında inklüzivliyin təhsil qanunlarımızda əsas prinsiplərdən biri olduğunu və bunun cəmiyyətin inkişafı baxımından böyük önəm daşıdığını qeyd edib.
Konfransda ailə institutunun möhkəmləndirilməsi, hüquqi məsələlər, təhsil, selektiv abort problemi, sosial məsuliyyət, gender bərabərliyi mövzuları və inklüziv yanaşmanın əhəmiyyəti müzakirə olunub.
Millət vəkili Ceyhun Məmmədov ailə dəyərlərinin qorunmasında dövlətin rolundan bəhs edib və mövzu ilə bağlı gənclərə dəyərli tövsiyələrini verib.
Müxtəlif sahələri təmsil edən peşəkar spikerlər – həkim mama-ginekoloq Elnarə Məmmədova, yazıçı və gender bərabərliyi təlimçisi Təbriz Qasımov, ailə məsləhətçisi və yazıçı Pərvin Nəsirsoy, hüquqşünas Rəna Arzumanlı, həmçinin tərcüməçi yazar Fərid Abdullah bu mövzularda fikirlərini bölüşüblər.
Eyni zamanda hüquqşünas Nicat Nağıyev, pedaqoq Aysel Arastunqızı, ilahiyyatçı Samir Ağayev və tədbirdə iştirak edən SDU-nun müəllim və tələbə heyətindən Pərviz Cəfərov, Xanəhməd Həsənov da çıxış edərək ailə və cəmiyyət münasibətləri barədə fikirlərini bölüşüblər.
Şəhid Həsənquliyev Səbuhi Əlixan oğlunun anası Mayisa xanım düşündürücü çıxış edib.
Tədbirin bədii hissəsində bədii qiraətçi Anar Atakişi çıxış edərək, həmçinin səhnədə çıxış edən əlilliyi olan və olmayan gənclərə də dəstək olub. Gənc tarzən Fərid Abuşov, SDU tələbəsi Murad Hümbətov, Nuray Əlizadə və balaca istedad Vüsal İsmayılovun çıxışları tədbirə rəngarənglik qatıb.
Tədbirin aparıcılığını isə xüsusi pedaqoq, metodist Aygün Qasımova uğurla həyata keçirib. Təşkilatçılar bütün qonaqlara, spikerlərə və iştirakçılara təşəkkürlərini bildiriblər.
Bu cür tədbirlər cəmiyyətin ümumbəşəri və milli-mənəvi dəyərlər əsasında inkişafına xidmət edir.