muharibe

Dünyada baş verən ən mənasız müharibələr

Baxış sayı: 661

Emu müharibəsi

Emu Avstraliyada yaşayan və uça bilməyən bir quş növüdür. Avstraliyanın qərbində yaşayan  emular fermerlərin təsərrüfat sahələrinə ciddi ziyan vururdular.  Ərzaq və su qıtlığına səbəb olan emulara qarşı Avstraliya  hökuməti müharibə elan edir. 1932-ci ildə başlayan  bu mənasız müharibə bir həftə davam etdi. Bir həftə ərzində əli avtomatlı dəstələr bu quşları ovlayırdılar. Bu zaman ərzində 2500 Emu quşu öldürülmüşdü. Bundan sonra əsgərlər demək olar ki, müdafiəsiz olan quşları öldürməkdən imtina etdilər.

 

Ən uzun çəkən müharibə

1651-ci ildə Hollandiya Silli adasına müharibə elan etdi. Adı çəkilən ada Böyük Britaniyanın cənub-qərb sahilində yerləşir. Müharibənin nəyə görə başladığını heç kəs bilmir. Bir nəfərin belə ölümünə səbəb olmayan bu müharibə 1986-cı ildə başa çatdı və  dünyanın ən uzun müddət davam edən müharibəsi kimi tarixə düşdü.

 

Donuz və kartof müharibəsi

Müharibə 1859-cu ildə  ABŞ və Britaniya hakimiyyətinin sərhədində yerləşən San Xuan adalarında bir donuzun öldürülməsi səbəbindən başlamışdı. Müharibə zamanı yeganə itki donuzun ölümü idi  və  bu müharibə ABŞ-ın  tarixinə qansız müharibə kimi daxil olub. ABŞ və Böyük Britaniya sərhədləri müəyyən edə bilmirdilər. 1846-cı ilin  iyun ayında  Oreqan müqaviləsi sərhədləri təyin etmişdir. 1856-cu ildə Oreqan müqaviləsinin şərtlərinə uyğun olaraq amerikalı fermerlər San-Xuan adasında yaşayırdılar. Bir dəfə fermerlərdən biri bostanında bir qara donuzun eşələndiyini və kartof sahəsinə girdiyini görür. Bu hadisə bir neçə dəfə təkrarlanır, fermer donuzu güllələyir. Donuz irlandiyalı fermerə məxsus imiş. İki fermer arasında mübahisə yaranır. Amerikalı fermer vurduğu donuza görə, irlandiyalı fermerə kompensasiya üçün 10 dollar təklif edir, amma irlandiyalı fermer bununla razılaşmır  və ondan  100 dollar istəyir. Amerikalı fermer kompensasiya verməkdən imtina edir. Britaniya nümayəndələri onu həbs etməklə hədələyirlər. Amerikalı fermer isə bu mübahisəyə görə öz dövlətinə müraciət edir. Beləliklə, iki dövlət arasında konflikt yaşanır.  1872-ci ildə müharibə Amerikanın xeyrinə həll edilir.

 

Taxta vedrə döyüşü

Bildiyimiz kimi əvvəllər İtaliya  müxtəlif  xırda şəhər-dövlətlərdən ibarət idi. 1325-ci ildə Modena əsgərləri Bolonyaya etdiyi hücum zamanı oradakı quyulardan birinə aid olan taxta vedrəni oğurlayıblar. Adi bir vedrə iki şəhər-dövlət arasında 12 il davam edən müharibəyə səbəb oldu. Həmin o “vedrə” bu gün də Modenadakı muzeydə saxlanılır.

 

Futbol müharibəsi

1969-cu ildə Honduras və Salvador arasında futbol matçı baş tutdu. Salvador komandası Hondurasa məğlub oldu. Bu məğlubiyyət iki ölkə arasındakı gərgin münasibətlərin səbəbi oldu. İyun ayının 14-ü məğlub olan tərəf  Honduras ərazisinə soxuldu. Müharibə 4 gün davam etdi və   Amerika Dövlətləri Təşkilatının məsələyə qarışması ilə sona çatdı. Cəmi 4 gün ərzində davam edən müharibədə  3 min nəfər həlak oldu. Ölən insanların əksəriyyəti Hondurasın dinc sakinləri oldu.

 

Paraqvay hamıya qarşı

Paraqvay Prezidenti  Fransisko Solano Lopes özünü çox gözəl sərkərdə hesab edirdi və özünü Napoleondan da üstün tuturdu. Lopes gücünü  nümayiş etdirmək üçün 1864-cü ildə eyni anda Argentina, Braziliya və Uruqvaya müharibə elan etdi. 6 il davam etmiş dünyanın ən mənasız müharibəsində 400 mindən çox insan həyatını itirdi. Paraqvay demək olar ki, 90% kişi əhalisini   itirdi.

 

Ən qısa müharibə

1896-cı ilin avqustun 17-də  Birləşmiş Krallıq və Zənzibar arasında müharibə başlayır. Bu müharibə cəmi 38  dəqiqə davam edir. Müharibənin başlamasına səbəb isə Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. Bu müharibədə Sultan  Xalidin 500 tərəfdarı öldürülmüşdü və bir britaniyalı dənizçi yaralanmışdı.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir